Bir vaxtların məşhur “Yuxu”su... - FOTOLAR+VİDEO

Bir vaxtların məşhur “Yuxu”su... -  FOTOLAR+VİDEO
  03 İyul 2019    Oxunub:15327
Azərbaycanın vaxtilə məşhur “Yuxu” rok qrupunun yaradıcısı İbrahim Emin ötən gün dünyasını dəyişib. Bir zamanlar onun bəstələrini sevərək dinləyən pərəstişkarları 56 yaşlı musiqiçinin ölümünü böyük üzüntü ilə qarşılayıblar.
"Yuxu” rok qrupu 1988-ci ildə bass-gitarist İbrahim Emin tərəfindən Sumqayıt şəhərində yaradılıb. Qrupun ilk çıxışı 1987-ci ildə Sumqayıt şəhərində - "Kimyaçı" Mədəniyyət Sarayında baş tutub. 1989-cu ildə keçirilən ”Qızıl payız” festivalında qalib olub. "Xəzərin Sahilində", "Sumqayıt", "Ölümə çarə yox" kimi mahnılarla məşhurluq qazanan “Yuxu” 2001-ci ildə fəaliyyətini dayandırıb.



Hazırda tatuirovka işi ilə məşğul olan qrupun keçmiş üzvü Çingiz Eyvazov "Yuxu"nun yaranma tarixi barədə xatirələrini Azvision.az-la bölüşüb: "Evdə məşqlər edirdim. Bir də görürdün ki, rəhmətlik atam gecə saat birdə durub deyərdi ki, “ala, bəsdir də, qoymursan bizi yatmağa, Çingizin (nağara çalan Çingiz Mehdiyevi nəzərdə tuturdu) biri dəli olub, Qobustanda daşların üstündə çalır, biri də burada mazgimizi xarab edir”. Bax, belə bir şərtlərdə biz çalmağı öyrəndik. İbrahim də balacalıqdan gitara çalırdı, bir Namiq tara getmişdi.



O aralarda gitaraçı olan qonşumuz İbrahim Emin qrup yaratmaq istəyirdi. Mən də onunla bərabər işləməyə başladım. Daha sonra gitaraçı qardaşımız Namiq Nağdəliyevi əsgərlikdən gələndən sonra qrupa çağırdıq. Mən zərb alətlərində, Namiq gitarada, İbrahim Emin bass- gitarada çalırdı. Cəsur Nemətov isə vokal idi. Beləcə, yavaş-yavaş məşqlərə başladıq. Çalışdıq, əlləşdik, gecə-gündüz işlədik. Qrupu yaratmağa nail olduq. Qrupun adını İbrahim Emin seçmişdi. Dəqiq xatırlamıram, səhv etmirəmsə, yuxularında hansısa qrupunun olduğunu görüb deyə adı da belə qoydu".



"Yuxu"lu günləri yada salan Ç. Eyvazov daha sonra qrupun konsertlərindən söz açıb: "Müxtəlif müsabiqələrdə iştirak edirdik, “Qızıl payız” da ən yaxşı rok qrupu seçildik. Sumqayıtdan tək biz idik. 28 rok qrup iştirak edirdi. Tanınmış sənətçilər də vardı. Deməli, Bakıdan “Dərviş” rok-qrupu ilə biz finala qaldıq. Birinci yeri kimsəyə vermədilər, ikinci yeri hər iki rok qrupu qazandı. Nə Bakı, nə də Sumqayıt üzülməsin deyə belə etdilər".

"Qızıl Payız" festivalının dinləyicilərindən biri, Fransadan gəlmiş xanım menecer qrupa onlar üçün həm albom buraxmağı, həm də konsertlər verməyi təklif edib. Bu təklifdən sonra "Yuxu" albom çıxarmaq üçün Türkiyəyə gedib və musiqi şirkətlərindən birində ilk albomlarını buraxıb. Sonra həmin menecer Türkiyəyə gələrək "Yuxu"nu Fransaya aparmaq üçün həmin şirkətlə anlaşma əldə edib. Daha sonra sənədləri toplayıb Fransaya qayıdaraq qrupun Fransada konsertlər verməsi, orada qala bilməsi üçün əlindən gələn köməkliyi göstərib. Bütün bunlara baxmayaraq, qrupun Fransaya getməsi heç cür mümkün olmayıb. Buna səbəb Azərbaycandan musiqiçilərə Fransada müvəqqəti yaşamaq üçün lazım olan icazə sənədlərinin verilməməsi olub.



Bundan sonra qrup Türkiyədə çalışmaq qərarına gəlib. Orada olduqları müddətdə 3 albom- "Xəzərin Sahilində" (1993), "Sumqayıt" (1994), "Ölümə çarə yox" (2001) albomlarını buraxıblar. Qrup 1993-cü ilin oktyabrın 10-da keçirilən "Atom Sentralına Qarşı Türkcə Rok Festivalı"nın iştirakçısı olub. “Yuxu”nun Türkiyədə fəaliyyəti 1991-ci ildən 2001-ci ilə qədər davam edib.

Ç.Eyvazov: "Vokalist Cəsur Nemətov Moskvaya getdi. Azərbaycandan bir neçə vokalist dəvət etdik. Sağ olsunlar, onlar da köməklərini əsirgəmədilər. Bir müddət işlədik. Dağılma səbəbinə gəlincə, mənə elə gəlir ki, bir az yorulduq. Ancaq bunu hamının ağzından eşitmək lazımdır. Çünki hərənin öz fikri olacaq".



“Xəzərin sahilində” mahnısı "Yuxu"nun ən uğurlu mahnısı idi. Bu mahnını bir çox radiolarda da eşitmək mümkün idi. Sumqayıtda Vahid Mustafayevin rejissorluğu ilə həmin mahnıya klip çəkilmişdi. Həmin klipi Türkiyə televiziyaları da efirə verirdilər.

"Türkiyədə olarkən rəhmətlik Barış Mançonun proqramına çıxdıq. Hətta "Kanal D" televiziyasının açılışı zamanı ilk dəfə Levent Yüksəl, Jalə adlı sarısaçlı bir sənətçi, bir də bizim qrup iştirak etdi. Barış Manço bizi çox istiqanlı qarşıladı. Özü də şok oldu ki, Azərbaycanda belə rok qrupları var imiş".



"Yuxu" fəaliyyətini dayandırdıqdan sonra Çingiz Eyvazov əvvəl Türkiyədə, sonradan Bakıda tatuirovka sənəti ilə məşğul olmağa başlayıb. Namiq Nağdəliyev isə Türkiyədə qalıb, orada ad-san qazanıb. Kıraç, Funda Arar, Haluk Levent, Barış Akarsu və başqa rokerlərlə işləyib, onların musiqilərini bəstələyib. Kıraçın "Dizi" adlanan kino seriallarında oxuduğu musiqilərin çoxunun bəstəkarı və gitara ifaçısıdır. "Bir İstanbul masalı" kino serialının beş mahnısı Namiq Nağdəliyevə məxsusdur. Bunlardan ən uğurlusu: "Pırıltı", "Göz yaşı", "Cığlık" kimi bəstələrdir. Daha sonra İbrahim Eminov 2004-cü ildə Sumqayıtda yeni "Sirr" qrupunu yaratsa da, "Yuxu" kimi uğurlu alınmadı. Qrupun digər üzvü Cəsur Nemətov isə hazırda Moskvada yaşayır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yuxu   Qrup   Rok  





Xəbər lenti