DİM Azərbaycan dilindən imtahan keçirir

DİM Azərbaycan dilindən imtahan keçirir
  10 İyun 2018    Oxunub:1650
Bu gün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək.
AzVision.az xəbər verir ki, imtahan Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə, 4 imtahan mərkəzində aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

imtahana buraxılış vərəqəsini;

şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər icazə vəsiqələrini və pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, abituriyentlərə imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.

İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında ) 1359 (264+1095) abituriyentdən 691(99+592) nəfəri oğlan, 668 (165+503) nəfəri qızdır. 976 (238+738) abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 383 (26+357) nəfər isə əvvəlki illərin məzunlarıdır.

Ümumilikdə, Bakıda 1354 , Naxçıvanda 5 abituriyentin imtahan verməsi nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 108 nəzarətçi-müəllim ayrılıb.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti