Ulduz layihə: “Star”-ın bizə və Türkiyəyə xeyri nə olacaq – TƏHLİL

Ulduz layihə: “Star”-ın bizə və Türkiyəyə xeyri nə olacaq – TƏHLİL
  22 Oktyabr 2018    Oxunub:28312
Azərbaycanın xaricdə ən çox investisiya qoyduğu ölkə Türkiyədir. Bu da təbiidir. Türkiyə ilə bizi bir çox tellər bağlayır. O cümlədən, qardaş ölkə Azərbaycanın Avropaya çıxışında vacib qapılardan biridir. Ölkəmizə aid bir çox strateji layihələr - kəmərləri və sair məhz bu ərazidən keçir. Odur ki, ölkəmizdən kənarda 6,3 milyard dollarlıq vəsait yatırılaraq, ilk nəhəng emal müəssisəsinin də bilavasitə Türkiyədə yaradılması təsadüfi deyil.
Ötən həftə baş verən bu hadisə kökü xeyli əvvələ gedən uzun bir prosesin sonunu təşkil edirdi. Belə ki, “Star” zavodunun təməli 7 il bundan qabaq, 2011-ci ildə qoyulmuşdu. Zavod İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa edilib.

Bunu ona görə xatırladıram ki, 10 il əvvəl, yəni 2008-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyə neft-kimya sənayesinin nəhəngi sayılan həmin şirkətin, yəni “Petkim”in nəzarət-səhm paketini özəlləşdirilmə yolu ilə alaraq, ötən müddət ərzində “Petkim”ə 100 milyonlarla dollar əlavə sərmayə yatırıb. "Star"a qədər isə heç bir nə özəl, nə də dövlət şirkətimiz ölkədən kənarda 6,3 milyard dollarlıq həcmində iş görməmişdi.

Bəs, bu zavodun xeyri ən çox hansı tərəfə dəyəcək - Türkiyəyə, yoxsa Azərbaycana? Ümumiyyətlə, SOCAR tərəfindən xaricdə həyata keçirilən bu cür investisiya fəaliyyətlərinin ölkəmiz üçün gəlirliliyi nədən ibarətdir? Bizim özümüzdə belə nəhənglikdə neft emalı müəssisəsi yoxdur axı... Bu cür zavodun Türkiyədə yaradılması doğrudanmı əhəmiyyətlidirmi?

Əvvəla, xatırladım ki, SOCAR dövlət şirkətidir. İkincisi də, xaricdə investisiya yatırımı istər dövlət olsun, istər özəl şirkət, ilk növbədə gəlir əldə etmək və onu genişləndirmək məqsədi daşıyır. Yəni, əsas hədəf budur.



“Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək ki, müəssisənin əsas xammal tədarükçüsü kimi məhz SOCAR özü çıxış edəcək. Yeri gəlmişkən, SOCAR-ın inşa etdiyi bu zavodda bu ilin avqust ayından etibarən sınaq məqsədilə artıq, ilk xam neft də emal olunub. Və bu neft də məhz, bizim 80 min ton “Azeri Light” markalı neft olmaqla, ölkəmizdən çatdırılıb. Təbii ki, havayı deyil.

Ümumiyyətlə, zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir ki, bu da Türkiyəyə idxalın 40%-ə qədər düşməsi demək olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70%-ə enəcək ki, zavod ildə üstəlik 1,6 milyon ton təyyarə yanacağı da istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq ildə 6-8 milyard ABŞ dolları həcmində ticarət formalaşdıracaq.

Zavodun hər iki tərəf üçün böyük xeyri olacaq. Türkiyə bu zavodun işə düşməsiylə bayaq da qeyd etdiyim kimi bir sıra mühüm enerji daşıyıcıları məhsullarının kənardan idxalından asılılıqdan qurtulacaq. Elə SOCAR-ın nəzarət-səhm paketinə sahib olduğu “Petkim”-in əsas xammal tələbi olan nafta burada istehsal olunacaq və adı çəkilən məhsulu Türkiyədən kənardan gətirmək zərurəti xeyli azalacaq.

Zavodda həmçinin, neft-kimya sənayesi üçün digər aralıq məhsullar da istehsal ediləcək. Bunlar daxili bazarda istehlak ediləcək və ixrac da oluna bilinəcək. Bundan əlavə, burada 1000-dən çox insan çalışacaq. Belə ki, zavodun tikintisi müddətində burada 19 min 500 işçi çalışırdısa, artıq, burada 1100 nəfərin yeni iş yeri ilə təmin olunacaqları dəqiqdir. Bu rəqəm arta da bilər.

Ölkəmizə gəldikdə isə, birincisi, xaricə ixrac etdiyimiz neftimizin bir hissəsi üçün stabil bir alış yeri qazandıq. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal olunacaq. Bu, qiymətlərdən asılı olaraq ildə 300-400 milyon dollar arası təmiz gəlir deməkdir. İkincisi, istehsal olunacaq neft məhsullarının satışından əlavə gəlir əldə olunacaq. Və bu sahədə qardaş ölkənin daxili bazarında bir növ söz sahibi olacağıq.

Üçüncüsü, SOCAR-ın istənilən halda gəlirləri artacaqdır və bu da ölkəmizin dövlət büdcəsinə ödəmələri genişləndirəcəkdir. Ümumiyyətlə, Türkiyə tərəfinin neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaətə nail olacağı bilavasitə SOCAR-ın gəlirinin artması ilə müşahidə olunacaqdır. Təsadüfi deyil ki, növbəti mərhələdə əlavə olaraq hələ 700 milyon dollar da yatırım ediləcək. Bu, dayanaqlı və yüksək gəlirə nail olmaq üçün ediləcək.

Və ən nəhayət... Türkiyə regionda böyük və mühüm bazardır. Azərbaycanın burada söz sahibinə çevrilməsi strateji baxımdan böyük əhəmiyyət daşıyır. Unutmayaq ki, söhbət, enerjidaşıyıcıları bazarından gedir. "Star"-ın necə bir uzaqvuran artileriya xarakteri daşıyan layihə olduğunu yaxın gələcək daha parlaq göstərəcək.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Star   SOCAR  





Xəbər lenti