Alovlu Azov: Dənizdəki qarşıdurmanın suyun altında qalan səbəbləri – TƏHLİL

  Alovlu Azov:  Dənizdəki qarşıdurmanın suyun altında qalan səbəbləri –  TƏHLİL
  29 Noyabr 2018    Oxunub:32809
Qərb slavyanları olan polyaklar, çexlər, slovaklar SSRİ-nin çöküşü ərəfəsində "məxməri inqilab" yolu ilə sosialist düşərgəsindən, rusların nəzarətindən çıxdılar. Rusların ən böyük hərbi-siyasi ittifaqı olan Varşava Paktı çökdü, Qərb slavyanları Atlantizmin təsir dairəsinə keçdilər və NATO-ya üzv qəbul olundular. Qərb Rusiyaya qarşı raketlərini məhz onların slavyan qardaşları olan Polşa və Çexiyada yerləşdirib. İndi isə Rusiyaya sonuncu ağır zərbəni onun bilavasitə sərhədlərində - Ukraynada vurmaq istəyir.
Rusiya artıq bunu qəbul edə bilməz və müqavimət göstərir. Bütün baş verən hadisələr həmin geosiyasi mübarizənin təzahürləridir. Keçmiş Yuqoslaviyanın süqutundan sonra Rusiya Balkanlardakı slavyan müttəfiqlərindən ayrı salındı, cənub slavyanları arasında onların ən yaxın müttəfiqi Serbiyanın ərazisində ABŞ Kosovo dövlətini yaratdı. Rusiya və Ukrayna qarşıdurmasının səbəbi Ukraynanın slavyan dünyasından uzaqlaşaraq, Qərbə yaxınlaşmaq planları ilə bilavasitə bağlıdır. Bu, təbii ki, Rusiyanı qane etmir. Ukrayna daim etnik və dini, tarixi, coğrafi cəhətdən Rusiya ilə yaxın olub. Onun Qərbə yaxınlaşması Rusiyanın geosiyasi maraqlarına vurulmuş böyük zərbə ola bilər. NATO birbaşa Rusiyanın sərhədlərinə yaxınlaşacaq, Qara və Azov dənizlərinə nəzarəti ələ keçirəcəkdir. Halbuki, Rusiya Qara dənizi öz daxili suları kimi, oradakı boğazları isə hər zaman öz nəzarətində görmək planları cızıb. Bu, Pyotrun vəsiyyətində də öz əksini tapmışdı.

NATO ölkəsi olan Türkiyə ilə yaxınlaşıb, Qara dənizdə öz təhlükəsizliyini təmin edən Rusiya digər tərəfdən - Ukrayna istiqamətindən ABŞ, Avropa, NATO-nun təzyiqlərini hiss edir. Ukraynanın Qərbin - Atlantizmin təsirinə keçməsi Rusiyanın ən böyük geosiyasi planlarından biri olan Avrasiya planlarına maneədir.

Baltikyanı respublikalar Avropa Birliyi və NATO-ya daxil olanda Rusiya buna Ukraynadakı kimi reaksiya verə bilmədi. Çünki həmin dövlətlər daim Qərbin bir parçası olub, sonradan SSRİ onları özünə tabe edib. Lakin Ukrayna slavyan dünyasının ayrılmaz bir hissəsidir, rus dövlətçiliyi Kiyevdə təşəkkül tapıb, ruslar xristianlığı Bizansdan burada qəbul ediblər. Bu, Rusiya-Ukrayna qarşıdurması yox, Rusiya-Qərb, Avrasiya və Atlantizm arasında qarşıdurmadır. Ukrayna sadəcə, bu qarşıdurmanın növbəti bir poliqonudur.

