Azərbaycanın yeni korrupsiya indeksi

Azərbaycanın yeni korrupsiya indeksi
  03 Dekabr 2013    Oxunub:1340
Transparency International təşkilatının Azərbaycan milli bölməsi 2013-ci il Korrupsiya Qavrama İndeksini (KQİ) təqdim edir. Bu il indeksdə Azərbaycan 28 balla, 177 ölkə arasında 127-ci sırada yer alıb.

Son iki ildə İndeks yeni qaydada hazırlanır. Əgər əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdisə, ötən ildən 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir.

Ötən il Azərbaycan 27 balla, 176 ölkə arasında 139-cu sırada göstərilmişdir. 2013-ci il KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.

Azərbaycan İndeksə daxil edildiyi dövrdən (2000-ci ildən) bu yana ilk dəfədir ki, bu qədər yüksək nəticə qeydə alınır. Bunun əsas səbəbi isə iqtisadi göstəricilərlə bağlıdır. Belə ki, Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üçün olan Rəqabətlilik İndeksində Azərbaycan xeyli irəliləyib. Əgər 2011-2012-ci illər üzrə hesabatda Azərbaycan 142 ölkə arasında 55-ci sırada yer almışdısa, bu il mövqelərini yaxşılaşdıraraq, 144 ölkə arasında 46-cı sıraya yüksəlib.

Qurumun yaydığı press-relizdə bildirilir ki, ötən illə müqayisədə Azərbaycanın ən yaxşı artım göstəricisi ticarət bazarı, innovasiya potensialı, texnoloji səviyyə, makroiqtisadi sabitlik göstəricisiləri üzrə qeydə alınıb. Bütün bu məqamlar dolayısı ilə KQİ-də ölkənin göstəricisinin artmasına gətirib, çıxarıb. İndeks hazırlanarkən istinad olunan mənbələrdən digəri Freedom House təşkilatının 2013-cü il üzrə Nations in Transit İndeksində isə ölkənin göstəricisi aşağı düşüb.

Sənəddə deyilir ki, Azərbaycanda cari il ərzində korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra mühim addımlar atılıb, xüsusən antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və mövcud beynəlxalq konvensiyaların müddəalarına uyğunlaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015–ci illər üzrə Milli Fəaliyyət Planının icrası ilə bağlı müsbət istiqamətdə işlər görülüb.

“Şəffaflıq Azərbaycan” və onun tərəfdaşları tərəfindən həyata keçirilən layihə çərçivəsində hazırlanan Açıq Hökumətin təşviqinə dair milli fəaliyyət planın icrasının monitorinqinin nəticələrinə görə ötən bir il ərzində 2012-2015-ci illər üzrə qarşıya qoyulan fəaliyyətlərin 25%,Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının isə 34%-i icra olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyət sahələrinin və əhatə dairəsinin genişləndirilməsi də müsbət qiymətləndirilməli məqamlar sırasındadır. Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində həyata keçirdiyi tədbirlər də mütərəqqi addımlardan biridir.

Hesabatda bir sıra tənqidi fikirlər də yer alıb: “Qəbul edilməlidir ki, ötən dövr ərzində elektron xidmətin göstərilməsi ilə bağlı ictimaiyyətin gözləntiləri özünü tam mənada doğrultmayıb. Biznes sahəsində göstərilən xidmətlərin əhatəlilik və keyfiyyət səviyyəsi yüksək olsa da, vətəndaşlara göstərilən elektron xidmətin keyfiyyətində ciddi nöqsanlar müşahidə edilir. Belə ki, vətəndaşların gündəlik həyatlarında sıx-sıx istifadə etdiyi bir sıra xidmətlərin göstərilməsi keyfiyyətli təşkil edilməyib, məsələn Dövlət Sosial Müdafiəyə Fondunun sığorta olunan şəxslərin on-layn qeydiyyata alınması, avtomobillərin dövlət qeydiyyat nişanının sifariş verilməsi, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu və s. Daha yaxşı olar ki, elektron xidmətlərin təşkili ilə bağlı benefisiarlara münasibətdə vahid yanaşma ortaya qoyulsun”.

Sənəddə deyilir ki, korrupsiyaya qarşı mübarizə davamlı olmalı və kampaniya şəklində aparılmamalıdır. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin son vaxtlar korrupsioner məmurlarla bağlı apardığı siyasət, korrupsionerlərin cinayət məsuliyyətinə cəlb olunmaları təqdirəlayiqdir, amma mediada korrupsiya faktları ilə bağlı yayılan məlumatlara biganə münasibət bəslənir. Lakin korrupsiyaya qarşı mübarizə yalnız onun nəticələrinə qarşı aparılmamalı, korrupsiyanı yaradan şəraiti aradan qaldırmalıdır.

“Təəsüflər olsun ki, uzun müddətdir bir sıra qanunlar və normativ hüquqi aktlar qəbul edilmir. Bunlara misal kimi, maraqların toqquşması ilə bağlı qanun, korrupsiya şahidlərinin (whistleblower) qorunması ilə bağlı qanun, dövlət qulluğundan kənar digər hüquqi vəzifəyə görə cəzanın tətbiq olunması ilə bağlı qanun, dövlət məmurlarının maliyyə xarakterli məlumatların verilməsi ilə bağlı qanunvericilik aktını göstərmək olar. Müvafiq məcəllələrə bu qaydaların pozulması ilə bağlı cəza mexanizmlərini özündə əks etdirən yeni dəyişikliklər salınmalıdır. Vətəndaş cəmiyyəti tərəfindən yeni qəbul edilmiş qaydaların icrasının monitorinqinin aparılması dəstəklənməlidir”,- deyə sənəddə bildirilir.

Sonda bildirilir ki, Azərbaycan hökuməti tərəfindən korrupsiyaya qarşı mübarizədə ortaya qoyulan siyasi iradə, gələcəklə bağlı optimist düşünməyə imkan verir. Bu olduqca zəruri şərtdir. Korrupsiyaya qarşı mübarizənin digər mühüm elemetlərindən biri bütün tərəflərin bu mübarizəni qarşılıqlı şəkildə birgə aparmasıdır. İnanırıq ki, hökümət, vətəndaş cəmiyyəti, işgüzar icma və vətəndaşlar tərəfindən ortaya qoyulan birgə səylər bu mübarizədə gələcəkdə uğurlu nəticələr əldə etməyə kömək edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti