7, yoxsa 8? Rusiyanı yenidən “böyüklərin” sırasına qatmaq cəhdi nədən xəbər verir – TƏHLİL

      7, yoxsa 8?    Rusiyanı yenidən “böyüklərin” sırasına qatmaq cəhdi nədən xəbər verir –    TƏHLİL
  31 Avqust 2019    Oxunub:4903
“Böyük yeddiliy”in (G7) builki görüşünə ev sahibliyini Fransanın prezidenti Emanuel Makron edirdi. Fransanın cənub-qərbində yerləşən kiçik kurort şəhəri Biaritsdə keçirilən sammitin rəsmi gündəliyində Amazoniya meşələrinin yanğından qorunması, Afrikanın kasıb ölkələrinə yardım göstərilməsi kimi məsələlər olsa da, G7 liderlərinin daha çox müzakirə, bəzi hallarda hətta mübahisə etdikləri məsələ Rusiyanın yenidən G7-yə qoşulması və “Yeddiliy”in dəyişərək, təzədən “Səkkizlik” olması idi.
Bu da təsadüfi deyildi: dünyanın ən güclü 7 dövlətinin liderləri üçün Suriyadakı müharibə, Ukraynada münaqişənin yenidən alovlanma təhlükəsi, İranın nüvə problemi kimi məsələlər daha aktual hesab oluna bilər. Bütün bu məsələlərdə isə əsas oyunçulardan biri Rusiyadır. Moskvanın iştirakı olmadan onları müzakirə etmək sadəcə olaraq, mənasızdır.

Deyəsən, Amerikanın prezidenti Donald Tramp bu reallığı digər liderlərdən daha yaxşı anlayır, yaxud, etiraf etməkdən çəkinmir. Sammit ərəfəsində Tramp bəyan etdi ki, Rusiyanın “Böyük Yeddiliy”ə qoşulmasının tərəfdarıdır, çünki Moskva ilə Suriya, İran və Şimali Koreya məsələlərinin birgə müzakirəsi vacibdir. Bu mövzuda Fransa prezidenti Emanuel Makron daha çox canfəşanlığı ilə seçildi. Sammitdən əvvəl Putinlə görüşən Makron Rusiyanın “Böyük Yeddiliy”ə geri dönməsini müzakirə etdi. Fransa hazırda Rusiyanın geri qayıtmasını dəstəkləyən ölkələrdən biri olsa da, şərt kimi Ukraynadakı böhranın həllini irəli sürür. Axı 2014-cü ildə Rusiya məhz Krım yarımadasını ilhaq etdiyi üçün “Böyük Səkkizlik”dən çıxarılmışdı. O il Böyük Səkkizliyin növbəti sammiti Rusiyada keçirilməli idi, liderlər Krımın ilhaqına etiraz olaraq Brüsseldə toplandılar və prezident Putini sammitə dəvət etmədilər. Həmin sammit “Böyük Səkkizliy”i i tarixə qovuşduraraq, yenidən “G7” formatını bərpa etdi.

“Böyük yeddilik” dünyanın ən güclü yeddi ölkəsinin – ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya və İtalyanın qeyri-rəsmi birliyidir. G7 rəsmi qurum deyil, katibliyi yoxdur, heç bir hüquqi bazaya əsaslanmır və onun qərarlarının icrası heç bir ölkə üçün məcburi hesab edilmir. G7 sadəcə olaraq, qlobal güc mərkəzləri liderlərinin klubu hesab olunur və üzv ölkələrin liderləri ildə bir dəfə toplanaraq, dünya üçün vacib məsələləri müzakirə edirlər. Görüşlər formal xarakter daşısa da, əldə olunan razılaşmalar adətən üzv ölkələr tərəfindən icra edilir. 1976-cı ildə formalaşan bu kluba 1998-ci ildə Rusiya qoşuldiqdan sonra adı dəyişərək, “Böyük səkkizlik“ olmuşdu, 2014-cü ildə Rusiyanın xaric edilməsilə yenidən G7-yə çevrildi.

Kreml baş diplomatı Sergey Lavrovun diliylə mesaj göndərir ki, Rusiyanın G8-ə üzvlüyü həyati əhəmiyyət daşımır və Moskva əsas qlobal iqtisadi-siyasi məsələlərin müzakirə olunduğu “Böyük iyirmilik”-də uğurla iştirak edir. Bununla belə, prezident Putin “Yeddilik” üzvlərilə istənilən formatda əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Təbii ki, əslində Rusiya üçün G8 formatına qayıtmaq, yaxud hansısa formada yenidən G7 ilə eyni müstəvidə dayanmaq xüsusi əhəmiyyət daşıyır. İlk növbədə ona görə ki, Rusiya lideri ildə bir dəfə dünyanın ən güclü 7 dövlətinin liderilə eyni anda görüşmək imkanı qazanır. Rusiya iqtisadi cəhətdən istər ixrac, istərsə də idxal məsələlərində bu ölkələrdən asılı hesab olunur. Digər tərəfdən, Rusiya regional güc mərkəzi kimi öz himayəsində saxladığı dövlətləri qorumaq üçün də bu formatdan yararlana bilər. Məsələn, İranın nüvə məsələsi, yaxud Əsəd rejiminin gələcək taleyi, və ya Şimali Koreyanın tərksilah edilməsi məsələlərində Rusiya həmin ölkələrin dayağı kimi çıxış edir. Və ən böyük 8 ölkənin sırasında olmaması istər-istəməz onun regional təsir rıçaqlarını zəiflədir. Məsələn, artıq İran G7-yə nümayəndəsini göndərmək üçün Fransayla danışır və Zərifin həmin forumda iştirakı məhz Makronun səylərinin nəticəsi idi.
Digər tərəfdən, Rusiya prezidenti üçün yenidən ən güclülərin arasında görünmək ölkədaxili auditoruya üçün uğurlu təbliğat materialıdır. Məsələn, bunu artıq dünyanın Krımın Rusiyanın tərkib hissəsi olması ilə barışması kimi də təqdim etmək olar.

Amma gözlənildiyi kimi, “Böyük Yeddilik” sammitinin digər iştirakçıları Tramp və Makronun Rusiyanı geri qaytarmaq təklifilə razılaşmadılar. Və bununla göstərmək istədilər ki, dünya hələ ki, Krımın Rusiyanın tərkib hissəsi olması ilə barışmır. Amma nə vaxta qədər? Tramp bəyan etdi ki, Vladimir Putini G7-nin gələn il ABŞ-da keçiriləcək sammitinə qonaq qismində dəvət edəcək. Bu müddət ərzində isə Rusiyanın Ukraynadakı böhranın həllində tutduğu mövqedən asılı olaraq, onun üzvlük məsələsi müzakirə ediləcək. Məsələnin hətta bu cür qoyulması belə, ondan xəbər verir ki, artıq buz çatlayır.

Tofiq Vahid
Azvision.az



Teqlər: G7   Rusiya   Tramp   Makron  





Xəbər lenti