ABŞ kəşfiyyatının gizli keçmişi – TARİXİ ARAŞDIRMA

   ABŞ kəşfiyyatının gizli keçmişi –    TARİXİ ARAŞDIRMA
  14 Yanvar 2019    Oxunub:14951
Amerika Birləşmiş Ştatlarının kəşfiyyat xidməti XVIII əsrdə yaranıb. Müstəqillik uğrunda müharibənin (1775-1783) lap əvvəllərində ABŞ-ın peşəkar kəşfiyyat orqanları yox idi. Müstəqillik mübarizəsi aparan kolonistlərə məlumat təsadüfi şəkildə, azadlıq tərəfdarı olan könüllülər vasitəsilə çatırdı.
Şimali Amerika kolonistləri ordusunun baş komandanı general Corc Vaşinqtonun sərəncamında kəşfiyyat xidməti olmasa da, onun azadlıq və müstəqillik arzusunda olan çoxlu tərəfdarı var idi. Onlardan biri də Amerika kəşfiyyatının “atası” hesab olunan, 1776-cı ildə ingilislər tərəfindən asılma cəzasına məhkum edilmiş cəsur, alovlu vətənpərvər Natan Heyl idi. O, çox az kəşfiyyatçılardandır ki, Vaşinqtonda xatirəsinə abidə ucaldılıb.

Məşhur amerikalı yazıçısı Fenimor Kuperin “Casus” romanı N.Heylə həsr olunub. N.Heyl ABŞ-ın Müstəqillik uğrunda müharibəsi dövründə ingilis qoşunlarının arxasında kəşfiyyat tapşırığı yerinə yetirmək barədə şəxsən C.Vaşinqtondan göstəriş almışdı. O, İngiltərə qoşunlarının dislokasiyası və silahlanma səviyyəsi barədə bəzi məlumatlar əldə etsə də, lakin ingilislər tərəfindən yaxalanmışdı.

Britaniya Hərbi Polisinin rəisi Kanningem onunla olduqca qəddar rəftar etmişdi. Heyl bildiyi bütün sirləri açıqlamış və bundan sonra asılmışdı. O, edam olunmuş ilk Amerika kəşfiyyatçısıdır. Bu barədə ABŞ qoşunlarına Kral İstehkamçı Korpusunun kapitanı, general Uilyam Haunun adyutantı, ağ bayraqla Nyu York ştatındakı Harm Pleyns cəbhə xəttini keçən Con Montressor məlumat vermişdi. Bir müddət N.Heylin qətlə yetirilməsi barədə məlumat gizli saxlanılmışdı. Lakin beş ay keçdikdən sonra məlumat mətbuat tərəfindən dərc olunmuş, bundan sonra nizami ABŞ hərbi kəşfiyyatının yaradılmasına başlanılmışdı.

Uzun müddət hesab olunurdu ki, gənc kəşfiyyatçının faciəli şəkildə həlak olmasından sonra Corc Vaşinqton mübarizə vasitəsi kimi məxfi xidmətdən imtina etmişdi. Lakin yüz il sonra tapılan sənədlər bunun əksini sübut edir. C.Vaşinqton bu hadisədən nəticə çıxararaq vətənpərvər əhval-ruhiyyəli, müəyyən şəxsi və işgüzar keyfiyyətlərə malik olan şəxsləri məxfi xidmətə cəlb etməklə peşəkar kəşfiyyat xidməti yaratmışdı. Məxfi Xidmət Bürosunun ilk rəhbəri Con Morin Skott təyin edilmiş, lakin Vaşinqton tezliklə onu bu vəzifədən uzaqlaşdıraraq, Bencamin Tolmeclə əvəzləmişdi. Onlar ingilis qoşunlarının arxasında bütöv bir agentura şəbəkəsi və yaxud C. Vaşinqtonun dediyi kimi, “zəncir” yaratmışlar. Bu zəncirin halqaları “Samuel Kalper” adı altında maskalanmışdılar. Kəşfiyyatçılardan biri olan Vudholl “Böyük Samuel Kalper”, digər kəşfiyyatçı Taunzend isə “Kiçik Samuel Kalper” imzası ilə agentura məlumatları ötürməyə başlamışlar. Zəncirin rəhbəri polkovnik Tolmec “mister Con Bolton” təxəllüsünü daşıyırdı.

“Kalperlər” öz fəaliyyətlərini əsasən Nyu York və Manhettendə genişləndirmişdilər, çünki həmin dövrdə ingilis qərargahı və donanması orada yerləşirdi. Taunzend iri universal mağaza işlədir və öz agenturası ilə burada görüşürdü.

“Kalperlər” kəşfiyyat fəaliyyətindən başqa həm də əks-kəşfiyyatla məşğul olurdular. Məsələn, onların fəaliyyəti nəticəsində ingilis kəşfiyyatçısı mayor Andre ələ keşirilərək edam olunmuşdu. ABŞ-ın ilk prezidenti Corc Vaşinqton demişdi ki, həm Natan Heyl, həm də mayor Andre şərəfli və cəsur zabitlər olmuş, ləyaqətli şəkildə həlak olmuşlar.

“Kalperlərin” adı isə uzun müddət gizli saxlanılmışdı. C.Vaşinqton prezident seçildikdən sonra Lonq Aylenddə öz keçmiş agentlərinə baş çəkərək müharibə vaxtı göndərdikləri qiymətli məlumatlara görə onlara minnətdarlığını bildirmişdi. ABŞ-da kəşfiyyat fəaliyyəti ilə sistemli məşğul olan xüsusi xidmət orqanları şəbəkəsi XX əsrin əvvəllərində təşəkkül tapmağa başlamışdı. 1908-ci ildə Ədliyyə Nazirliyinin tərkibində Təhqiqatlar Bürosu adlı xüsusi istintaq şöbəsi yaradılmışdı. 1935-ci ildən bu şöbə Federal Təhqiqatlar Bürosu (FTB) adlanmağa başlamışdı. Siyasi xəfiyyəçilik və əks-kəşfiyyat fəaliyyətindən başqa bu orqan həm də fəal beynəlxalq kəşfiyyat tədbirləri həyata keçirməkdədir.

Amerika ordusu qərargahının G–2 adlı taktiki və strateji kəşfiyyatla məşğul olan kəşfiyyat idarəsi, Hərbi-Hava Qüvvələri Qərargahının A–2 kəşfiyyat idarəsi və s. mövcuddur. Lakin ABŞ-ın heç bir məxfi xüsusi xidmət orqanı Mərkəzi Kəşfiyyat İdarəsi qədər güclü potensiala, geniş agentura şəbəkəsinə və maliyyə təminatına malik deyil. Bu İdarə öz əsasını 1940-cı ildən götürmüşdü. Belə ki, FTB daxilində xaricdə kəşfiyyat tədbirlərinin həyata keçirilməsi üçün xüsusi SIS şöbəsi yaradılmışdı. Yeni strukturun rəhbəri səkkiz ABŞ prezidenti dövründə FTB-yə rəhbərlik etmiş E.Quver olmuşdu.

