Əsl Şekspir kimdir? – ARAŞDIRMA

 Əsl Şekspir kimdir? – ARAŞDIRMA
  20 Noyabr 2013    Oxunub:21086
Üç əsrdir ki, dahi Uilyam Şekspirin əslində kim olması barədə mübahisələr səngimək bilmir. Şekspirin ölümündən 7 il sonra onun əsərlərinin “Böyük Folio” adlanan ilk toplusu buraxılmışdı ki, onu bəzən “İkinci Bibliya” da adlandırırlar. Amma elə həmin il Şekspirə qəbirüstü abidə qoyulanda məlum oldu ki, bu abidə ilə “Folio”da şəkli olan insan qətiyyən bir-birlərinə oxşamırlar.

Kitabdakı şəkildə təsvir olunan insan sanki bir ingilis lordu idi. Qəbirüstü abidə isə balacaboy, tösmərək, bığlı, özündənrazı bir insanı əks etdirirdi. “Romeo və Cülyetta”, “Hamlet”, “Otello”, “Makbet” kimi əsərlərin müəllifi bu cür ola bilməzdi. Amma o da məlumdur ki, əsl Şekspir heç nəyi ilə lordu xatırlatmırdı. Həm abidənin, həm də şəklin Şeksprin müasirləri tərəfindən yaradıldığını nəzərə alsaq, ortaya sual çıxır: Bunlardan hansı Şekspirdir? Və əgər biri Şekspirdirsə, o biri kimdir?

Çoxları bu fikirdədir ki, Stratford–on-Eyvon şəhərində doğulub yaşamış Uilyam Şekspir (əsl soyadı Şakespir olub) öz qəbirüstü abidəsində təsvir olunmuş şəxsdir. “Folio”da qravürası olan şəxs isə həmin əsərlərin gerçək müəllifidir və stratfordlu Şakespir deyil. Bu şübhələr üçün kifayət qədər əsaslar var.

Əlbəttə, həmin əsərləri Şeksprin yazdığına heç bir şübhə yoxdur. Sual budur “Şekspir” imzası altında gizlənən şəxs əslində kim olub?

1747-ci ildə Corc Qrin adlı keşiş çox qiymətli bir sənəd aşkarlayır. Bu, Şekspirin öz əlilə yazılmış vəsiyyəti idi. Vəsiyyətnamədən onu yazan adamın xasiyyəti üzə çıxır. Bəlli olur ki, Şekspir dahi əsərlər yarada bilməyəcək qədər cılız, xəsis və smic adam olub. Belə ki, vəsiyyətnamədə evdəki çəngəl-qaşığa qədər hər şeyin siyahısı tutulmuş olsa da, onun əsərləri haqqında bir cümlə də deyilməyib.

- Həmin sənəddə o, arvadına, qızına çarpayısını, məişət əşyalarını, pərdəni, qaşığı, çəngəli vəsiyyət edib. Amma bircə yerdə də mən öz kitablarımı kimə bağışlayıram deyə bir qeyd yoxdur. O, həmin əsərləri yazmış dramaturq Şekspirdisə, onun zəngin bir kitabxanası olmalı idi. Amma vəsiyyətnaməsində kitablarla bağlı heç bir işarə yoxdur,- deyə ədəbi tənqidçi, Şekspirin bilcisi Əsəd Cahangir AzVision.az-a bildirib.

Maraqlıdır, niyə? Axı hələ o dövrün özündə Şekspirin əsərləri kifayət qədər böyük maddi dəyərə malik idi. Bəs onlar necə unudula bilərdi? Bəlkə ona görə ki, Şakspirin həmin əsərlərə heç cür haqqı çatmırdı?
Hər halda, faktdır ki, vəsiyyətnaməni aşkarlayan Qrin dahi sayılan insanın bu dərəcədə cılızlığını özünə dərd edərək, yatağa düşmüşdü...



Getdikcə bu qəbildən olan faktlar çoxalır. Nəsil-nəsil araşdırmaçıların üzə çıxardığı faktlar Şeksprinin müəllifliyinin daşını-daş üstə qoymurdu. Bəlli olur ki, əsl stratfordlu Şakespir sələmçiliklə məşğul imiş və borcunu vaxtında ödəyə bilməyən dəmirçi qonşusunu məhkəmələrdə çürüdürmüş. “Venesiya taciri” əsərini yazan şəxs bunu necə edə bilərdi?

Bundan başqa, Şeksprinin əsərlərində 20 min sözdən istifadə olunub. Halbuki, real Şakespir əslində kəmsavad insan olub və hətta sənədlərə imzasını güclə çəkirmiş. Və heç kim heç vaxt onun bir sətir yazdığını belə görməyib. Düzdür, qəbirüstü abidəsində əlində lələklə təsvir olunsa da, məlumdur ki, bu lələk hardasa 100 il sonra abidəyə əlavə olunub. 1622-ci ildə heykəl yeni qoyulanda isə Şekspirin əlində torba təsvir olunurmuş.

Real stratfordlu Şakespir heç vaxr xarici dil bilməyib. “V Henri” əsərində isə fransızca yazılımış bütöv səhnələr var.

Ədəbi tənqidçi və Şekspirin bilcisi Əsəd Cahangirin AzVision.az-a dediyinə görə, Şekspirin 37 pyesindən və iki poemasından yalnız bircə əsəri - “Kral Lir” faciəsi bilavasitə ingilis həyatından bəhs edir. Yerdə qalan əsərləri Avropanın bu və ya digər xalqlarının həyatını çevrələyir. Yəni bu əsərləri Stratfordda doğulan, orada yaşayıb dünyasını dünyasını dəyişən Şekspir yaza bilməzdi. İbtidai məktəbi bitirən, aşağı təbəqədən çıxan, ali təhsil almayan bir adamın bu qədər savadlı və zəngin biliklər xəzinəsini özündə əks etdirən əsərlər yazması inandırıcı deyil.

- 1612-ci ildən 1616-ci ilə qədər, yəni 4 il müddətində Şekspir heç bir əsər yazmayıb. Onun ən axırıncı əsəri “Tufan”dır, 1612-ci ildə yazıb. Maraqlıdır ki, 4 il ərizndə o, niyə heç nə yazmayıb? Digər tərəfdən, Şekspir əgər məşhur dramaturq idisə, o dövrün ənənəsi vardı: məşhur dramaturq vəfat edəndə qələm yoldaşları onun haqqında hökmən nekroloq yazırdılar. Məsələn, o dövrün dramaturqlarından Şeksprin böyük müasiri Kristofer Marlo, Ben Conson və digərləri haqqında ölümündən sonra qələm yoldaşları saysız-hesabsız nekroloqlar yazıblar. Amma Uilyam Şekspir haqqında bir dənə belə nekroloq yoxdur. Əgər o, doğurdan da məşhur dramaturq idisə, niyə qələm yoldaşları onun haqqında heç bir yerdə də nekroloq yazmayıblar? – deyə Əsəd Cahangir soruşur.

Şekspirin əsərlərinin əslində Şekspir tərəfindən yazılmadığı fikrinə inananların arasında Çarlz Dikkens, Ralf Emerson, Bismark, Lord Palmerston, Uolt Uitmen, Anna Axmatova, Vladimir Nabokov, Ziqmund Freyd və digər məşhur şəxslər də inanırdılar. Mark Tven isə Şekspiri “dünyada heç vaxt mövcud olmamış insanların ən böyüyü” adlandırmışdı.

19-cu əsrin sonlarından başlayaraq, əsl Şekspirin kim olması haqqında mübahisələr qızışıb. Bu müqəddəs yerə namizəd kimi Frensis Bekon, Qraf Retlend, Qraf Oksford, Qraf Derbi, kral I Yakov, kraliça Yelizaveta, onun favoriti Ser Uolter Reyli (qraf Esseks), dramaturq Kristofer Marlo və digərlərinin adları çəkilib. Ümumilikdə, bu adların sayı 50-yə yaxındır. Versiyaların hər birini təsdiqləyən dəlillər olsa da, heç birini mübahisəsiz qəbul etmək də mümkün deyil. Ona görə, mübahisələr hələ də davam etməkdədir.



Bu gün Şeksprin kimliyi haqqında sual elmi problemdir. Çünki faktlara əsaslanır. Ona görə də bütün elmi problemlər kimi elmi metodla həll olunmalıdır. Faktik olaraq, dünyada Şekspiri öyrənən iki fərqli elm sahəsi var. Onlardan birincisi, Stratford məktəbi bu yanaşmadan çıxış edir ki, Şekspir dahi şair olub və əsərlərini də özü yazıb.

