Məşğulluq strategiyası: İldə 100 min yeni iş yeri yaratmaq çətin, amma mümkündür – TƏHLİL

  Məşğulluq strategiyası:  İldə 100 min yeni iş yeri yaratmaq çətin, amma mümkündür –  TƏHLİL
  07 Noyabr 2018    Oxunub:25318
İqtisadiyyatda inkişafın əsas göstəricilərindən biri də məşğulluğun artması, işsizlik səviyyəsinin faiz nöqteyi-nəzərindən getdikcə azalması və ümumiyyətlə, maksimum dərəcədə aşağı rəqəmdə təşkil etməsidir. Buna nail olmaq hər bir dövlətin və hökumətin əsas vəzifəsi sayılır, sosial siyasətin əsas məğzini təşkil edir.
Ancaq bu, asan məsələ deyil. Əhalinin sayının artması ilə əlaqədar işçi qüvvəsinin kəmiyyətcə, yəni say etibarilə çoxalması ilə, iqtisadiyyatın keyfiyyətli işçi qüvvəsinə durmadan genişlənən tələbinin qarşılanması məsələləri uzlaşdırılması çox çətin olan problem sayılır. Və bunun nə qədər ciddi məsələ olduğunu Azərbaycan dövləti demək olar, tam olaraq hələ, görməyib. Lakin həmin gün uzaqda deyil. Başqa sözlə desəm, məşğulluq sahəsində hökuməti qarşıda çox böyük problemlər və çətinliklər gözlədiyi indidən əyani görünməkdədir.

Dövlət başçısı tərəfindən bu günlərdə imzalanan, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam da elə məhz, bunları qarşılamaq məqsədi daşıyır. Sərəncama əsasən, mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğu təmin etmək məqsədilə qarşıdakı 11 illik bir dövr ərzində uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üzrə xüsusiyyətlər təsdiq edilib.

Xatırladım ki, buna qədər əmək ehtiyatlarından səmərəli istifadə yolu ilə əhalinin məşğulluğunu təmin etmək məqsədilə Prezidentin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən 2006–2015-ci illər üzrə də Məşğulluq Strategiyası olub. Və həmin strategiyanın icrasının bir-birini tamamlayan iki mərhələdə reallaşdırılmasını təmin etmək məqsədilə 2007–2010-cu və 2011–2015-ci illər üzrə müvafiq dövlət proqramları mövcud olub və uğurla icra edilib.

Nəticədə də rəsmi statistikaya əsasən, işsizlik səviyyəsinin real olaraq 7,3%-dən 5%-dək, yoxsulluq səviyyəsi 29,3%-dən 4,9%-dək azaldığı, əhalinin gəlirlərinin 5,2 dəfə, minimum əməkhaqqının 3,5 dəfə, orta aylıq nominal əməkhaqqının isə 3,8 dəfə artdığı qeydə alınıb.

Həqiqətən də, göstərilən müddət ərzində işsizlərin, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması və rəqabətqabiliyyətliliyinin artması, iqtisadi fəallığın yüksəlməsi üçün əlverişli şərait yaradılması sahəsində xeyli sayda müvafiq tədbirlər həyata keçirilib.

Ümumiyyətlə, ölkədə son 14 il ərzində 1,96 milyon yeni iş yeri yaradıldığı və bunun da 73,3%-nin daimi iş yerləri olduğu deyilir ki, yeni iş yerlərinin 70%-dən çoxu regionların, mütləq əksəriyyəti qeyri-neft sektorunun (tikinti, ticarət-xidmət, emal sənayesi, nəqliyyat və s.) payına düşüb. 2017-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 2005-ci illə müqayisədə 693,7 min nəfər artaraq 5073,8 min nəfərə çatmış, onun da 4822,1 min nəfərini iqtisadiyyatda məşğul olanlar, 251,7 min nəfərini isə işsiz əhali təşkil edib.

