Braziliya dünya çempionatına stadionu təhvil verə bilmir
Braziliya məhkəməsi futbol üzrə 2014-cü ilin dünya çempionatı üçün Manausda tikilən stadionun inşası zamanı fəhlələrin həlak olması səbəbindən tikintinin dayandırılması barədə qərar çıxarmışdır. AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, bunu yerli televiziyada prokurorluğun nümayəndəsi bildirib.
Ötən cümə günü Manausda 22 yaşlı gənc inşaatçı stadionun dam örtüyünün altında quraşdırılan hündür konstruksiyadan yerə yıxılmış və aldığı zədələrdən xəstəxanadaca keçinib.
Sonra stadionun ərazisində daha bir fəhlə ürək tutmasından dünyasını dəyişib. Onun ailə üzvlərinin sözlərinə görə, ölümə ağır iş rejimi nəticəsində işçinin həddindən artıq yorulması səbəb olub.
Prokurorluq belə bir tələb irəli sürüb ki, podratçı tikinti şirkəti obyektdə təhlükəsizlik şəraiti barədə ətraflı hesabat təqdim edənədək meydançada işlər dayandırılsın.
Prokurorluğun nümayəndəsi demişdir: “Bu gündən tikinti işləri üzərində qadağa qoyulub. Biz 2014-cü ilin dünya çempionatına hazırlığın nəzərdə tutulan müddətlərdə başa çatdırılması yolunda insanların həyatının qurban verilməsinə dözə bilmərik”.
O həmçinin qeyd edib ki, əgər Manaus stadionunda işlər davam etdirilsə, podratçı 43 min dollaradək cərimə ödəməli olacaq.
Teqlər: