Hüseyn Arifin məclisində - Murad Köhnəqala yazır

Hüseyn Arifin məclisində - Murad Köhnəqala yazır
  29 Avqust 2018    Oxunub:16229
Qazaxa səfər eləmişdim. Ağstafadan keçəndə sevimli şairimiz Hüseyn Arifin ev muzeyini ziyarət eləmək qərarına gəldim. Bizi muzeyin rəhbəri Hürü xanım Namazova qarşıladı. Yaşıllıqla əhatələnmiş həyətə girdik. Həyətin sağında Hüseyn qağanın nə vaxtsa yaşadığı köhnə evi, sağında isə muzey yerləşir.
Muzeyin girəcəyində Qağanın portretini görən kimi istər-istəməz canıma pozitiv enerji yayıldı. Həyatda onunla iki dəfə eyni məclisdə olmuşam. İmkan daxilində, həmin məclisin birindən bir neçə epizod danışacağam.

Demək, doxsanıncı illərin əvvəlləri idi, Güneydən çoxlu sayda soydaşımız “zülm əlindən qurtularaq” bizim ölkəyə axın eləyirdi. İlkin gələnlərin arasında yaradıcı adamların sayı daha çox idi. Onlar özlərinə azadlıq simvolu seçdikləri Hüseyn qağa ilə çox maraqlanırdılar. Məclislərdə Qağanın əhvalatlarından danışıb birgə şənlənirdik. Deyim ki, Qağanın baməzə əhvalatlarını güneyli qardaşlarımız bizdən daha çox bilirdilər. Haqqında heç biz eşitmədiyimiz lətifələr danışırdılar.

Bir gün Güneydən gəlmiş şair dostum Əlirza Miyanəli mənə dedi, Qağanı tap, onunla birgə bir məclis quraq. Həmin ərəfələrdə Hüseyn Qağa “Aşıqlar Birliyinin sədriyəm” deyibən başını orda-burda girələyirdi. Onun Yazıçılar Birliyinə bitişik binada yerləşən ofisi (sonralar həmin binada Türkiyənin ölkəmizdəki səfirliyi yerləşdirildi) “Səadət” sarayı tərəfə köçürülmüşdü. Buna görə Qağanı tapmaq biraz müşkülə çevrilmişdi. Nə başınızı ağrıdım, dostum Zirəddin Qafarlının köməkliyi ilə qağanın məskunlaşdığı yeri tapdıq. Qədim, hündürtavanlı binanın ikinci mərtəbəsində özünə balaca bir kabinet düzəltmiş Qağanı “iş yerində” haqladıq. Otağında bir neçə laxlayan stol-stul, köhnə kitab rəfi və paltar şkafı vardı. Hiss elədim ki, aşıq-maşıq gəlməyən bu toz basmış binaya Qağanın özü də ayda-ildə bir dəfə gəlir.

Gəlişimizə xeyli sevindi. Eşidəndə ki, onunla Cənublu qardaşlarımız maraqlanırlar, dedi:
- CanıN üçün, iki şair var, biri Şəhriyardı.
Dedim, qağa, bəs o birisi kimdi?
Dedi, ayə kim olajax, özüməm, dana!
Bu yerdə onun ən yaralı yerinə toxundum, dedim, bəs, Səməd Vurğun?

Dərhal cavab verdi: “Vurğun heç, danaa!” Yəni, Vurğun şairlikdən də üstün bir adamdı. Nə isə, Qağanı maşına oturdub içəridə aşığı olan “Ocaq” adlı kafeyə gətirdik. Burda bizi Əlirza Miyanəli, onun güneyli dostları və əziz dostum Əhməd Oğuz gözləyirdi. Qağa ilə görüşüb tanış olduqdan sonra onu ehtiramla stolun baş tərəfində oturtdular.

