Məşhurlar harada dincəlir? - Biri Yaltada, digəri Antalyada
AzVision.az tanınmış sənət adamları arasında sorğu keçirərək bu suala cavab tapmağa çalışıb.
Aktrisa Firəngiz Mütəllimova hara gedəcəyinə qərar verməyib: “Bilmirəm, bu barədə planım yoxdur. Hələ bu ayın 14-nə qədər işləyirik. Məzuniyyətə çıxandan sonra bir şey fikirləşərəm”.
Aktrisa Sənubər İsgəndərli də həmkarı kimi tətillə bağlı plan qurmayıb: “Mən heç yerə getmirəm, hələ bağdayam. Hara gedəcəyim barədə fikrim yoxdur. Çünki burada işlərim var, gedə bilmərəm”.
Əməkdar artist Mehriban Xanlarova istirahətini bölgələrimizdə keçirmək niyyətindədir: “Məni sevən fanatlarımın yanında olacağam”.
Tarzən Ramiz Quliyev isə işlərinin bitməsini gözləyir. “İmtahanlar bitəndən sonra baxacağıq ki, hara getmək və necə keçirmək olar. Neçə gündür ki, istilərə görə kondisionerin yanındayıq. Havalar düzələndən sonra bir şeylər fikirləşərik”.
Muğam ifaçısı Babək Niftəliyev ölkə ərazisində dincəliyini deyib: “Bu istilərdə istirahətimi Gəncə bölgəsində - Hacıkənddə, Toğanada, Göygöldə keçirirəm. Mənim üçün əsas dağdır”.
Müğənni Abbas Bağırovun ölkədən çıxmaq planı yoxdur: “Yayı Azərbaycanda, bölgələrimizdə keçirirəm”.
Müğənni Könül Kərimova yay tətilini ölkə xaricində keçirəcək: “Ailəmlə birlikdə Antalyada olacağam. Eyni zamanda rayonumuza da gedəcəyəm. Vaxtım qaldıqca hər yerə getmək istəyirəm”.
Xanəndə Canəli Əkbərovun dediyinə görə, o, bir az uzağa gedəcək. “Ailəmlə birlikdə Yaltada dincələcəyəm”.
Xalq artisti Bilal Əliyev yay aylarında Bakıda olacaq: “Xəstəm var deyə, heç yerə getmirəm, Bakıda olacağam”.
Xanəndə Alim Qasımov evdə qalmağı üstün tutur. “Sağlıq salamatlıq, əmin-amanlıq bizim istirahətimizdir. Bakıda olacağıq, Bakını hər şeydən üstün tuturam”.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Məşhur Aktrisa Müğənni İstirahət