Məşhur iş adamının ofisində müdhiş soyğun

Məşhur iş adamının ofisində müdhiş soyğun
  08 Dekabr 2013    Oxunub:2219
Hacı İbrahim: Cinayətkarlar cəzasına çatmalıdır.
AzVision.az xəbər verir ki, dekabrın 7-də Bakı şəhərində müdhiş oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin saytında yer alan məlumata görə, Nərimanov rayonu, M.Araz küçəsində yerləşən “Avesta” Konserninə girmiş Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən Bakı şəhər sakini Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135 min manat pulu götürüb “İnfiniti” markalı avtomobildə hadisə yerindən uzaqlaşıblar. Bakı BPİ Dövlət Yol Polisi İdarəsi, Nərimanov RPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin şirkətin mühafizəçisi və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar.

Ofisindən edilən oğurluqla bağlı Musavat.com-un suallarına telefonla cavab verən iş adamı Hacı İbrahim Nehrəmli faktı təsdiqləyib və bildirib ki, oğurluğu mühafizə xidmətinin rəhbəri Füzuli Nəbiyevin başçılıq etdiyi dəstə törədib: “Mən Dubayda ezamiyyətdə idim. Getmədən öncə tapşırmışdım ki, Füzulini işdən çıxarsınlar. Çünki ondan şübhələnmişdim. Tez-tez çantamdan, maşından pulum yoxa çıxırdı. Hara getməyim, kimlərlə görüşməyim haqda ora-bura məlumat verirdi. Dəfələrlə özünə xəbərdarlıq etdim, onu düz yola qaytarmaq istədim, alınmadı. Ona görə də xaricə getmədən öncə tapşırdım ki, Füzuli işdən çıxarılsın. Amma demişdim ki, maaşını ödəyin, sonra. O da dekabrın 7-də ofisə maaş almaq adıyla gəlib. 7 nəfərlik bandit dəstəsi ilə gəlib. Beş nəfər aşağıda gözləyib, Füzuli və Əlizamin Əliyev yuxarı qalxıblar. Əlizamin Füzulinin qohumudu, bizim ofisin arxasında yeni tikilən binanın komendatıdır. Onu işə Füzuli düzəldib. Onlar kassirin boğazına xəncər dirəyib, kassadakı 135 min manatı aparıblar. O pul işçilərin maaş idi. Dünən maaş verilməliydi”.

İş adamı bildirdi ki, Füzuli oğurluq zamanı onu və ailə üzvlərini hədələyib: “Qışqırırmış ki, Hacı İbrahimin oğlanlarını gedib xaricdə öldürəcəm. Ailəsini məhv edəcəm, heç kim də məni tuta bilməz. Mən filankəsin qohumuyam, heç kimdən qorxmuram. O, məni niyə işdən çıxartdı”.

Hacı İbrahim polisin davranışından narazı qaldığını bildirdi: “Oğrular deyiblər ki, oğurladıqları pulun 95 minini polislərə veriblər, polis isə onlarda cəmi 30 min manat olduğunu deyir. Mən başa düşə bilmirəm, polis niyə belə davranır?! Pulun 1 manatı da bizə qaytarılmayıb. Yəqin heç qaytarılmayacaq da. Oğurluq faktı qalıb bir tərəfdə, hüquq-mühafizə orqanları pulun dalınca düşüb. Hamı pulla maraqlanır”.

“Füzuli Nəbiyev sizin yerlinizdirmi” sualına Hacı İbrahim belə cavab verdi: “Vallah, heç bilmirəm o, haralıdır (yanındakı şəxslə dəqiqləşdirəndən sonra məlum olur ki, F.Nəbiyev Neftçala rayonundandır). Mən insanları haralı, hansı rayondan olmalarına görə işə götürmürəm. Mən yerliçilikdən uzaq adamam. İnsanlara bir gözlə baxıram. Haralı olması məni maraqlandırmır”.

Hacı İbrahim dedi ki, ona məlumatlar çatmağa başlayıb ki, oğurluq edən dəstəni gələn həftənin 1-ci günü məhkəmədən buraxacaqlar: “Bunlara kimlərsə söz verib, amma o söz verən adamlara xəbərdarlıq edirəm ki, niyyətləri baş tutmayacaq. Bu ölkədə sabitliyi pozmaq istəyən hər bir adam öz cəzasını layiqli şəkildə almalıdır. Yoxsa Azərbaycanda cinayətkarlıq baş alıb gedəcək. Günün günorta çağı hamının gözü qarşısında kassirin boğazına xəncər dirəyib 135 min manat oğurlayan cinayətkar dəstəni necə cəzasız buraxmaq olar?! Bəlkə o hadisə zamanı adam öləydi, kimsə yaralanaydı. Ona görə də hüquq-mühafizə orqanlarına səslənirəm, cinayət törətmiş bu adamlar mütləq şəkildə cəzalarını almalıdırlar”.


Teqlər:  





Xəbər lenti