2005–2017-ci illər ərzində iqtisadiyyatda muzdla işləyənlərin sayı 20,7% artaraq, 1525,0 min nəfərə çatıb, ümumi məşğul əhalinin 31,6 %-nə bərabər olub. Ancaq, burada bir nüans var. Fikrimcə, yeni iş yerlərinin açılması ilə bağlı mövcud statistika ilə reallıq bəzən üst-üstə düşmür. Xüsusən də o səbəbdən ki, əhalinin sayının artması yeni iş yerlərinin yaradılmasına tələbatı artırır. Azərbaycan isə demoqrafik baxımdan inkişaf edən ölkədir. 2006–2017-ci illər ərzində ölkədə əhalinin orta illik artım sürəti 1,3%-ə yaxın olub. Bu da Avropa ölkələri sırasında ən yüksək göstəricilərdəndir. Hazırda ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfəyə yaxın üstələyir. Əhalinin sayı 2018-ci ilin 1 yanvar tarixinə 9898,1 min nəfər olub.

Odur ki, yeni istehsal sahələri yaradılması və sahibkarlığın inkişaf etdirilməsi fasiləsiz xarakter daşımalıdır. Yeni iş yerləri və şəxsi təsərrüfat sahələrinin yaradılması üçün müvafiq şəraitin təmin olunması isə artıq, iqtisadi islahatlara bağlı məsələdir. Və bunun üçün həm də tələb olmalıdır. Belə ki, ölkədə istehsal olunan məhsullar ixrac qabiliyyətinə malik olmalı, həmin məhsulların rəqabət qabiliyyətliliyi yüksək həddə təşkil etməlidir. Yeni iş yerlərinin yaradılması kompleks tədbirlərin görülməsini tələb edir ki, bunun üçün isə təkcə bir sektoru inkişaf etdirmək kifayət deyil.

Yeri gəlmişkən, inkişaf etmiş ölkələrin təcrübəsinə də diqqət yetirsək, yeni iş yerlərinin açılması tempinin standart olmadığını görərik. ABŞ kimi inkişaf etmiş bir ölkədə 1 ay ərzində hökumət tərəfdən irəli sürülən proqnozla reallıq çox vaxt üst-üstə düşmür. Belə ki, ya az, ya da çox olur. Bu baxımdan, məsələn, bilavasitə neftin qiymətinin ucuzlaşmasından sonra Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafı ilə bağlı atdığı addımlar çərçivəsində statistikada göstərildiyi qədər yeni iş yerlərinin açılması ardıcıl xarakter daşımalıdır. Ümumiyyətlə, uzaq gələcəyə baxsaq, qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən işlər əgər, ardıcıl xarakter daşıyarsa və istər daxili, istərsə də xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətliliyi təmin edilərsə, biz yeni iş yerlərinin açılması statistikasında müsbət dinamikanın davamlıılığına həqiqətən də şahid ola bilərik.

Son olaraq, bir cəhəti qeyd edim ki, işsizliyi tam olaraq aradan götürmək mümkün deyildir. Sadəcə olaraq, məşğulluq strategiyasında əsas hədəf odur və başlıca məqsəd də məhz bu, olmalıdır ki, əmək bazarına hər il daxil olan yeni işçi qüvvəsi kütləsi iqtisadiyyatda mümkün dərəcədə maksimum səviyyədə yerləşim əldə etsin.

Bunun üçün isə 2 amil tələb olunur: birincisi, bazara daxil olan hər işçi qüvvəsi kütləsi keyfiyyətcə özündən əvvəlkindən daha yüksək olmalı, ikincisi isə iqtisadi artım daimi xarakter daşımalıdır. Hər il 100 min işçinin müvafiq iş yerləriylə təmin edilməsi olduqca çətin vəzifədir.

Lakin sahibkarlığı failəsiz olaraq inkişaf etdirməklə təhsilin səviyyəsini də buna uyğun təşkil edərək, ildə 100 min nəfərdən də çox işçi qüvvəsinə tələbat yaratmaq mümkündür.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Məşğulluq   Yeni-iş-yeri  





Xəbər lenti