Atletlərin protest bildirməsi qadağan edildi

Atletlərin protest bildirməsi qadağan edildi
  11 Dekabr 2013    Oxunub:1420
Beynəlxalq Olimpiya Komitəsi 2014-cü il Olimpiya Oyunları dövründə atletlərin protest bildirməsini qadağan etdi.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2014-cü il Olimpiya Oyunları dövründə atletlərin protest bildirməsini qadağan edib.

Xarici KİV-lər BOK-un prezidenti Tomas Baxın aşağıdakı sözlərini sitat gətirir: “Biz atletləri xəbərdar etmək üçün onlara bu cür xatırlatma göndərmişik. İdmançıları əmin etmək istəyirik ki, 2014-cü il Olimpiya Oyunları dövründə onların hüquqları qorunacaq”.

AzVision.az xəbər verir ki, BOK 2014-cü il qış olimpiya oyunlarının iştirakçısı olan ölkələrin milli olimpiya komitələrinin ünvanına xüsusi məktublar göndərərək xatırladıb ki, olimpiadalar dövründə hər hansı protest bildirilməsi qadağandır.

Olimpiya Xartiyasının 50-ci maddəsində bildirilir ki, “Olimpiya Oyunları dövründə siyasi, dini və ya irqi təbliğat aparılması qadağandır”.

Assoşieyted Press agentliyi BOK rəhbəri Tomas Baxın bu sözlərini sitat gətirir: “Bu qaydanın mahiyyəti idmançıları müdafiə etməkdir. Atletlər idmana aidiyyəti olmayan hər hansı siyasi və ya başqa mübahisəyə cəlb edilməməlidir”.
BOK-un Nizamnaməsində bu qaydanın pozulmasına görə, Olimpiadadan qovulmaq da daxil olmaqla sərt cəza tədbirləri nəzərdə tutulmuşdur. Lakin BOK xüsusi vurğulayır ki, həmin qayda “ağlabatan və mütənasib şəkildə tətbiq ediləcəkdir”.

Tomas Bax bu günlərdə DPA agentliyinə verdiyi müsahibəsində bildirmişdir ki, Soçidə keçiriləcək qış Olimpiya Oyunlarında yarışların keçirilməsi şərtləri barədə çoxsaylı neqativ xarakterli məqalələr dərc edilməsinə baxmayaraq o, idmançıların orada problemlərlə üzləşəcəyini gözləmir.

“Atletlər üçün ən yaxşı şərait yaradılacaqdır. Olimpiya kəndi əla keyfiyyəti ilə, idman qurğuları isə yüksək funksionallığı ilə fərqlənir”, - deyən komitə rəhbəri onu da qeyd etmişdir ki, o özü Soçidə oteldə yox, Olimpiya kəndindəki nömrələrdən birində qalmağa üstünlük verər.


Teqlər:





Xəbər lenti