AFFA Foqtsa niyə etimad göstərdi? – TƏHLİL

AFFA Foqtsa niyə etimad göstərdi? – TƏHLİL
  19 Dekabr 2013    Oxunub:1223
Dünən AFFA İcraiyyə Komitəsinin iclası keçirildi və milli komandamızın baş məşqçisi Berti Foqtsun Azərbaycan yığmasındakı gələcək taleyinə aydınlıq gətirildi. İcraiyyə Komitəsinin toplantısından sonra almaniyalı mütəxəssislə iki illik yeni müqavilə imzalanmasına qərar verildi.

Əslində, 67 yaşlı çalışdırıcının vəzifəsində qalacağı əvvəlcədən gözlənilən idi. AFFA İcraiyyə Komitəsinin bəzi üzvlərinin hələ uzun müddət öncədən Berti Foqtsun postunda qalmasının tərəfdarı olduqlarını açıqlaması belə düşünməyə əsas verirdi. Düzdür, alman mütəxəssisin AFFA-yla yeni müqavilə imzalamamasının vacibliyindən çox bəhs etmişik. Amma indiki halda hər şeyi yenidən incələmək yersizdir.

Artıq Berti Foqtsun postunda qalacağı rəsmiləşdiyindən məşqçinin ötən illər ərzində milli komandamıza nə qazandırdığına və hansı səbəblərdən millinin “sükanı arxasında” saxlanıldığına nəzər yetirək.

1. Son üç seçmə mərhələdə milli komandamıza rəhbərlik edən Berti Foqtsun kollektivi yaxından tanıması ona növbəti dəfə şans verilməsinə zəmin yaradırdı. Əgər Foqts başqa çalışdırıcı ilə əvəzlənsə, yeni çalışdırıcının oyun üslubuna uyğunlaşmaq üçün milli komanda üzvlərinə vaxt verilməli idi ki, bu da AVRO-2016-ya vəsiqə qazanmağa çalışan milli komandamız üçün yaxşı heç nə vəd etmirdi. Ən azı ona görə ki, Foqts getsə, onu əvəzləyəcək ya yerli, ya da əcnəbi mütəxəssis öz komandasını, heyətini formalaşdırmağa çalışacaq, eksperimentlərə əl atacaqdı. Bunun üçün də bizə ən azı iki tsikli qurban vermək lazım gələcəkdi.

2. Yığmamızın tarixində heç bir məşqçi final mərhələsinə vəsiqə söz vermək iddiasında olmayıb. Foqts isə hələ son seçmə tsiklin gedişində AVRO-2016-ya vəsiqə qazanmaq iddiasını ortaya qoymuşdu. Almaniyalı mütəxəssisin bunu nə dərəcədə bacaracağını görmək üçün müqaviləni uzatmaq məqsədəuyğun idi.

3. Son beş ildə milli komandamıza rəhbərlik edən mütəxəssis DÇ-2010-un seçmə mərhələsində 5 xal toplamaqla rekorda imza atdı. Düzdür, bundan əvvəlki rekord da 5-ə bərabər idi. Lakin həmin vaxt 12 görüşdə bu qədər xal sevinci yaşanmışdı. Növbəti 2 seçmə tsikldə isə Foqts rekordunu yaxşılaşdırıb əvvəl 7-yə, sonra 9-a çatdı ki, bu da Berti Foqtsla müqavilə imzalamağın vacibliyini düşünənlərin sırasını genişləndirdi.

4. Berti Foqts dönəminə qədər mübarizə apardığı seçmə mərhələlərin yalnız birində sondan ikinci olan Azərbaycan yığması alman məşqçinin baş məşqçi olduğu seçmə mərhələlərdə isə qrup sonuncusu olmayıb. 2010-cu ildəki Dünya və 2012-ci ildəki Avropa çempionatının seçmə tsiklində 5-ci olan Foqtsun “drujinası” son seçmə mərhələdə isə tarixində ilk dəfə qrup mərhələsini dördüncü sırada tamamlamaqla tarix yazdı.

5. Milli komandamızın Foqts dönəmində qrup mərhələsində iki qələbə qazanması da, bir seçmə mərhələdə cəmi üç dəfə məğlub olması da, rəqib qapılarına əvvəlkindən çox top vurması da, öz qapısında daha az qol görməsi də, ardıcıl dörd rəsmi oyunda xal qazanması da almaniyalı məşqçiyə etimad göstərməyi şərtləndirirdi.

6. Milli komandamızın məhz Berti Foqtsun dönəmində intizamlı kollektivə çevrilməsi də göz qabağındadır. Bunu da almaniyalı üçün əlavə üstünlük saymaq olar.

7. Milli üzvlərinin özləri yığmada baş məşqçi dəyişikliyinin əleyhinədisə, AFFA-nın onu yola salması birmənalı qarşılanmayacaq. Məhz bu üzdən Berti Foqtsla yeni müqavilənin imzalanması daha məntiqli görünürdü.

8. Hazırda milli formanı geyməyi haqq edənlərin Foqtsun sərəncamında olması vurğulanmalıdır. Əgər müxtəlif vaxtlarda Rasim Ramaldanov, Rəşad Sadiqov, Araz Abdullayev, Ruslan Əmircanov və s. kimi futbolçuların alman mütəxəssisin düzgün seçim etməməsi üzündən yığmadan kənarda qalmasını qabartmaq mümkün idisə, indi bu cür halların müşahidə olunmadığını əminliklə söyləmək olar.

9. Berti Foqtsun bir müddət əvvəl “Azərbaycandan gedəndən sonra deyəcəyim xəbərləri eşitmək UEFA və FİFA-ya maraqlı olacaq” şəkilində bəyanat səsləndirməsi də məşqçinin postunu qorumasında rol oynayan məqamlardan ola bilər. Nə də olsa, Foqtsun mümkün açıqlamalarından sonra ali futbol qrumlarının nümayəndələrinin AFFA-ya qarşı münasibətinin dəyişməyəcəyinə zəmanət vermək olmazdı.

Əvvəlki illərə nisbətən Berti Foqtsun qazandığı nəticələr daha yaxşı olsa da, Amma bütün bunlar legioner məşqçiyə nə vaxtaşırı premyer-liqaya hörmətsizlik nümayiş etdirmək, nə də yerli-yersiz ölkə klublarını və yerli məşqçiləri tənqid etmək haqqı verir. Məgər federasiya rəsmiləri almanı yığmanın “sükanı arxasına” futbolumuzu aşağlamaq üçün gətirib?

Bütün bunlar yaxşı hal sayılmasa da, indiki halda Berti Foqtsla vidalaşmaq ağılabatan variant kimi görünmürdü. Düzdür, bu, heç də onun çox yaxşı məşqçi olmasıyla əlaqədar deyil. Sadəcə, yuxarıda sadalanan bəzi məqamları nəzərə aldıqda, Azərbaycan yığması üçün indiki məqamda baş məşqçi dəyişikliyi nə məqsədəuyğun idi, nə də gözlənilən.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti