Gənclərimiz karyera günü keçirib

Gənclərimiz karyera günü keçirib
  25 Noyabr 2013    Oxunub:1357
Almaniyanın Düsseldorf şəhərində Azərbaycan Tələbə Şəbəkəsinin, NRW. Invest və Şimali Reyn Vestfaliya əyalətinin İqtisadiyyat, Energetika, Sənaye, KOM- lar və Sənətkarlıq Nazirliyi və İnnovasiya, Elm və Tədqiqatlar Nazirliyinin əməkdaşlığı ilə təşkil etdiyi ilk beynəlxalq karyera günü həyata keçirilib.
Tədbir Şimali Reyn Vestfaliya əyalətinin İqtisadiyyat, Energetika və Sənaye Nazirliyinin direktor müavini cənab Karl- Uve Bütof, NRW. Invest şirkətinin səlahiyyətli nümayəndəsi cənab Rainer Hornig və Azərbaycan Tələbə Şəbəkəsinin icraçı direktoru cənab İbrahim Əhmədovun çıxışları ilə açıq elan edilib.

Tədbirdə Azərbaycandan və Almaniyadan olan tələbələr, məzunlar, həmçinin gənc mütəxəssislər iştirak edib və karyeranın planlaşdırılması, iş müraciətlərinin hazırlanması, professional inkişaf mövzularında KPMG, E.ON, SOCAR, MLP və Evonik kimi aparıcı şirkətlərin təcrübəli müşavirləri, yerli işəgötürənlər, maliyyə ekspertləri, o cümlədən karyera trenerləri tərəfindən hazırlanmış təqdminatları dinləmək və yaxından iştirak etmək imkanı əldə ediblər.

“Qlobal şirkətlərdə karyera imkanları ilə yanaşı şəxsi və professional inkişafın yolları”, “Şəxsin həqiqi və tam potensialından istifadə etmə qaydaları”, o cümlədən “Şəxsin iş müsahibələrindəki performansının marketingi” kimi mövzular gənc məzunların xüsusən diqqətini cəlb edib.

Müxtəlif prezentasiyaların və qabaqcıl təcrübə nümunələrinin birləşməsindən ibarət olan bu tədbirdə tələbələrin panel müzakirələrində aktiv iştirak etməsi ekspertlər və məzunlar arasında intensiv dialoqun yaranmasına səbəb olub və bu şəkildə tələbələr və məzunların gələcəkdə müraciət etmək istədikləri şirkətlər haqqında olan məlumatlarının genişləndirilməsinə şərait yaradıb.

Fasilə zamanı bəzi tələbələr qəhvə və şirniyyatlar dadır, digərləri yaradılmış şəraitdən istifadə edərək beynəlxalq mühitdə iş imkanları təklif edən şirkətlərlə bilavasitə əlaqələr qurmağa çalışırdılar. Fasilə zamanı həmçinin tədbir iştirakçıları üçün iş müraciətləri zamanı gərəkli olan professional fotoşəkilin fotoqraf tərəfindən çəkilməsi də ödənişsiz olaraq Azərbaycan Tələbə Şəbəkəsi tərəfindən təşkil edilib.

Alman şirkətləri ilə yanaşı, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də Azərbaycan Tələbə Şəbəkəsinin təşkil etdiyi bu tədbirdə təmsil olunurdu. Azərbaycan Dövlət Neft Şirkətinin Almaniyadaki nümayəndəliyinin direktor müavini də öz növbəsində çıxış edərək şirkət haqqında tədbir iştrakçılarına məlumat vermiş və şəxsi motivasiyanın profesional inkişaf üçün əhəmiyyətini bir daha vurğulayıb. Daha sonra o, Almaniyadaki Azərbaycan şirkətlərində iş imkanları və prespektivləri haqqında da məlumat verib.

Çıxış edənlər arasında Hoesch Bausysteme MMC və Manu Dextra şirkətlərində çalışan gənc mühəndislər və həmçinin MLP Finanzdienstleistungen SC-nin baş müşaviri də yer alıb. Onlar da öz növbələrində Alman şirkətlərində qazandıqları uğur hekayələrindən bəhs edib və müvəffəqiyyətli qlobal şirkətlərdə iş şansları əldə etmək üçün vacib olan tələblər haqqında məlumat veriblər.

Deutsche Bank, E.ON, BTO- Consulting və Azərbaycan Tələbə Şəbəkəsinin nümayəndələri arasında keçirilən panel diskusiyalarında Almaniyanın Şərqi Avropa ilə əlaqələri və Azərbaycanın “Avropa və Asiya arasındaki körpü” rolu bir daha vurğulanıb.

Karyera Günü Avropadan olan tələbələrlə Azərbaycanlı tələbələri bir araya gətirən yığıncaqla başa çatıb. Həmin yığıncaqda gənc mütəxəssislər, tələbələr və məzunlar fikir və təcrübə mübadilələri apararaq öz horizonlarını genişlətmək və şəbəkələr yaratmaq imkanına malik olublar.


Teqlər:





Xəbər lenti