AMEA-nın yeni vitse-prezidenti kimdir? - DOSYE

  AMEA-nın yeni vitse-prezidenti kimdir? -    DOSYE
  01 May 2019    Oxunub:6990
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib. Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında gizli səsvermə keçirilib.
Səsvermənin nəticələrinə əsasən, R.Əliquliyev 1 səs əleyhinə olmaqla vitse-prezident seçilib. Seçkidə akademiyanın yalnız həqiqi üzvləri iştirak ediblər.

Azvision.az texnika elmləri doktoru, professor Rasim Əliquliyevin bioqrafiyasını təqdim edir:

Rasim Məhəmməd oğlu Əliquliyev 20 yanvar 1958-ci ildə Bərdə rayonunda anadan olub. 1979-cu ildə Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini "Elektron hesablama maşınları" ixtisası üzrə bitirib. 1979-1986-cı illərdə AEA Kibernetika İnstitutunda mühəndis, böyük mühəndis, komsomol katibi vəzifələrində çalışıb və aspiranturada təhsil alıb. 1986-cı ildə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsinə köçürülüb: böyük mühəndis, aparıcı mühəndis, "Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi" layihəsinin baş mühəndisi, təşkilatın baş mühəndisi – direktor müavini vəzifələrində işləyib.



1997-ci ildə AEA İnformasiya-Telekommunikasiya Elmi Mərkəzində (İnformasiya Texnologiyaları İnstitutunun sələfi) “İnformasiya təhlükəsizliyi problemləri” şöbəsini təşkil edərək ona rəhbərlik edib.

2007-ci ildə isə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya cəmiyyəti problemləri” şöbəsini yaradaraq ona rəhbərlik edir.

R.Əliquliyev kompüter şəbəkələrinin informasiya təhlükə­sizliyini təmin edən adaptiv sistemlərin qurulmasının elmi-metodoloji əsaslarını işləyib, onların sintezi üçün modellər və alqoritmlər təklif edib. Bundan əlavə, mətn tipli verilənlərin, həmçinin ifrat böyük həcmli məlumatların (Big Data) intellektual analizi (Data Mining) üçün bir sıra modellər, metodlar və alqoritmlər hazırlayıb. Korporativ istifadəçilər qrupunun informasiya təhlükəsizliyinin təmini üçün dəyişən struk­turlu virtual xüsusi şəbəkələrin qurulmasının konseptual əsaslarını işləyib, onların sintezi üçün modellər və metodlar təklif edib.



Elektron dövlət mühitində sosial şəbəkələrin analizi, online mühitdə cəmiyyətin idarə edilməsi, fərdi məlumatların intellektual analizi üçün modellər və metodlar işləyib. İnformasiya cəmiyyəti və onun müxtəlif seqmentlərinin formalaşması üçün bir sıra konseptual yanaşmalar və təkliflər verib.

Şəbəkə resurslarının virtuallaşdırılması və buludların (cloud) sintezi üçün yeni yanaşmalar və modellər təklif edib. Milli informasiya təhlükəsizliyi sisteminin formalaşma konsepsiyası və reallaşdırılması üçün bir sıra yanaşmalar ortaya qoyub.

2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur. 2007-ci ildə “İnformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2013-cü ildə AMEA-nın akademik-katibi, 2014-cü ildə “İnformatika” ixtisası üzrə AMEA-nın həqiqi üzvü seçilib. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub.

Ailəlidir: 1 qızı və 1 oğlu var.

Aytən Zəhra
Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti