“Çoxvektorlu diplomat”: Qazaxıstanın yeni prezidentinin siyasi portreti

      “Çoxvektorlu diplomat”:    Qazaxıstanın yeni prezidentinin siyasi portreti
  10 İyun 2019    Oxunub:7430
“O, Qazaxıstanın müstəqilliyinin ilk günlərindən mənim yanımda çalışır. Tokayev – bizim Qazaxıstanın idarəçiliyini etibar edə biləcəyimiz şəxsdir”. Bu sözləri martın 19-da Nursultan Nazarbayev demişdi. Belə də oldu: Artıq Qazxıstanın prezident kürsüsü Kasımjomart Tokayevə həvalə olunub.
Tokayevin dövlət qurumlarında iş təcrübəsi kifayət qədərdir: O, xarici işlər naziri, baş nazir, Senatın sədri kimi yüksək kürsülərdə əyləşib.

Kasım-Jomart Tokayev 1953-cü ildə Qazaxıstanda anadan olub, Beynəlxalq Münasibətlər üzrə Moskva Dövlət İnstitutunda (MQİMO) təhsil alıb. O vaxtlar sovet diplomatiyasının əsas kadrları məhz bu ali məktəbdə yetişirdilər. SSRİ dövründə karyerası yüksələn xəttlə inkişaf edib, 1992-ci ildə artıq isə müstəqil Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini olub. İki ildən sonra ölkənin xarici siyasəti ona həvalə olunub və Tokayev 10 il qısa fasilələrlə Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

Diplomat kimi xaricdə də tanınıb və nüfuz qazanıb: 2011-2013-cü illərdə BMT-nin Cenevrə ofisinə rəhbərlik edib ki, ona qədər Mərkəzi Asiya ölkələrindən heç kim bu etimada layiq ola bilməmişdi.

O, sakit və təmkinli insan kimi tanınır. Siyasətçi və dövlət xadimi kimi kifayət qədər mülayimdir: İndiyə qədər heç bir sərt hərəkəti, kəskin fikrilə yadda qalmayıb.

Ölkənin xarici siyasətinə rəhbərlik edərkən Tokayev “Çoxvektorlu xarici siyasət” anlayışını əsas tuturdu. Sadə dildə bu, dünyanın əsas güc mərkəzlərinin hamısı ilə yaxşı münasibətlər saxlamaq anlamına gəlirdi. Həmin siyasət özünü Qazaıxtanın xarici siyasətində də göstərir: Hazırda ölkənin əsas ticarət tərəfdaşı Avropa Birliyidir, sonrakı yerlərdə Rusiya və Çin gəlirlər. ABŞ da həmçinin vacib tərəfdaşlardan biri sayılır.

Doğma dilindən başqa Rus, Çin, İngilis dillərini də yaxşı bilən Tokayev “multivektorial” xarici siyasət yürütmək üçün ideal namizəddir. Rusiya ilə tarazlı münasibətlərin formalaşmasında onun rolu heç də az olmayıb. Məhz çoxvektorlu diplomatiyanın nəticəsində Qazaxıstan Avrasiya İqtisadi Birliyinin üzvü ola-ola kifayət qədər müstəqil xarici siyasət yeridib, Krımın ilhaqını, Abxaziya və Güney Osetiyanın müstəqilliyini tanımayıb. Eyni zamanda Qərb dövlətlərilə yaxşı tərəfdaşlıq qurmağı da bacarıb. Nəticədə Qərb ölkələri Qazaxıstanın daxili işlərinə praktik olaraq qarışmırlar.

Tokayev hər zaman Nursultan Nazarbayevə sadiqliyi ilə diqqət çəkib. Ölkənin paytaxtını “Nursultan” adlandırmaq da məhz onun təklifi idi. Onun siyasi karyerasının yüksəlişində əlbəttə ki, Elbaşına olan bu sədaqəti də hər zaman əsas amillərdən biri olub.

Ona görə də, Tokayevin seçilməsi əslində Qazaxıstanda Nazarbayevin siyasi kursunun davam etdirilməsi deməkdir. Üstəlik, Elbaşı özü də dövlət işlərindən çox uzağa getməyib axı...

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Tokayev   Qazaxıstan  





Xəbər lenti