Valyuta bazarında tarazlıq pozulmayacaq – TƏHLİL

Valyuta bazarında tarazlıq pozulmayacaq – TƏHLİL
  21 Sentyabr 2018    Oxunub:18787
Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Bankın (AMB) təşkil etdiyi hərraclarda bu ilin arxada qalan 8 ayı ərzində bütövlükdə keçən il ərzində satılan valyuta həcmindən 15 %-dən çox ABŞ dollarının satılmasını bəziləri maliyyə bazarımızda mövcud olan sabitlik üçün təhlükə sayırlar.
Halbuki, 2017-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF valyuta hərraclarında 3 milyard 598,12 milyon dollar satmışdı ki, bu da 2016-cı il ilə müqayisədə 1,3 milyard dollar və ya 26,53% az təşkil etmişdi. Cari il ərzində isə ötən yanvar-avqust ayları ərzində ARDNF 4 milyard 244 milyon dollar məbləğində valyuta realizə edib.

Qurumun valyuta hərraclarında bu il ərzində hər ay satdığı valyuta həcminə diqqət yetirsək, onun hər ay artan dinamika üzrə inkişaf etdiyinin şahidi olarıq. Təkcə bir ayın artım tempinə diqqət yetirmək kifayətdir ki, avqustda hərraclar vasitəsilə 733,7 milyon dollar realizə edilibsə, iyul ayında bu rəqəm 536,6 milyon dollar təşkil edib. Bu da avqustda hərraca iyul ayındakından 197,1 milyon dollar artıq dolların satışa çıxarıldığı deməkdir.

Eyni zamanda, banklarda bu il ərzində dollar alış-verişi də artıb. Cari ilin iyul ayında ölkədə fəaliyyət göstərən banklar tərəfindən əhaliyə 189,307 milyon dollar satılaraq, əhalidən 175,342 milyon dollar alınıb. İyun ayı ilə müqayisədə dolların alış və satışı artıb. Belə ki, iyun ayında alış 148,522 milyon dollar, satış isə 167,596 milyon manat olub. Bu da nağd dollar alışının 18,1%, satışının isə 13% artması deməkdir.

Bu il ərzində ölkədə valyuta alışı və satışının, ümumiyyətlə, hərraclarda ABŞ dollarına tələbin yüksək olacağı qabaqcadan bəlli idi. Bunu həm idxalın artacağı, həm ümumi iqtisadi artım tempinin bərpasının sürətlənəcəyi, həm də əhalinin maddi vəziyyətinin nisbətən sabitləşəcəyi faktorlarının proqnozlaşdırılması və sair diqtə edirdi.

Ümumiyyətlə, bəllidir ki, milli valyutamız 2017-ci ildə möhkəmlənməyə, yəni bahalaşmağa başladı. Buna da səbəb neftin dünya bazarlarında qiymətlərinin 2016-cı ilin ikinci yarısından etibarən sabitləşməyə başlaması, keçən ilin yanvar ayından iqtisadi tənəzzüldə dönüşün yaranması, idxalın məhdudlaşdırılması və ölkədən kənara valyuta axınına nəzarətin gücləndirilməsi tədbirlərinin effekt verməyə başlaması, o cümlədən, valyuta bazarımızda mübadilə qaydalarının dəyişdirilməsi, xüsusən də "qara bazarın" və ümumiyyətlə, spekulyasıya elementlərini aradan qaldırmaq məqsədilə banklar üçün müəyyən edilmiş -/+4%-lik marjanın ləğvi və sair oldu.

Lakin manatın məzənnəsinin sabitləşməsində bütün bunlardan da əsas və başlıca səbəb məhz tədiyyə balansında profisitin yaranması oldu. Məlumdur ki, 2015-ci və 2016-cı illər ərzində sözügedən profisit defisitə keçmişdi. Bunun da başlıca səbəbi neftin dünya bazar qiymətlərinin enməsi olmuşdu.

Məsələ bundadır ki, tədiyyə balansındakı bu profisit davam etməkdədir və üstəlik, möhkəmlənir. Cari ilin yanvar-iyun ayları üzrə tədiyyə balansının ümumi profisiti 1,7 milyard dollar təşkil edib ki, bu haqda AMB-in 2018-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikası Tədiyyə balansı hesabatında məlumat verilir. Bu, həm neftin qiymətinin 40% bahalaşması, həm də cari əməliyyatlar balansında yaranan müsbət tendensiyalar hesabına baş verib.

Ümumiyyətlə, Azərbaycan manatının dəyərinin arxasında neftin qiymətinin dayanması bəllidir. Və AMB, ölkədə valyuta bazarını tənzimləyən əsas və mərkəzi qurum olaraq hansı ehtiyatlara malik olursa-olsun, neftin qiymətinin bir “döşəmə” həddi vardır ki, bu da 35-40 dollar civarında sayılır. Və, əgər bundan aşağı düşsə, məzənnəni 3 aydan artıq saxlamaq mümkün deyil. Yeri gəlmişkən, manat keçən ilin fevral ayından sonra 11,5% möhkəmlənmiş, 1 il əvvəl isə, yəni 2016-cı ildə 15%-ə yaxın ucuzlaşmışdı.

Tədiyyə balansında müsbət saldo ona görə möhkəmlənməkdədir ki, xarici ticarətdə ixrac idxalı üstələyir, qeyri-neft sektoru üzrə ölkədən kənara məhsul satışı yüksəlir, neft-qaz sektorunun özündə artım mövcuddur. Elə AMB-nin məlumatına görə də, hesabat dövründə cari əməliyyatlar hesabına müsbət təsir edən xarici ticarət profisitinin 1,4 dəfə, qeyri-neft ixracının 14,1%, neft-qaz sektorunun isə 42,3% artması, xidmətlər üzrə kəsirin isə 2,1 dəfə azalması kimi 1amillər olub.

2018-ci ilin yanvar-iyul ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 969 milyon ABŞ dolları təşkil edib ki, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixrac 114 milyon dollar və ya 13% artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin 7 ayı ərzində Rusiyaya 353 milyon, Türkiyəyə 215 milyon, Gürcüstana 81 milyon, İsveçrəyə 78 milyon və Çinə 29 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Düzdür, göstərilən müddətdə idxal daha çox artıb. Və daxili valyuta bazarında xarici maliyyəyə də tələbin artmasını əsas etibarı ilə bu amil şərtləndirib. Yuxarıda da qeyd etdim ki, bu il ərzində idxalın artacağı, ümumi iqtisadi artım tempinin bərpasının sürətlənəcəyi ilə əlaqədar ölkədə valyuta alışı və satışının, ümumiyyətlə, hərraclarda ABŞ dollarına tələbin yüksək olacağı qabaqcadan bəlli idi. Məsələ bundadır ki, idxalın artmasını məhz ümumi iqtisadi artım tempinin bərpasının sürətlənəcəyi faktoru deməyə əsas verirdi.

Sözün qısası, demək istədiyim budur ki, ARDNF tərəfindən AMB-in təşkil etdiyi hərraclarda bu ilin arxada qalan 8 ayı ərzində bütövlükdə keçən il ərzində satılan valyuta həcmindən çox valyutanın, yəni ABŞ dollarının satılması təbii bir haldır.

Bəli, ilin sonunadək bu, bir az da çox təşkil edəcək. Lakin, maliyyə bazarımızdakı tarazlıq pozulmayacaq. Buna neftin dünya bazarlarındakı qiyməti və bundan da irəli gələrək də, tədiyyə balansında və xarici ticarətdəki vəziyyət imkan verməyəcək.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Manat   dollar   valyuta  





Xəbər lenti