Son nəfəsinədək Şuşanı arzulayan dünya şöhrətli azərbaycanlı - FOTOLAR

  Son nəfəsinədək Şuşanı arzulayan dünya şöhrətli azərbaycanlı -    FOTOLAR
  07 Avqust 2019    Oxunub:6531
Bu gün Azərbaycanın mərhum Xalq rəssamı Toğrul Nərimanbəyovun doğum günüdür. Onun anadan olmasının 89-cu ildönümü tamam olur.

Azvision.az xəbər verir ki, T.Nərimanbəyovun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub və Kiyevdə dərs deyib. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Vətənə qayıdıb və Bakıda qubernator olub.
Əmirbəyin oğlu Fərman (Toğrulun atası) da Şuşada doğulub. Tuluza Universitetinin mühəndis – elektrik fakültəsində oxuyub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov İrma Lya Rude adlı fransız modelyerlə evlənib.



Fransada yaşayan ailənin ilk övladı Vidadi elə orada dünyaya gəlib. 1929-cu ildə Fərman Nərimanbəyov xanımı və oğlu ilə birlikdə Bakıya qayıdıb. 1930-cu il avqustun 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu - Toğrul dünyaya gəlib.



Ancaq çox keçmir ki, Nərimanbəyovlar ailəsinin başının üstünü qara buludlar alıb. Toğrulun atası Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalıb. Onu həbs edib, Sibirə sürgünə göndəriblər.

1941-ci ildə Toğrulun anası, Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rude Bakıda həbs edilib. Onu öz balalarından ayıraraq Səmərqəndə sürgün ediblər. Toğrulun anası 1961-ci ilədək sürgündə olub.

Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdiriblər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1950-ci ildə isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alıb. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı öyrənib. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşüb. Onun müxtəlif orqanlara çoxsaylı müraciəti və gərgin mübarizəsi sayəsində anasına bəraət verilib və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq olub.



Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən vətənə qayıdıb.

T. Nərimanbəyovun mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olub. İnsanların daxili aləminin ən incə çalarlarınadək təsvirini verən portretləri bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma kamilliyi və novatorluğu ilə seçilib. Təzad və şərtiliyi, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları öz əsərlərində harmonik şəkildə əks etdirib. Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaradıb. Monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.



Onun əsərləri dünyanın bir çox incəsənət muzeylərində, fondlarda saxlanılır. Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə görkəmli rəssamın fərdi sərgiləri keçirilib.

Toğrul Nərimanbəyov təkcə rəssam deyil, həm də opera ifaçısı olub. Onun gözəl, məxməri bariton səsi var imiş. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa edib. O, sağlığında müsahibələrindən birində deyib:

“Rəssam olmasaydım, yəqin ki, heykəltəraş, ya bəlkə də vokalist olardım. Rəssamlıqda hər şey əvvəldən məlumdur. Başlanğıc da, iş prosesi də, sonluq da. Vokal isə tamam başqa bir aləmdir. Mən hər səhərimi torağay kimi mahnı ilə açıram”.

Nərimanbəyov 30 yaşında Əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülüb. 1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı”, 1980-ci ildə isə “Min bir gecə” əsərlərinə verdiyi səhnə tərtibatına görə Dövlət mükafatı alıb.

Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlı olub. Maraqlıdır ki, bu məsələdən rəssamın özünün də uzun müddət xəbəri olmayıb.

2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın “İstiqlal” ordeni, 2010-cu ilin avqustunda isə “Şərəf” ordeni ilə təltif edilib.



Rəssam uzun illər ABŞ-da, Parisdə yaşasa da, Bakıya çox bağlı olub. “Dünyanın heç harasında Günəş Bakıdakı kimi doğmur",- deyirmiş rəssam. Onun ən böyük arzularından bir də ata-baba yurdu olan Şuşaya qonaq kimi deyil, oranın sahibi kimi getmək idi.



T. Nərimanbəyov 2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat edib. Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.

AzVision.az


Teqlər: Toğrul-Nərimanbəyov  





Xəbər lenti