Nəqliyyatda qiymətlərin qalxması niyə qaçılmaz idi – TƏHLİL

Nəqliyyatda qiymətlərin qalxması niyə qaçılmaz idi – TƏHLİL
  31 İyul 2018    Oxunub:25365
Tarif Şurası tərəfindən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə təsdiq edilən yeni qiymətlərin əslində xeyli gecikmiş addım olduğunu desəm, yanılmaram. Bəli, istənilən halda bu və ya digər sahədə qiymət artımı əhalinin, başqa sözlə desəm, alıcı və ya xidmətdən istifadə edən təbəqənin narazılığı ilə qarşılanır və qarşılanmalıdır da... Lakin hər bir hadisənin və addımın əsası var. Xüsusən də, söhbət qiymət artımından gedirsə... Özü də dövlət tərəfindən tənzimlənən qiymətlərdən.
İçtimai nəqliyyatda, konkret desəm, avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi sonuncu dəfə 11 il bundan qabaq - 2007-ci ilin 6 yanvar, metroda isə 7 il qabaq, - 2011-ci ilin 24 noyabr tarixində artırılmışdı.

Ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artmasını, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələri və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi məsələsini, xidmət səviyyəsinin yüksəlməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişlənməsi, habelə metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması istiqamətində görülən tədbirləri qoyuram kənara... Çünki bunlar, sözügedən sahəyə dair əsaslandırmalardır. Ancaq, nəqliyyat sektoru həm də iqtisadiyyata aid bir sahədir axı. Başqa sözlə desəm, iqtisadiyyatın bir qoludur və özü də ən mühüm qolu. Odur ki, ümumən iqtisadiyyatda baş verən dəyişiklik amillərini də nəzərə almalıyıq. Bunlar hansılardır?

Birincisi, xatırladım ki, 2015-ci ildə 2 dəfə devalvasiya baş verdi. Mərkəzi Bank manatın üzən məzənnə rejiminə buraxıldığını elan etdi. Manatın dollara nisbətdəki kursu bundan yalnız 2 il sonra, yəni 2017-ci ildə sabitləşdi. 1 il əvvəl, yəni 2016-cı ildə isə, daha 15%-ə yaxın ucuzlaşmışdı. Sözün qısası, 2015-ci ilin fevralın 21-nə kimi məzənnə 0,78 qəpik səviyyəsində idisə, indi xeyli müddətdir 1,70 qəpikdir.

Qeyd edim ki, buna uyğun olaraq, əslində, bütün sahələrdə qiymətlər qalxdı. Hələ 2-3 il öncə olaraq. Sadəcə olaraq, qiymətlər tənzimlənən sahələrdə hökumət bahalaşma təzyiqini "sıxıb" saxladı. Çünki əhalinin qiymət artımlarına həssas təbəqəsinin sosial vəziyyətini nəzərə aldı və dövlət büdcəsinin ziyanına da olsa, sözügedən qrupun iqtisadi maraqlarının müdafiəsini təşkil edə bildi.

Halbuki, ikirəqəmli inflyasiya şəraitində bu, hər hökumətin bacarağı iş deyildi. Xatırladıram ki, keçən ilin sosial-iqtisadi yekunları sırasında ən mənfi cəhətlərdən biri inflyasiyanın yüksək, yəni 12,9% qeydə alınması oldu. Və bu, yəni, inflyasiya amilinin ikirəqəmli səviyyədə qeydə alınması çox böyük təəssüf doğurdu.

İkincisi, 2015-ci ildən sonra ölkədə enerji daşıyıcılarının da ttariflərində dəyişikliklər baş verdiyi yaddan çıxarılmamalıdır. Sonuncu dəfə keçən ilin iyul ayının ortasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edildi. Düzdür, dizel yanacağı hələ ki bahalaşmayıb. Lakin Tarif Şurasının qərarı ilə 2016-cı il iyulun 15-dən elektrik enerjisi qiymətində edilən artım ilə 1 kilovat-saat elektrikin topdan satış qiyməti 4,3, pərakəndə satış qiymətisə 7 qəpik müəyyən edildi. Həmçinin həmin ilin dekabrında növbəti dəfə edilən dəyişikliklə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmaqla, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirildi.

Odur ki, sual edirəm, bütün bunların müqabilində metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifinin 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilməsi ciddi artımdırmı?! Sözsüz ki, yox.

Ümumiyyətlə, Tarif (qiymət) Şurasının ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə təsdiq etdiyi yeni tariflər həm vaxtın seçimi, həm də artım faizi baxımından çox effektli və əhalinin qiymət artımlarına həssas təbəqəsinin sosial vəziyyətinin müdafiəsi təşkili nöqteyi-nəzərindən çox düzgün və düşünülmüş qərardır.

Girişdə yazdım ki, bu, xeyli gecikmiş addımdır. Ancaq yeni dərs mövsümü və ümumiyyətlə, "qaynar həyatın" başlanmasına hələ xeyli qalmış, yəni yay ayında belə bir qərarın verilməsi olduqca vaxtında atılan addımdır.

Və sonda... İqtisadiyyat elə bir sahədir ki, burada heç nə sabit olaraq qalmır. Təklif və tələb nisbəti daim dəyişir, inkişaf edir... O cümlədən, qiymətlər də ən geci hər 5-6 ildən bir dəyişir və artır. Yəni, bu, qaçılmaz bir prosesdir. Söhbət, hələ tənzimlənən qiymətlərdən gedir. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində isə bu cür qiymətlərin sayı ümumiyyətlə az olur və yaxud heç olmur. Nəqliyyat sektorumuz bütövlükdə özəl şirkətlərin dəstəyi və diqtəsi ilə idarə olunsa idi, qiymətlər hər il qalxacaqdı...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti