“Tanrıya 14 məktub”

“Tanrıya 14 məktub”
  12 Yanvar 2019    Oxunub:4122
Bu günlərdə Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin “Tanrıya 14 məktub” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıb.
Teatrdan Azvision.az -a verilən məlumata görə, Oskar adlı 10 yaşlı uşağın xərçəng xəstəliyinə tutulması ağrısı və ölümlə üz-üzə duran balacanın söhbətlərindən ibarət olan əsər insan hisslərinin dərinliklərinə endirir.

Tamaşaya teatrın rejissoru, əməkdar artist Nicat Kazımov quruluş verir. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi tərtibatı Şamxal Novruzluya aiddir. Rolları Anar Səfiyev, Nicat Kazımov, Qəmər Məmmədova, Zemfira Əbdülsəmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Araz Pirimov canlandırırlar.

Tamaşaya quruluş verən rejissor Nicat Kazımov bu çoxqatlı əsərə müraciət edilməsinin məsuliyyətini və çətinliklərini söyləyib: “Uzun illərdir ki, mən Erik Emmanuel Şmidtin iki əsəri – “Müsyo İbrahim və Quran çiçəyi”, “Oskar və çəhrayı dama, yaxud Tanrıya 14 məktub” pyesləri ətrafında düşünürdüm. Doğrusu bu əsərlər mono olaraq qələmə alınsa da, səhnə həllini bir qədər ayrı cür görürdüm. Nəhayət, bu il “Tanrıya 14 məktub” əsərinə quruluş vermək qərarına gəldim, daha doğrusu nə istədiyimi özüm üçün müəyyənləşdirdim və teatrın rəhbərliyi sağ olsun ki, bu ideyanı dəstəklədilər. Söylədiyim kimi əsər mono olaraq qələmə alınsa da, biz bunu 14 aktyorla, bir qədər ayrı cür qurmaq qərarı verdik. Hər zaman söyləyirəm ki, ən qəliz sözün də hərəkətini tapmalıdı rejissor. Əlbəttə, bu əsər hər cəhətdən, həm mövzu, həm də ifadə tərzinə görə qəlizdir və biz artıq stolarxası məşqlərdə belə hərəkətə, dinamikaya ağırlıq verməyə çalışırıq. Aktyorlarımız fiziki hazırlıq da keçirlər. Çağdaş tamaşaçının rahat, yüngül mövzulara meyilləndiyini söyləyirlər, amma mən hesab edirəm ki, ən ağır mövzuları da tamaşaçının qəbul edə biləcəyi “çəki”də təqdim etmək mümkündür. Rəsul Rzanın “Ana qaz” əsərinə quruluş verəndə, sonralar bu tamaşa böyük uğur qazananda, tamaşaçı sevgisiylə qarşılananda da buna bir daha əmin olmuşdum. Ona görə bu şükranlıq aşılayan əsəri – “Tanrıya 14 məktub”u bir az hərəkətli və fərqli formada qurmaq niyyətindəyik. Musiqi tərtibatında da deyək ki, Hans Zimmerin bir az ağır musiqiləriylə yanaşı fransız estradasından yüngül, ritmik, hətta romantik melodiyalara müraciət etmişik. Bir sözlə ümid edirik ki, bu polifonik bir tamaşa olacaq və tamaşaçıların rəğbətini qazanacaq.”

Qeyd edək ki, tamaşanın premyerası mart ayına nəzərdə tutulub.

Azvision.az


Teqlər: Teatr  





Xəbər lenti