Ərdoğanın haqqında danışdığı “Lalələr” mahnısının tarixçəsi - VİDEO
AzVision.az bəstəkarı Telman Hacıyev, sözləri isə şair Aslan Aslanov olan mahnının tarixçəsi ilə maraqlanıb.
“Lalələr” in məşhur ifaçılarından biri Rəşid Behbudov olub. Onun adını daşıyan fondun rəhbəri Kamil Şahverdiyev Ərdoğanın sözlərinin həqiqətə uyğun olduğunu bildirib. O, vurğulayıb ki, bu mahnı ərsəyə gəlməzdən öncə el havası formasında insanlar tərəfindən ifa olunurmuş.
“Bu mahnının çox qəribə tarixçəsi var. Doğrudur, tarix tam tədqiq olunmayıb. Amma həqiqətə uyğunluq çoxdur. Türk ordusu Azərbaycana gələndə onlara insanlar tərəfindən el mahnısı həsr olunub. Sonradan Aslan Aslanov bir qədər düzəliş edib və bu mahnını ərsəyə gətirib. Uzun müddət hamı bunu Gəncəyə, gülə -çiçəyə həsr olunmuş mahnı kimi tanıyıb. Çünki SSRİ zamanında heç kim açıb deyə bilmirdi. Mahnının son misrasında Bakı sözü dəyişdirilib, "Nə vaxtdır Rəşidin gözü yoldadır" formasında oxunub. Sovet vaxtı axı bunu kim dilinə gətirə bilərdi?! Mən Gəncənin yaşlı adamları ilə də söhbətləşmişəm. Onlar bildirdilər ki, belə xalq mahnısı olub. Çox məşhur mahnı imiş. Rəşid Behbudov da bu barədə məlumatlı olub”, - deyə K.Şahverdiyev vurğulayıb.
Şahanə Rəhimli
AzVision.az