Ukraynada hərbi vəziyyət elan olunmasına gəlincə, bunun Rusiya ilə müharibəyə gətirib çıxaracağına inanmaq çətindir. Əvvəla, Rusiya çox qüdrətli donanması olan böyük dövlətdir. Ukrayna onunla müharibəyə başlasa, dərhal uduzacaq. Qərbin Ukraynaya köməyi isə proseslərin daha da gərginləşməsinə səbəb ola bilər. Suriyadan sonra nə Rusiya, nə ABŞ buna getməz. Hətta Ukraynanın özündə hesab edirlər ki, hazırda hərbi vəziyyət elan etmək zərurəti yox idi. Ukrayna Krım ilhaq olunanda, yaxud Donbasda döyüşlər gedən zaman hərbi vəziyyət elan etmədisə, Kerç boğazında gəmilərin və oradakı şəxsi heyətin tutulmasına görə hərbi vəziyyət elan olunmasının anlamı yoxdur.

Rusiya bunu Ukraynada 2019-cu ilin 31 martında keçiriləcək prezident seçkiləri ilə əlaqələndirir. Belə ki, Poroşenko prezident seçiləndən indiyədək heç bir nailiyyət əldə edə bilməyib və seçkilərdə rəqiblərinə uduzma təhlükəsi ilə üzləşib. Çıxış yolunu isə hərbi vəziyyət elan etməklə əhali arasında reytinqini artırmaqda görür. Ukrayna ətrafında geosiyasi qarşıdurma pik həddinə çatıb, oliqarxlar və korrupsioner məmurlar ölkə əhalisini ciddi narazı salıb, Ukrayna Avropanın ən yoxsul ölkəsinə çevrilib.

Hazırkı gərginliyin müharibə həddinə çatması nə Rusiyaya, nə də Ukraynaya sərfəli deyil. Rusiya Ukraynanı onun daxili sularına icazəsiz daxil olmaqla Beynəlxalq Dəniz Konvensiyasının müddəalarını pozmaqda ittiham edir və bunu seçkiöncəsi Poroşenkonun əhali arasında reytinqini artırmaq cəhdi sayır. Eyni zamanda, Putin və Tramp arasında “Böyük İyirmilik” sammitində görüş ərəfəsində Ukrayna ABŞ-ın Rusiyaya təzyiqini artırmaq, ABŞ və Avropa Birliyindən yardım almaq üçün bunu edə bilər. Lakin müharibənin olacağı inandırıcı deyil. Əlbəttə, Ukrayna Qərb ölkələrinin məsələyə müdaxiləsini, NATO gəmilərinin Kerç boğazından keçib, Qara və Azov dənizlərində Rusiyaya hədə-qorxu gəlməsini çox istəyərdi. Lakin Qərb özü Rusiya və Ukrayna arasında gərginliyin hərbi əməliyyatlar mərhələsinə keçməsinin tərəfdarı kimi görünmür. Rusiyanın özünün də müharibəyə başlamaq istəməsi ağlabatan deyil. Sadəcə, Rusiya gəmi insidenti ilə Azov dənizində müstəsna üstünlüyünü nəzərə çarpdırmaq, eyni zamanda, Ukraynanın şərq hissəsində sosial-iqtisadi vəziyyəti gərginləşdirməklə bu ərazilərdə qeyri-sabitlik, Kiyevdən narazılıq əhval-ruhiyyəsini artırmaq istəyir.

