İçərişəhərdə “Saray məclisi”ləri təşkil ediləcək
Musiqi nömrələri arasında qonaqlar Əməkdar artist, aktyor və qiraətçi Azad Şükürovun ifasında Azərbaycan ədəbiyyatı poeziyasının incilərini dinləyərək həqiqi saray məclisinin sehrinə düşəcəklər. Konsert proqramının aparıcısı Əməkdar artist Rahib Azəri olacaq.
Musiqili tədbirin keçirilməsində məqsəd xalqımızın tarixi qədər qədim olan, böyük təkamül yolu keçmiş musiqi mədəniyyətimizi təbliğ etməkdir. Milli musiqimizi tərənnüm edəcək konsert proqramının minillik tarixi olmuş, ən uzunömürlü orta əsr dövlətimizin iqamətgahında - Şirvanşahlar Sarayı Kompleksində keçirilməsi heç də təsadüfi deyildir. Bu gün “saray məclisləri”nin təşkil edilməsi vaxtilə sarayda keçirilmiş məşhur “şərq gecələri”, “musiqi məclisləri” ənənəsinin yaşadılmasına xidmət edəcək.
“İçərişəhər” Muzey Mərkəzi, həmçinin ayda bir dəfə olmaqla mərkəzin nəzdində fəaliyyət göstərən muzeylərdə növbəti konsert proqramları ilə çıxış etməyi planlaşdırır. Digər maraqlı bir məqam isə tezliklə artıq “İçərişəhər” Muzey Mərkəzi nəzdində “Muzeyin dostları” adlı klubun yaradılması ilə bağlıdır. Klubun ilk fəxri dostları bu layihənin həyata keçməsində dəstəyini əsirgəməyən Mənsum İbrahimov və onun sazəndələrdən ibarət komandası olacaq.
Azvision.az
Teqlər: İçərişəhər