SIS-lə yanaşı İkinci Dünya müharibəsi zamanı Strateji Xidmət İdarəsi analoji əməliyyatların həyata keçirilməsi ilə məşğul olmuşdur. Hər iki idarə 1947-ci ildə yenidən formalaşdırılmışdır. Beləliklə, 1947-ci il iyul ayının 26-da ABŞ prezidenti Harri Trumenin imzaladığı Milli təhlükəsizlik haqqında qanuna əsasən, ABŞ-ın əsas xarici kəşfiyyat orqanı - Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) yaradılmışdır. Həmin qanuna görə, öz rəhbərliyi altında bütün ayrı-ayrı qoşun növlərini birləşdirən Müdafiə Nazirliyi, müdafiə və xarici siyasət sahəsində dövlət siyasətini əlaqələndirmək üçün Milli Təhlükəsizlik Şurası və əsas kəşfiyyat orqanı olan Mərkəzi Kəşfiyyat İdarəsi yaradılırdı. Qərara alınırdı ki, MKİ-nin direktoru həm də mərkəzi kəşfiyyat orqanının rəhbəri vəzifəsini yerinə yetirəcəkdir. Milli təhlükəsizlik haqqında qanuna əsasən MKİ direktorunun həmin vəzifəyə ABŞ prezidenti tərəfindən təyin edilməsi və Senat tərəfindən təsdiq edilməsi nəzərdə tutulur.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əsas vəzifəsi bunlardan ibarətdir: Xarici dövlətlərin fəaliyyəti haqda kəşfiyyat və əks-kəşfiyyat məlumatlarının əldə edilməsi və təhlil olunması, ABŞ-ın təhlükəsizliyinin təmin olunması üçün siyasi, iqtisadi, elmi, texniki, hərbi, sosioloji və digər məlumatların toplanılması üçün proqramların işlənib-hazırlanması və həyata keçirilməsi, ABŞ-ın hüdudlarından kənarda əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi və əlaqələndirilməsi, ABŞ prezidenti tərəfindən təsdiq edilmiş xüsusi proqramların həyata keçirilməsi, həmin xüsusi proqramların təhlükəsizliyinin təmin olunması, MKİ Baş İdarələrinin təhlükəsizliyinin məxfilik rejiminin və əməkdaşların təhlükəsizliyinin təmin olunması. ABŞ-ın digər xüsusi xidmət orqanlarından fərqli olaraq MKİ direktoru birbaşa ABŞ prezidentinə tabedir.

MKİ əməkdaşlarının sayı iyirmi mindən artıqdır. Büdcəsi isə dörd milyard dollardır ki, bu da ABŞ kəşfiyyat orqanlarının 1/8-i qədərdir. MKİ-nin mənzil-qərargahı Virciniya ştatının Lenqli şəhərində yerləşir. 1998-ci il oktyabr ayının 20-də prezident Klintonun əmri ilə ona “Corc Buş adına kəşfiyyat mərkəzi” adı verilmişdir. Rəsmi olaraq MKİ öz fəaliyyətinə 1947-ci il sentyabr ayının 18-də başlamışdır. 1949-cu ildə qanuna edilmiş dəyişikliklər MKİ-yə əlavə səlahiyyətlər verirdi: rəsmi vəzifələri, maaşın həcmini və büdcəni məxfi saxlamaq, müstəqil maliyyə fəaliyyəti həyata keçirmək, əcnəbilərə və onların ailə üzvlərinə (bir qayda olaraq əcnəbi agentlərə) yaşamaq hüququ vermək və s.

Məlum olduğu kimi 1930-cu illərdə ABŞ prezidenti F. Ruzvelt ABŞ daxilində Federal Təhqiqatlar Bürosunun məxfi əməliyyatlarına sanksiya vermişdi. H. Trumen isə 1947-ci ildə MKİ-nin bütün dünyada gizli əməliyyatlar həyata keçirməsinə dair məxfi direktiv imzalamışdı. Direktiv cəmi üç nüsxədə çap edilmişdir: Ağ Ev, Dövlət Departamenti və MKİ direktoru kontr-admiral Rosko Q. Hillenkoter üçün. Tezliklə gizli əməliyyatların həyata keçirilmə mexanizmi işlənilib-hazırlandı. Milli Təhlükəsizlik Şurası belə əməliyyatların keçirilməsini o vaxt tövsiyə edirdi ki, ABŞ xarici siyasətinin bu və ya digər məqsədini həyata keçirmək diplomatiya vasitələri yolu ilə mümkün deyildi, hərbi aksiya isə həddən artıq risqli idi.

Kommunizmin qarşısının alınmasına dair “Trumen doktrinası”nı rəhbər tutan Mərkəzi Kəşfiyyat İdarəsi Yunanıstanın kral rejiminə kommunist partizan ordusu ELAS-ı tamamilə darmadağın etməkdə yardım göstərmişdi. Həmin təşkilat nasist işğalı dövründə alman, italyan və bolqar işğalçılarına qarşı mübarizə aparmışdı. 1948-ci ilin aprel ayında İtaliyada təxribat aksiyaları və külli miqdarda pul sərf etməklə Xristian Demokratlar Müqavimət Hərəkatının aparıcı qüvvəsi olmuş və ölkədə böyük nüfuza malik olan Kommunist Partiyasını məğlub edərək hakimiyyətə gəlmişlər.