Əsəd Cahangir: “Birincisi, rəsmi versiyadır ki, o əsərlərin müəllifi 1564-cü ildə aprelin 23-də Stratford şəhərində doğulan və 1616-cı ildə aprelin 23-də Stratfordda vəfat edən Uilyam Şekspirdir. Yəni o, kasıb bir ailədən olub, ibtidai təhsil alıb, teatra böyük həvəs göstərib, Londona gəlib, burada evlənib, qızları, oğlu olub, ondan sonra teatrda mehtər işləyib. Ora gələn varlı adamların atlarını saxlayıb, suflyorluq edib, ikinci dərəcəli rollar oynayıb. `Qlobus` teatrının yaradan iki əsas insandan biri olub. Öz əsərlərini yazıb və böyük şöhrət qazanıb. Bu, rəsmi versiyadır. Bu versiyanın tərəfdarlarına `stratfordçular` deyirlər”.

İkincisi, Qeyri-Stratford məktəbi isə bu yanaşmanı əsas götürür ki, Şeksprin əsərlərini əslində özü yazmayıb, amma kimin yazması sualına da vahid cavab verə bilmir.

Elmdə hansısa mürəkkəb problemlə bağlı fərqli hipotezlərin olması əslində normaldır. Ona görə də, Şekspirşünaslığın ikinci qoluna da tam ciddiyyəti ilə yanaşmaq və bundan qorxmaq lazım deyil. Çünki Şeksprin əsərlərini əslində özünün yazmadığını qəbul etsək belə, bu, nə həmin əsərləri, nə də ki, gerçək Şekspiri gözdən salır. Sadəcə olaraq, biz dünya ədəbiyyatının ən böyük oyununun sirli pərdəarxasına boylanacağıq.

Şekspirşünaslığın ikinci yanaşması ilə maraqlananlar buna məhz elmi metodla yanaşmalıdırlar, şayiə və dedi-qodular əsasında yox.

Bəs “Şekspir” imzası altında dünyanı fəth etmiş məşhur əsərlərin gerçək müəllifi əslində kim olub? Gəlin, əsas versiyalarla tanış olaq.

Bu sahədə yazılan ən nüfuzlu araşdırmalardan biri Kolubmiya Univertsitetinin professoru Ceyms Şapironun “Contested Will: Who Wrote Shakespeare” kitabıdır. Şapiro dolaşıqlığın əsas günahkarı kimi 1790-cı ildə Şeksprin əsərlərinin 10 cildliyini nəşr etdirən Edmond Melounu göstərir. Belə ki o, Şekspirin əsərlərində xüsusilə də, sonetlərində bioqrafik dolaşıqlardan qaçmaq üçün müəllifin şəxsiyyətinə aydınlıq gətirə biləcək bütün hissələri ixtisar etmişdi.

Şekspirin əsərlərinin əsl müəllifi hesab olunan şəxslərdən biri, araşdırmaçı Tomas Luninin fikrincə, 17-ci Oksford Qrafı Eduard Devir olub. Luni 1920-ci ildə dərc olunan “Aşkarlanmış Şekspir” kitabında bu versiyanı əsaslandırmaq üçün kifayət qədər arqumentlər gətirir. Belə ki, qraf Oksford saraya yaxın, kübar səyahət etməyi sevən, İtaliyanı yaxşı tanıyan və ədəbi qabiliyyəti olan bir şəxs olub. Amma iş ondadır ki, qraf Oksford 1604-cü ildə dünyasını dəyişib. Şekspir isə həmin ildən sonra da əsərləri yazıb.

- Başqa bir fikrə görə, əsl Şekspir Qraf Sauthempton olub,- deyir Əsəd Cahangir.- O, Yelizaveta dövründə çox böyük mənsəb sahibi olan bir əsilzadə idi. Xüsusi dərnəyi var idi, orada intellektuallar toplaşıb elmi və bədii yaradıcılıqla məşğul olurdular. Digər versiyaya görə, həmin əsərlər çoxlu sayda müəlliflər heyətinin birgə əməyinin məhsuludur. Onların fikrincə, bir insan bu qədər zəngin hərtərəfli biliklərə malik ola bilməzdi. Çünki Şekspirin əsərlərində çoxlu tarixi, coğrafi, ədəbi-fəlsəfi bilgilər toplanıb. Dünyanın müxtəlif xalqlarının tarixindən həyatından bəhs edən əsərlər yazıb.

