Opera və Balet Teatrı yeni mövsümə hazırlaşır

Opera və Balet Teatrı yeni mövsümə hazırlaşır
  10 Sentyabr 2018    Oxunub:8589
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 110-cu yubiley mövsümünün açılışına hazırlaşır.
Teatrın mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, mövsüm ənənəvi olaraq sentyabrın 19-da görkəmli bəstəkar Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açılacaq.

Tamaşa bu il 10-cu dəfə keçiriləcək Ü.Hacıbəyliyə həsr edilmiş Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş ediləcək. Səhnə əsərində əsas rolları Əməkdar artist Elnur Zeynalov (Məcnun), gənc muğam ifaçısı Rəvanə Əmiraslanlı (Leyli), Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam) və başqaları ifa edəcəklər. Operanı dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

Festival çərçivəsində, həmçinin sentyabrın 22-də A.Pyatsollanın “Məhəbbət tanqosu” baleti, 23-də isə M.Maqomayevin “Şah İsmayıl” operası təqdim olunacaq.

Sentyabrın 26-da balet həvəskarları Qara Qarayevin “Leyli və Məcnun” və “Don Kixot” baletlərini seyr edə biləcəklər.

Sentyabrın 29-da görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyi şərəfinə Ü. Hacıbəylinin “Arşın mal alan” teatrsevərlərin ixtiyarına veriləcək. Sentyabrın 30-da isə C.Puççininin “İl Tabarro” operası göstəriləcək.

Şəhanə Rəhimli
AzVision.az


Teqlər: Opera   Balet   Teatr  





Xəbər lenti