Bir az keçmişdi ki, ilkin məzəli əhvalat başladı. Qağadan soruşdular, yeməyə nə istəyirsən, ürəyindən nə keçir? Qağa, əlində dəftər-qələm başımızın üstünü kəsdirən süfrəçidən soruşdu ki, xəngəl verirsinizmi? O da cavab verdi ki, bəli, hər cür xəngəlimiz var. Qağa dedi, onda xəngəl lazım döyül. Bu yerdə hamımızı gülmək apardı. Sonra soruşdu:
- De görüm, özgə nə var?
Süfrəçi menyuda olan yeməkləri bir-bir sadaladı. Qağa dedi, təzədən yavaş-yavaş say görüm, nəyin var. Cavan süfrəçi səbirlə yeməklərin adını sadalayırdı: lüləkabab, tikəkabab, tabaka, dolma, piti, qreçka, basdırma, balıq ləvəngisi, balıq kababı, salatlar...

Süfrəçi sadaladıqca Qağa deyirdi, ondan da gətir, bundan da gətir. Birazdan bütün stolun üstü müxtəlif yeməklərlə doldu. Arxasınca aşığı çağırıb dedi, bir şey oxuya bilirsənmi? Aşıq əmirə müntəzir şəkildə durub: “Bacardığımızdan oxuyarıq, ay Qağa!” dedi.

İndiyədək yadımdadı, aşığın adı Bəhmən, özü də Kəlbəcər qaçqını idi, xoş səsi vardı. Qağa dedi, bir “Dilqəmi” oxu. Aşıq “baş üstə” deyib, başımızın üstündə hərlənərək özünü öldürür, “Dilqəmi”ni zarıyırdı. Baxdım ki, Qağa ona heç qulağının ucu ilə də qulaq asmır, elə məclisdəkilərlə söhbətləşir.

“Əə, əlli-əlli süzün görək!”- deyən kimi badələr doldu. Süfrəyə bu qədər sifariş eləyən Qağa birinci qədəhin üstündən nəsə yeməyi “unutdu”. İkincidən sonra ağzına bir dilim turşu apardı. Üçüncüdə yenə heç nə yemədi. Qağa, beləcə, heçnəsiz içdikcə düşünürdüm, balam, bəs bu kişi stolun üstünü müxtəlif yeməklərlə niyə doldurtdurdu?

Arada onun haqda gəzən baməzə əhvalatları xatırladıb, “Qağa, belə şey olubmu?”- deyə soruşurduq. O da xoşuna gələn əhvalat haqda “oluf, canıN üçün!” deyir, xoşuna gələn olmayanda bic-bic gülüb, “hamısını İsmeil (İsmayıl Şıxlı) düzəldib, canıN üçün!” deyirdi.

Qağanın halı durulub, baməzəliyi tutan vaxtda dedi, bəs xəvəriniz varmı, kişi əldən gedir? Dedik, kimi deyirsən, ay Qağa? Dedi, o gün İsmeil mənə zəng eləyib deyir, ayağımın biri 42, biri 45 razmer olub. İndi özümə nətəri ayaqqabı alım, hərəsindən bir cüt, yoxsa?.. Dedim, ay hərif, niyə o qədər xərc çəkirsən? Get mağazaya, bir tay 42 razmer, bir tay da 45 razmer əəqavı al, çıxıb getsin!

Bu incə zarafatı ilə İsmayıl Şıxlıdan “heyif çıxdıqdan” sonra, Qağa təzədən söhbətə başladı:
- Səmədin bir qardaşı vardı, Mehdixan! Tamam piyada idi, haa, canıN üçün! Mən cavan olsam da onlardan çox zəkalı idim, canıN üçün. Universitet məllimiydi, a kişi! Bir gün Mehdixan zəng eləyib məndən nə soruşsa yaxşıdı? A Söyün, genə sən yaxşı bilərsən, qamsamol (komsomol) yekədi, yoxsa qaminist (kommunist)? Gör, nəyi bilmirdi haa! Beləcə soruşdu, canıN üçün, tamam piyada idi, canıN üçün!

Biz də gülüşüb soruşduq ki, bəs sən necə cavab verdin, ay Qağa? Qağa, öz adəti üzrə, hamımızın üzünə bir-bir baxdıqdan sonra belə dedi:
- Əə, olmaya siz də bilmirsiniz? Birinci qamsamola keçmirdikmi? Başda qamsamol gəlirsə, böyük də odu, dana!