“Şekspirliyə” ən iddialı namizəd isə Retlend qrafı Rocer Menners hesab olunur. Günü bu gun də Vindzor sarayındakı portretlərin arasında onun da şəkli var. Yeri gəlmişkən, qraf Retlend Frenses Bekonun yetirməsi olub. Tomas Luni də qeyd edir ki, Şekspirin əsərlərini analiz edəndə biz məhz onun psixoloji portretini görürük.



Müasirlərinin yazdığına görə, qraf Retlendin gözəl ədəbi zövqü, yüksək savadı, sirli mövzulara meyili olmaqla yanaşı, o, çox həssas, kübar və əlbətə ki, saraya yaxın bir insan olub. Musiqini və qadınları çox sevir, hər ikisindən yaxşı baş çıxarırmış. Bütün bu keyfiyyətlər onu Əsl Şekspir saymaq üçün bəs edərdi. Amma başqa faktlar da az deyil. Məsələn, 1612-ci ildə qraf Retlend öləndən sonra Şekspir bircə sətir belə yazmayıb.
Bundan başqa, o, “Hamlet”dəki hadisələrin cərəyan etdiyi Danimarkada diplomatik xidmətdə olub. Məhz onun Danimarkaya səfərindən sonra “Hamlet”in ikinci nəşri çıxıb ki, bu nəşrdə həmin ölkənin həyatı daha dəqiq təsvir olunurdu.

Şekspir sujetlərinin demək olar ki, hamısına Retlendlərin Belvuardakı qəsrinin kitabxanasında saxlanılan əsərlərdə rast gəlmək mümkündür. Şakespirdə Şekspir olmaq üçün çatışmayan bütün cəhətlər Retlenddə olub. O, Avropada çoxlu səyahət edib, İrlandiyada savaşıb, dənizdə səyahət zamanı dəhşətli fırtanaya düşüb... Saray intriqlarının pərdəarxasına yaxşı bələd olub. Esseks sui-qəsdində iştirak edib, həbs olunub və “Tauer” zindanına qapadılıb. Onun həyatının bu dönüşləri demək olar ki, Şekspirin bənzər sujetli məşhur əsərləri ilə təxminən eyni vaxta təsadüf edib.

Ən əsası isə, Retlend Şekspirliyə namizədlərin arasında yeganə insandır ki, Uilyam Şakespirin özü ilə şəxsi münasibəti olub. Retlendin teatra da xüsusi marağı varmış.

Qraf Retlendlə kraliça Yelizavetlə arasında dərin, ehtiraslı, eyni zamanda gizli sevginin olduğu da bildirilir. Lap Romeo və Cülyetta kimi. Hətta Retlend öləndə Yelizaveta onun özü üçün nəzərdə tutulmuş yerin yaxınlığında basdırılmasına göstəriş verib.

Yaxsı, bəs Şekspirin dahiyanə əsərlərinin əsl müəllifi özünün nəhəng dühasını nə üçün gizlətməli idi?
Bəzən buna yalnış olaraq, belə bir səbəb göstərirlər ki, əsilzadə bir insan üçün şeir və pyeslər yazmaq ayıb sayıla bilərdi. Amma bu fikir həqiqətə uyğun deyil, çünki o dövrlərdə hətta kralların özləri belə, məsələn, şeir yazmağı nəinki ar bilir, hətta bununla fəxr edirdilər. Şekspir imzası isə ilk dövrlərdə məhz sonetlərə və poemalara qoyulurdu.

Bu oyunun qurulması da iki səbədən irəli gələ bilərdi. Birincisi, siyasi məsələrlə bağlı olaraq, müəllif öz adını gizlədərdi. Bir də ola bilər ki, öz adının ətrafında sirr haləsi yaratmaq, əbədi bir müəmmaya çevrilmək, bununla da tarix, zaman, əbədiyyət səhnəsində bir tamaşa qurmaq istəyib. O, bütün dünyanı teatr kimi görür və özü də bu teatrda sirli rolunu oynayıb.

- Şekspirin rəsmən 37 pyesi var. – deyir Əsəd Cahangir.- Amma fikrimcə, əslində 38-ci pyes də mövcuddur. O pyesin adı “Şekspir məsələsi”dir. Mənə elə gəlir ki, bu pyesin pərdəsi ta ki Qiyamətə qədər qaldırılmayacaq. Bu, Şekspirin bəşəriyyətlə qurduğu ən böyük və ən dahiyanə bir tamaşasıdır. Və qiyamətin özünə qədər çözülməyəcək bir tragikomediyadır.

Nihadə Eyyubova
Tariyel Həsənov

AzVsion.az


Teqlər:  





Xəbər lenti