Teatr işçiləri Prezidentə müraciət etdilər

Teatr işçiləri Prezidentə müraciət etdilər
  06 Mart 2019    Oxunub:4463
Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında kollektivin geniş heyətdə yığıncağı keçirilib. Tədbirdə çıxış edənlər teatra “Akademik” status verilməsi ilə əlaqədar cənab Prezidentə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, Azərbacan mədəniyyətinə, incəsənətinə, incəsənət xadimlərinə daim qayğı göstərən cənab Prezidentin bu Sərəncamı təkcə Akademik Musiqili Teatra deyil, “Milli Teatr Günü”nü qeyd etməyə hazırlaşan ölkə teatrlarına dövlət başçısının böyük tövhəsidir. Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Heydər oğlu Əliyevə teatr kollektivi adından müraciət qəbul edilib. Müraciətdə deyilir:

"Möhtərəm cənab Prezidentimiz!

Sizin 05 mart 2019-cu il tarixində “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” imzaladığınız Sərəncam Azərbaycan Dövlət Musiqili Teatrının kollektivinə - ölkənin sevimli teatr ailəsinə verilən yüksək qiymətinizin bariz nümunəsidir. Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını bir daha təsdiq edən bu rəsmi sənəd qəlbimizdə fərəh hissi doğurur.

Sizin və ölkənin Birinci Vitse-Prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın hər bir azərbaycanlı ailəsinin güzəranını daha xoş, sabahını daha gözəl və xoşbəxt etmək naminə yürütdüyü uğurlu siyasət Azərbaycanın böyük inkişaf yolu keçməsinə, ölkəmizin bütün sahələrinin, o cümlədən mədəniyyət və incəsənətinin ildən-ilə inkişaf etməsinə səbəb olub.
Son illər ərzində respublikamızın hər bir teatrında olduğu kimi, Azərbaycan Dövlət Musiqili Teatrında da çox böyük işlər görülüb, uğurlu nəticələr əldə edilib. Sizin diqqət və qayğınız və bilavasitə rəhbərliyiniz sayəsində Azərbaycan Dövlət Musiqili Teatrında təmir, yenidənqurma və bərpa işləri aparıldı. Şübhəsiz ki, teatr binasının təmiri və demək olar ki, yenidən qurulması yeni məkanda daha böyük yaradıcılıq işlərinin aparılmasına xidmət etdi.
Əziz İlham Heydər oğlu!

Səhnə fəaliyyətimizi yüksək qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bundan sonra da yaradıcılıq fəaliyyətimizi, bütün qüvvə və bacarığımızı Azərbaycanımızın tanınması və şöhrət qazanması naminə, Azərbaycan teatrının şərəfli salnaməsinə yeni uğurlu səhifələr yazılması üçün sərf edəcəyik.

Biz qürur duyuruq ki, Ulu Öndərimiz Heydər Əliyevin incəsənət xadimlərinə böyük qayğısı bu gün də Sizin tərəfinizdən uğurla davam etdirilir. Azərbaycan sənətçisinin, Azərbaycan ziyalısının böyük xoşbəxtliyi də elə bundadır.

Bir daha yüksək diqqət və qayğı üçün Sizə sonsuz təşəkkürlərimizi yetiririk. Və bundan sonra da daha uğurlu yaradıcılıq işlərinə imza atmağımıza söz veririk.
Qarşıdan xalqımızın əziz günü - Novruz Bayramı gəlir. Bu münasibətlə Sizi və ailənizi səmimi qəlbdən təbrik edir, bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayırıq".

Məktubu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev imzalayıb.

Azvision.az



Teqlər:





Xəbər lenti