Azərbaycan millisi Rusiyaya qarşı

Azərbaycan millisi Rusiyaya qarşı
  16 Oktyabr 2013    Oxunub:1530
Bu gün DÇ-2014-ün seçmə mərhələsində sonuncu oyunlar baş tutacaq.
Azvsison.az xəbər verir ki, F qrupunda yer alan millimiz şimal qonşumuz olan Rusiya ilə qarşılaşacaq. Komandalar arasında keçirilən ilk oyunda Rusiya yığması minimal hesabla qalib gəlib. Görüş saat 22:00-da 8-ci kilometr stadionunda start götürəcək.

F qrupu
22:00. Azərbaycan – Rusiya
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Corceviç, Boşko Yovanetiç (Serbiya).

Bu oyunda milli komandamız qələbə qazanacağı təqdirdə həm sonuncu pillədən qurtulmuş olacaq, həm də tarixində ilk dəfə qrup mərhələsində 11 xal toplayacaq. Millimiz 2012-ci ildə oktyabrın 16-da səfərdə baş tutan ilk oyunda Rusiya yığmasının qarşısında 84 dəqiqə tab gətirsə də, Roman Şirokovun penaltidən vurduğu qolla minimal hesabla məğlub olmuşdu. Bu gün isə meydan və azarkeş amili yığmamızın tərəfindədi. Bunu nəzərə alaraq komandamızdan qələbə gözləmək olar. Millimizin kapitanı Rəşad Sadiqov rəqibin hücum futbolu oynayacağı qənaətindədir.

Qrup lideri olan Rusiya yığmasını isə millimizlə oyunda yalnız qələbə qane edir. Rusiya millisi çox vacib 3 xalını qazanmaqla adını qrup lideri kimi birbaşa final mərhələsinə çıxmış xoşbəxt komandalar sırasına yazdırmaq istəyir. 12 ildən sonra məqsədlərinə çox yaxın olan Şimallılar bu fürsəti qaçırmaq istəmirlər. Rəqib millimizlə oyuna köklənsə də ehtiyat edir. Çünki Azərbaycan yığması hər zaman ruslar üçün sıradan olan bir rəqib olmayıb.

Rusiya yığmasının baş məşqçisi Fabio Kapello ancaq qələbə uğrunda yarışacaqlarını deyir: “Uşaqlarla oyun haqqında danışmışıq. Bizə bir nəticə lazımdır. Bu da qələbədir. Heç-heçə bizi qane etmir. Hər oyuna həyəcanla yanaşırıq. Çalışırıq ki, bu həyəcanı meydanda əks etdirməyək. Hamıya necə, Azərbaycanla matça da eyni cür hazırlaşmışıq”.

Rusiya futbol ittifaqı oyun zamanı qalmaqalın baş verməsi ehtimalını nəzərə alaraq rusiyalı fanatlara özlərini Bakıda yaxşı aparmalarını tövsiyə edib. Rusiya futbolunun başbilənləri 4 il əvvəl dünya çempionatının seçmə mərhələsində Bakıda keçirilmiş qarşılaşmada azarkeşlər arasında baş vermiş insidenti unutmayıblar. Rusiya futbol ittifaqı bir daha FİFA-nın qara siyahısına düşməmək üçün fanatları yığmanı vacib oyunda ədalətli oyun prinsipləri ilə dəstəkləməyə çağırıb.


Teqlər:  





Xəbər lenti