YUĞ Teatrının kollektivi Prezidentin sərəncamını sevinclə qarşılayıb

YUĞ Teatrının kollektivi Prezidentin sərəncamını sevinclə qarşılayıb
  18 Aprel 2019    Oxunub:3369
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında” 2019-ci il 17 aprel tarixli Sərəncamını Azərbaycan Dövlət “Yuğ” Teatrının kollektivi sevinclə qarşılayıb. Sərəncama əsasən Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,2 milyon manat, o cümlədən Azərbaycan Dövlət “Yuğ”, Pantomima teatrlarına, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına, Şəki, Ağdam, Füzuli, Qazax Dövlət Dram teatrlarına, Qusar Dövlət Ləzgi Dram Teatrına, Qax rayonu Gürcü Dövlət Dram Teatrına, Gəncə, Qax və Salyan Dövlət Kukla teatrlarının hər birinə 100 min manat ayrılır. Dövlət başçısının bu Sərəncamı teatr xadimlərinin sevincinə səbəb olub.
Azərbaycan Dövlət “Yuğ” Teatrından Azvision.az -a verilən məlumata görə, bu münasibətlə keçirilən toplantıda teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov və baş rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ölkədə teatr sənətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, bu sahədə həyata keçirilən böyük islahatlardan danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyət və incəsənət işçilərinin bir qrupu ilə görüşü və bu görüşdə dövlət başçısının mədəniyyət xadimlərinin təkliflərini, arzularını, problemlərini dinlədikdən sonra teatr, kino və musiqi sahəsində həyata keçirilən islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Görüşdən bir neçə gün sonra Azərbaycan Dövlət Rus Dram Teatrına və Musiqili Teatra akademik statusu verilib. Teatr işçilərinin əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb. Bir sıra teatrlara maliyyə vəsaiti ayrılıb. Çox şadıq ki, Azərbaycan Dövlət “Yuğ” Teatrı da dövlət başçımızın diqqətindən kənarda qalmayıb. 1989-cu il oktyabrın 18-də Akademik Milli Dram Teatrının nəzdində qüdrətli sənətkarlar Vaqif İbrahimoğlu və Həsənağa Turabov tərəfindən studiya kimi yaradılan, sonralar dövlət statusu alan “Yuğ” Teatrı milli teatr mədəniyyətində özəl çəkiyə malikdir. Bu il 30 yaşını qeyd edən teatr fərdi estetikası, özünəməxsus dəstxəti, poetikası olan teatrlardandır. Yarandığı gündən milli teatr ənənələrindən bəhrələnən, xalq oyun-tamaşa mədəniyyətini Avropanın qabaqcıl teatr tendensiyaları ilə üzvi şəkildə birləşdirən “Yuğ” Teatrı bir çox xarici festivallarda ölkəmizi uğurla təmsil edib və bu gün də etməkdədir. Teatrda milli və xarici klassiklərin, eləcə də müasir müəlliflərin əsərləri əsasında 150-yə yaxın tamaşa hazırlanıb. “Yuğ” teatrı və onun yaradıcısı Vaqif İbrahimoğlu Azərbaycan teatrı üçün böyük rejissor və aktyor nəsli yetişdirib. 2016-cı ildən etibarən Dövlət Kukla Teatrının binasında fəaliyyətini davam etdirən “Yuğ” Teatrı həmişə milli məfkurəyə, azərbaycançılıq ideyasına sadiq qalıb və bu gün də Azərbaycan teatrının milli ənənələr üzərində inkişafı, dünya miqyasında tanınması üçün əlindən gələni əsirgəmir.

Son günlər ərzində dövlət miqyasında teatr sənətinə göstərilən xüsusi diqqət və qayğı, teatr xadimlərinin bir sıra problemlərinin həllinə, maddi rifah halının yüksəldilməsinə yönəlmiş addımlar, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı “Yuğ” Teatrı kollektivinin gələcəyə daha nikbin baxmasına zəmin yaradır. İnanırıq ki, hər zaman sənətin və sənətçinin yanında olan dövlətimiz bundan sonra da bütün teatrlar kimi, Azərbaycan teatr şəbəkəsində özünəməxsus yerə malik olan, heç bir teatra bənzəməyən 30 yaşlı “Yuğ” Dövlət Teatrının da qorunub-saxlanılması və yaradıcı inkişafı baxımından zəruri olan hər bir addımı atacaq. Bu Sərəncam teatrın bir çox problemlərinin həllinə yardımçı olacaq və kollektivimiz maddi problemlərdən qurtularaq öz yaradıcı fəaliyyətini daha böyük əzmlə davam etdirəcək.

Azvision.az


Teqlər: YUĞ   Teatr  





Xəbər lenti