İlk zamanlar MKİ-nin məxfi aksiyalarını həyata keçirmək üçün MKİ daxilində Xüsusi Əməliyyatlar İdarəsi yaradılsa da, 1948-ci ilin sentyabr ayında Dövlət Departamenti daxilində analoji struktur - Siyasətin Koordinasiyası İdarəsi (SKİ) yaradıldı. Tezliklə iki struktur arasında rəqabət başlandı. Vəziyyətin gərginləşməsinə təsir edən hadisə Tailandda MKİ Xüsusi Əməliyyatlar İdarəsinin SKİ-yə işləyən agenti konfidensial əməkdaşlığa cəlb etmək cəhdi olmuşdur. Problem onunla həll edildi ki, 1950-ci ilin oktyabr ayında MKİ direktoru Koreya müharibəsinin başlanılmasını qabaqcadan xəbər verə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırıldı. MKİ-nin yeni direktoru general-leytenant Uolter Bedell Smit Siyasətin Koordinasiyası İdarəsinin Dövlət Departamentindən alınaraq Mərkəzi Kəşfiyyat İdarəsinə verilməsinə nail oldu.

1955-ci ildə MKİ dünyanın qırx səkkiz ölkəsində məxfi əməliyyatlar həyata keçirmişdir. Mərkəzi Kəşfiyyat İdarəsi Birmada sığınacaq tapmış narazı homindançılara silah və pul vəsaitləri göndərməklə Birmanı kommunist Çinə qarşı plasdarma çevirmək ümidində idi. 1950-ci ildə MKİ agentləri Filippində xalq üsyanını yatıraraq, ABŞ-ın himayə etdiyi Ramon Maqasasenin hakimiyyətə gəlməsinə kömək etdilər.

1952-ci ildə MKİ agentləri Misir kralı Fərruxu devirərək keçmiş Abver agenti və gələcək Sovet İttifaqı Qəhrəmanı Camal Əbdül Nasiri hakimiyyətə gətirdilər. Sonralar MKİ rəhbərliyi bu qərarına görə çox təəssüflənmişdir. 1953-cü ildə MKİ-nin Yaxın Şərq üzrə mütəxəssisi Kermit Ruzvelt İranın baş naziri Məhəmməd Müsəddiqin devrilməsi və Məhəmməd Rza Pəhləvinin yenidən taxt-taca sahib olması üçün əməliyyat həyata keçirilməsini təşkil etmişdir. 1954-cü ildə MKİ Qvatemala prezidenti Xakobo Arbensin devrilməsi üçün yarımhərbi əməliyyat keçirdi. Buna səbəb X. Arbensin ABŞ-ın “United Fruits” şirkətinin mülkiyyətinə qarşı çıxması olmuşdur.

1953-cü ildə H. Trumeni ABŞ prezidenti vəzifəsində əvəz edən D. Eyzenhauer “1 №li casus” adlandırılan Allen Dallesi MKİ-nin rəhbəri təyin etdi. O, bu vəzifəni tutan ilk mülki şəxs idi. O, direktor olduğu doqquz il ərzində MKİ-ni Soyuq müharibədə ABŞ-ın əsas silahına çevirdi. Məhz A. Dallesin dövründə MKİ-nin əməliyyatları qlobal xarakter daşımağa başladı. Məsələn, faşist kəşfiyyatının keçmiş rəhbərlərindən biri Reynhard Qeleni konfidensial əməkdaşlığa cəlb etmək, “Azadlıq” və “Azad Avropa” kimi qondarma təşkilatlar yaratmaq, Kuba lideri Fidel Kastroya qarşı sui-qəsdlər təşkil etmək və s.

(Yazının ardını BURADAN oxuya bilərsiniz)

Nəzakət Məmmədova
Azvision.az üçün



Teqlər: Kəşfiyyat   ABŞ-Kəşfiyyatı  





Xəbər lenti