Qağa danışdıqca anlaya bilmirdim, bu müdrik qoca Mehdixan məllimi dolayıb, indi bizi dolayır, yoxsa elə ağlı belə kəsir.

Bu cüssəsiz qoca arada kövrəlib bizi bir-bir bağrına basaraq “Hamınız mənim üçün Arifsiniz!”- deyib ağlayırdı. Bütün məclis boyu, şamanlar kimi bizi gah güldürdü, gah da ağlatdı.

...Hürü xanımla muzey haqda söhbətləşdik.
- Hürü xanım, adətən, məşhurların ev muzeylərinə doğmaları rəhbərlik eləyir. Siz şairin nəyisiniz?
- Bildiyiniz kimi Hüseyn Arifin iki qızı, bir oğlu olub. Səhər, Zöhrə, bir də Arif. 20 yaşında dünyasını dəyişən Arifin ölümü ona dağ çəkib. Səhər xanım da 2008-ci ildə rəhmətə getdi. Zöhrə xanım isə öz ailəsi ilə Bakıda yaşayır. 2002-ci ilə qədər muzeyə şairin həyat yoldaşı Məleykə xanım rəhbərlik edib.
- Muzey neçənci ildən fəaliyyətdədi?
- Muzey 1993-cü il, fevralın 5-dən Hüseyn Arifi sevənlərin üzünə açıqdır. Burada təxminən iki minə yaxın eksponat nümayiş etdirilir. Onların yarısından çoxu şairin şəxsi əşyaları, qalanları isə sonradan hədiyyə edilənlərdi. Burda Hüseyn Arifin müəllifi olduğu 50-yə yaxın kitab saxlanılır.
- Muzeyə, əsasən, kimlər gəlir?
- Necə deyim, hər cür qonağımız olur. Son vaxtlar, kollektiv şəkildə orta məktəb şagirdlərini də gətirirlər. Bina yolüstü olduğuna görə rayonumuza gələn qonaqların əksəriyyəti bizə dəyir.
- Bəs məşhurlardan kimlər gəlir?
- Mən burada rəhbər işləyəndən Zəlimxan Yaqubu, Nizami Cəfərovu, Nəriman Həsənlini, Məmməd Dəmirçioğlunu, Güney Azərbaycandan gələn aşıqları, Ehtiram İlhamı, Elnur Astanbəylini, Hikmət Carçılını, Mövlud Mövludu, Fəridə Ləmanı, Salatın Əhmədlini görmüşəm. Yadıma düşən bunlar oldu.
- Əlbəttə, Hüseyn Arif kimi bir şairin ev muzeyi bəzi muzeylər kimi sükunətə bata bilməz.
- Qətiyyən! Qaldı ki, muzeyin nəzdində olan “Hüseyn Arif ədəbi məclisi” hər həftə fəaliyyət göstərir. Məclisə gənc şair Saqif Qaratorpaq rəhbərlik edir.

Mən muzeydəki eksponatlara toxunur, qağanın enerjisini, ruhunu hiss eləyirdim. Qağanın paltarları arasında mənə ən çox təsir eləyəni çilli kepkası oldu. Həmin kepka bayaq danışdığım məclisdə onun başında görmüşdüm. Bax, belə bir hiss!

Bir də yazı stolunun üstündəki zəngli saat marağımı çəkdi. Ürəyimdə dedim, ay Qağa, bu nə gopdu? Sən, axı, ömrün boyu, bircə dəfə də olsun, harasa dəqiq və vaxtında getməmisən! Zəngli saat hara, sən hara?!..
Nə isə... Şəxsən mən Hüseyn Arifin bütün həyatını bir şeirinin təkcə bu dörd sətrindən duymuşam:
ORMANLAR İÇİNDƏ YORĞUN KÖHLƏNİM
TUFANLAR QOYNUNDA GƏMİM VAR MƏNİM
ÖZGƏNİ GÜLDÜRƏN SÖZÜM-SÖHBƏTİM
ÖZÜMÜ AĞLADAN QƏMİM VAR MƏNİM...

Murad Köhnəqala
AzVision.az üçün


Teqlər:





Xəbər lenti