Əslində münaqişənin mövzusu da qəribədir. 2014-cü ildə Krımın ilhaq edilməsi Rusiya və Ukrayna arasında Qara dəniz və Azov dənizindən, habelə Kerç boğazından sərbəst istifadə haqda 2003-cü ildə imzalanmış razılaşmanı etibarsız hala gətirdi. Krımın üzərində nəzarət Kerç boğazını Rusiyanın daxili sularına çevirdi. Lakin Kiyev və dünya birliyi Krımın Rusiyaya mənsubiyyətini tanımadığı üçün Ukraynanın 2003-cü il razılaşmasına əsasən Kerç boğazından, habelə Azov və Qara dənizdən sərbəst istifadə hüququnu tanıyır və nə boğazı, nə də dənizləri Rusiyanın daxili suları saymır. Putin Ukraynanın qanunsuz olaraq onun ərazi sularına girdiyini, Qara dənizdəki insidentdə əvvəlcədən hazırlanmış təxribatın əlamətləri olduğunu deyib. Poroşenko isə hesab edir ki, Rusiya "dənizi işğal edib", onun ölkəsinin buğda və poladdan valyuta gəlirlərini azaltmaq istəyir. Çünki 2016-cı ildə Rusiya və Krımı birləşdirən 16 km. uzunluğunda, 33 metr hündürlüyündə körpü Ukrayna gəmilərinin dənizdə hərəkətinə maneə yaradır.

Əslində, Ukraynanın özünün də bir neçə ay əvvəl Azov dənizində baza inşa etmək planı Rusiya ilə gərginliyə səbəb olmuşdu. Azov dənizində mövqeyini saxlamaq Ukraynanın təhlükəsizliyi üçün vacibdir. Ukrayna həm də Mariupol və Berdyansk limanlarına maneəsiz çıxış əldə etmək istəyir. Rusiya isə Ukraynanın bu limanlara çıxışını çətinləşdirir. İnsidentdən bir həftə əvvəl Britaniya Rusiyanın Ukrayna gəmilərini yoxlamasını, onların hərəkətinə mane olmasını bu ölkənin suverenliyinə xələl gətirən hərəkət kimi qiymətləndirərək, buna son qoymağı tələb etmişdi. Kerç boğazında nəzarəti ələ keçirən Rusiya onsuz da iqtisadiyyatı zəifləyən şərqi Ukraynanın şaxtalarına, qarğıdalı və buğda tarlalarına çıxışının qarşısını alıb, onu daha da zəiflətmək istəyir. Üstəlik, 2019-cu ildə Ukraynadan yan keçib, onu tranzit hüququndan məhrum edən "Şimal axını-2"nin çəkilişi Ukraynanın iqtisadiyyatına sarsıdıcı zərbə vuracaq, Rusiya təbii qazını dünya bazarı qiymətinə almağa məcbur edəcək.

Putinin reytinqi Krımın Rusiyanın tərkibinə qatılmasından sonra xeyli yüksəlmişdi. Lakin elə bu səbəbdən də ölkəsinə tətbiq edilən sanksiyalar nəticəsində işsizlik, inflyasiya, pensiya yaşının artırılması onun reytinqinə mənfi təsir edib. Ukrayna ilə genişmiqyaslı olmasa da, ötəri hərbi toqquşma ona da, keçmişdə "şokolad kralı" hesab edilən binesmen-prezident Poroşenkoya da ölkələrində reytinqlərini artırmağa kömək edə bilər. Poroşenko hərbi vəziyyət rejiminin müddətini uzatsa, seçkilər təxirə salına bilər. O, Türkiyə variantında - yəni Ərdoğanın etdiyi kimi ölkədə gərginliyin olmasını əsas gətirib, hərbi vəziyyəti uzatsa və bu müddətdə rəqiblərini zəiflədə bilsə, eyni zamanda Ərdoğan Afrin zəfəri sayəsində reytinqini artırıb sonra seçkiyə getdiyi kimi, Poroşenko da bəzi qələbələr qazansa, o zaman rəqibləri Timoşenko və Zelinskini seçkilərdə üstələyə bilər. Hazırda Poroşenko seçkilərə "Ordu, dil, etiqad" şüarı ilə gedir. Lakin "şokolad kralı"nın bu şüarı çox az insanı inandırır. Odur ki, könlü prezidentlik istəyənin, gəmiləri Azov dənizində üzsün gərək.



Nəzakət Məmmədova
Azvision.az üçün



Teqlər: Azov-böhranı   Ukrayna   Rusiya  





Xəbər lenti