Əbülfəs Qarayev özbəkistanlı həmkarı ilə görüşüb

Əbülfəs Qarayev özbəkistanlı həmkarı ilə görüşüb
  19 İyun 2018    Oxunub:12933
İyunun 19-da mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Özbəkistanın mədəniyyət naziri Baxtiyar Sayfullayevlə görüşüb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə Əbülfəs Qarayev Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı sabah Naxçıvanda keçiriləcək təntənəli mərasimdə iştirak etmək dəvətini qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirib. Nazir özbəkistanlı həmkarının Azərbaycanın dilbər guşəsi olan Naxçıvana səyahətindən məmnun qalacağına əminliyini bildirib. Vurğulanıb ki, Azərbaycanın regionları ilə tanışlıq qonaqlarda ölkəmiz, həmçinin respublikamızda baş verən sosial-iqtisadi və mədəni inkişaf haqqında daha dolğun təəssürat yaradacaq.

Ölkələrimiz arasında qarşılıqlı mədəni əlaqələrin davamlı inkişafını diqqətə çatdıran Əbülfəs Qarayev deyib: “Biz indi yeni bir mərhələdə əlaqələrin bərpasına və inkişafına qədəm qoymuşuq. Mədəni əməkdaşlığımızı yeni formatda davam etdirməli, dost ölkələrimiz arasında mədəni əlaqələrin bundan sonra da inkişafını təmin etməliyik. Xalqlarımızı birləşdirən qədim tarixi köklər hər zaman bu münasibətlərin dinamik inkişafını təmin edib”.

Özbəkistanın mədəniyyət naziri Baxtiyar Sayfullayev səmimi qəbula görə təşəkkürünü bildirərək, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlərdə iştirakından məmnunluğunu bildirib. Diqqətə çatdırılıb ki, Özbəkistan həm beynəlxalq təşkilatlarla, həm də qonşu dövlətlər, xüsusilə türkdilli ölkələrlə hərtərəfli əlaqələrin qurulmasında maraqlıdır. O, Özbəkistan rəhbərliyinin də bu əlaqələrin inkişafı üçün səy göstərdiyini vurğulayıb.

Əbülfəs Qarayev qonağa Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, İSESCO və TÜRKSOY ilə reallaşdırılan birgə layihələr haqqında məlumat verib.

Görüşdə ikitərəfli mədəni əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb.

AzVision.az


Teqlər: Əbülfəs-Qarayev  





Xəbər lenti