Sosial dövlətçilik Azərbaycanda yeni ideologiyaya çevrilir – TƏHLİL

   Sosial dövlətçilik Azərbaycanda yeni ideologiyaya çevrilir –    TƏHLİL
  19 İyun 2019    Oxunub:6082
Bu gün Prezident İlham Əliyev imzaladığı sərəncamlarla əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilmiş növbəti sosial paketi təsdiqlədi. Həmin Sərəncamlara görə:
- Minimum əməkhaqqı 180 manatdan 250 manata qaldırıldı;
- Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırıldı;
- Hərbi və hüquq-mühafizə orqanlarının işçilərinin əməkhaqları 40 faiz qaldırıldı;
- Müəllimlərin maaşları 20 faiz çoxaldı;
- Büdcədən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin maaşları 40 faiz artdı.
Bu paket nəyi göstərir və nə üçün önəmlidir? Biz ondan hansı nəticələri çıxarmalıyıq?

Hər şeydən əvvəl, bu addım ilə Dövlət Başçısı təsdiqlədi ki, ötən ilin sonlarında qəbul edilmiş qərarlar, həyata keçirilən artımlar əlahiddə hal yox, böyük bir Prosesin tərkib hissəsi idi. Şərti olaraq “Sosial Rifahın Güclənməsi” adlandıra biləcəyimiz bu proses mərhələlərlə, pillə-pillə davam edir və edəcək. Hər pillədə möhkəmlənəndən sonra növbətiyə addım atırıq. Demək ki, bugünkü artım Sərəncamları da əsla son deyil. Qarşıda hələ yeni artımları da gözləməyə dəyər.

Maraqlıdır: Hara qədər? Yəni dövlət bu artımlarda nəyə hədəflənib?

Birinci artımda ölkədə minimal əməkhaqqı minimum yaşayış səviyyəsi həddinə çatdırılmışdı. Bu, xeyli müddətdir ki, can atılan vacib hədəf idi. O keçiləndən sonra, indiki – ikinci addımla Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə Güney Qafqazda liderə çevrildi. Belə ki, hazırda bizdə minimum əməkhaqqı 147 dollar olduğu halda, Errmənistanda 115 dollardır. Gürcüstana gəlincə, orada minimal əməkhaqqının qanunvericiliklə təsbit olunmuş ciddi norması yoxdur, sahələrə görə 10-53 dollar arasında dəyişə bilir. Orta maaş Gürcüstanda 130-150 dollardır. Yəni təxminən bizim minimum əməkhaqqı səviyyəsində.

Üçüncü addımla yəqin, Azərbaycan MDB-də liderə çevrilə bilər. Bugünkü sərəncamlardan sonra ölkəmiz ilk üçlüyə daxil olur və Rusiya ilə Belrusdan çox cüzi – praktik olaraq, bir neçə dollar geridə qalır. Demək, növbəti hədəfə də asanlıqla çatılacaq. Amma bu da əlbəttə ki, son olmayacaq – proses hələ davam edir. Sonrakı mərhələlərdə əhalinin yaşayış səviyyəsi üçün hər dəfə yeni hədəflər qoyularaq, hətta tədricən Avropa standartlarına qədər yüksəldilə bilər. Niyə də yox?

Birinci artımdan sonra çoxları dövriyyədə artan pul kütləsinin inflyasiya təzyiqləri yaradacağını, nəticədə manatın qiymətdən düşəcəyini proqnozlaşdırırdılar. Amma elə olmadı: Manat ilin əvvəlindən bəri praktik olaraq, zəifləməyib. Demək, bütün bu işlər planla, düşünülmüş şəkildə, hər bir amil nəzərə alaraq, aparılır.

Burada vacib bir nüansı da qeyd eləmək lazımdır: Hazırda dünya bazarında neftin qiyməti yüksək deyil və 60 dollar ətrafında dalğalanmaqdadır. Qlobal prosesləri nəzərə alsaq, aşağı düşmək ehtimal da var. 60 dollar – Neftin Azərbaycanın büdcəsi hesablanarkən qəbul edilmiş qiymətidir. Buna baxmayaraq, belə məqamda Sosial paketin növbəti mərhələsi qəbul edilirsə, demək, həm də mesaj verilir ki, neftin qiymətlərindən asılı olmayaraq, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş addımlar davam etdiriləcək. Çünki hazırda bu, artıq təkcə neftin gəlirlərinin hesabına yox, həm də həyata keçirilmiş islahatlardan gələn faydanın hesabına reallaşdırılır. Yəni belə də deyə bilərik ki, sosial-iqtisadi islahatlar hər dəfə daha yüksək ölçüdə əhalinin rifahının yüksəldilməsinə konvertasiya olunur.

Bir neçə gün qabaq Azərbaycan qazı Avropanın sərhədinə çatdırıldı. Bundan dərhal sonra ikinci geniş Sosial Paketin təsdiqlənməsi həm də belə bir mesaj verilir: İndi Azərbaycan üçün yeni maliyyə mənbəyi açılır və oradan gələn əlavə vəsait də əhalinin rifahının yüksəldilməsinə yönəldiləcək. Qarşıdakı dövrdə həmin maliyyə artdıqca, insanlar onun faydasını da daha çox görəcəklər.

Bütün bunlardan çıxan əsas nəticəni isə belə formulla ifadə edə bilərik: Azərbaycanda əhalinin sosial rifahının ardıcıl addımlarla yüksəldilməsi artıq sadəcə cari məsələlərin həllinə hesablanmış taktiki addımlar deyil; ölkədə Sosial Dövlət modelinə irimiqyaslı keçid prosesi baş verir və bu sərəncamlar həmin keçidi reallaşdırırlar. Sosial Rifah Cəmiyyətinin quruculuğu artıq Azərbaycanda dövlət ideologiyasının vacib elementlərindən birinə çevrilir.

Vüsal Məmmədov

Azvision.az



Teqlər: Sosial-dövlət   Sosial-rifah   Artımlar  





Xəbər lenti