Yeni hüquqi birlik yaradıldı

Yeni hüquqi birlik yaradıldı
  19 Noyabr 2013    Oxunub:2270
Britaniya Azərbaycan Hüquq Assosiasiyası (BAHA) təsis olunub. Assosiasiya İngiltərə və Uels Hüquq Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının dəstəyi ilə Londonda təsis edilib. BAHA-nın təsis edilməsi şərəfinə keçirilmiş tədbirdə BHM-i Bakı Hüquq Mərkəzini şirkətin hüquq məsləhətçisi Gülşən Həsənova təmsil edib.
Briyaniya Azərbaycan Hüquq Assosiasiyasının təsis edilməsində əsas məqsəd Birləşmiş Krallıq və Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqşünaslar arasında əlaqələr yaratmaq, hüquqşünaslar arasında ən qabaqcıl hüquq təcrübəsini paylaşmaq və iki ölkə arasındakı münasibətləri möhkəmlətməkdir.

Tədbir Azərbaycanda və Birləşmiş Krallıqda fəaliyyət göstərən hüquq şirkətlərinin, dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirakı və dəstəyi ilə keçirilib. Tədbirə şirkətin Partnyorlarından biri olan Andrew Terry sədrlik edirdi. A.Terry vergi sistemləri barədə təqdimatla çıxış edərək Azərbaycanda mövcud olan vergi sisteminin önəmli məqamlarına toxunub.

A.Terrynin təqdimatından sonra BHM Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Gülşən Həsənova “Azərbaycanın məhkəmə-hüquq sistemi və son islahatlar” mövzusunda çıxış edib. Təqdimatda keçmiş Sovet dövründən Azərbaycana miras qalan məhkəmə sisteminin köklü şəkildə dəyişməsi, ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni 3 pilləli müstəqil məhkəmə sisteminin yaradılması və məhkəmə-hüquq sistemində aparılmış son islahatlar, Azərbaycan Respublikasının hüquq sistemi ilə Birləşmiş Krallığın hüquq sistemləri arasındakı fərqlər barədə geniş məlumat verilib.
Ekvita MMC-nin direktoru İlqar Mehdi neft və qaz sektorunu tənzimləyən qanunvericlik, o cümlədən, Hasilatın Pay Bölgüsü haqqında Sazişlər barədə məlumat verib. Tədbirin səhər hissəsini qiymətli kağızlar bazarı haqqında təqdimatla çıxış edən White&Case şirkətinin hüquq məsləhətçisi Chris Norte yekunlaşdırıb.

Tədbirin beynəlxalq mübahisələrin həllinə həsr edilmiş ikinci hissəsi İngiltərə və Uels Hüquq Cəmiyyətinin Chancery Lane ünvanında yerləşən binasında baş tutub. Bu bölümdə Winston&Strawn, Withers LLP və 39 Essex Street Chambers (Londonun 39 Essex küçəsində yerləşən məşhur hüquq Palatası), Ekvita MMC-nin nümayəndələri beynəlxalq kommersiya arbitrajı, investisiya arbitrajı, Londonda mübahisələrin həlli, xarici arbitraj qərarlarının tanınması və icrası haqqında təqdimatlarla çıxış ediblər.

Britaniya Azərbaycan Hüquq Assosiyasiyasının təsis edilməsi ilə əlaqədar keçirilən axşam ziyafətində İngiltərə və Uels Hüquq Cəmiyyətinin prezidenti Nicholas Fluck giriş sözü ilə çıxış edib. O, tədbirin bütün iştirakçılarını salamladı, Azərbaycandan Londona təşrif buyurmuş hüquqşünaslara xüsusi minnətdarlığını bildirdi və yeni təsis edilmiş BAHA-nın iki ölkə arasındakı əməkdaşlığın daha da güclənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirib.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov hüquq sahəsinin bütün dövlətlər üçün əhəmiyyətini vurğulayıb və bununla bağlı təcrübə mübadiləsinin aktuallaşdığını diqqətə çatdırıb.

BAHA-nın sədri Adrian Hughes Assosiasiyanın fəaliyyətinin vacibliyini vurğulayaraq onun hər iki ölkə arasında peşəkar hüquqşünasların təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib. A.Hughes, həmçinin qurumun ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında da özünəməxsus rol oynayacağına əminliyini dilə gətirib.


Teqlər:





Xəbər lenti