“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert

“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert
  29 May 2018    Oxunub:6325
Mayın 26-sı və 27-də keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında ibtidai sinif müəllimləri arasında 60 test tapşırığından 4 bal toplayanlar olub.
AzVision.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspert imtahan zamanı təəssüfləndirici bir neçə halın baş verdiyini qeyd edib.

“Birincisi, müəllimlər imtahana gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri gətirmirlər. İkincisi, müəllim olmalarına baxmayaraq, imtahana əlavə köməkçi vasitələr, "şparkalka", konspektlər keçirməyə, ətrafdan kömək almağa, köçürməyə cəhd edirlər. Ən təəssüfləndirici hal isə onların göstərdikləri imtahan nəticələri ilə bağlıdır. Müəllimlər arasında, əsas da ibtidai sinif müəllimləri arasında 4-5-6 bal toplayanlar var. Maksimum nəticə - 60 bal toplayan yoxdur. Ən yüksək nəticəni hələki, İsmayıllı rayonundan bir müəllimə göstərib, 58 bal”.

Qeyd edək ki, mayın 26-dan başlayaraq yenidən müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə start verilib. Bu imtahanda əvvəlki illərdə iştirak etməyənlər və ya az bal toplayanlar iştirak ediblər. İlk olaraq İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may tarixlərində keçirilib. Digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may – 2 iyun tarixlərində keçiriləcək. Bu imtahan 90 dəqiqə davam edir və iştirakçılara ümumilikdə 60 test tapşırığı təqdim olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər: Kamran-Əsədov   Müəllim   İmtahan  





Xəbər lenti