Tanınmış aktyorun qızı, Xalq artistinin xanımı - Ofeliya Aslanla bağlı xatirələr

Tanınmış aktyorun qızı, Xalq artistinin xanımı -  Ofeliya Aslanla bağlı xatirələr
  28 Yanvar 2020    Oxunub:28136
Bu gün aktrisa Ofeliya Aslanın doğum günüdür. Sevilən sənətçi yaşasaydı, 81 yaşını qeyd edəcəkdi. Təəssüflər olsun ki, Ofeliya Aslan 10 il öncə əzizləri ilə vidalaşaraq son mənzilə yola salınıb.

Mərhum aktrisanı unutmayan sənət yoldaşları doğum günündə onunla bağlı xatirələrini Azvision.az-la bölüşüblər.


Xalq artisti İlham Namiq Kamal Ofeliya xanımı mehriban insan kimi xatırladığını deyib.

“Ofeliya Aslan magikan aktrisa idi. Tamaşaçıların bu günədək yadında qalan simalarından biridir. Bilirsiniz ki, o, böyük sənətkar Rza Əfqanlının qızı və mərhum aktyorumuz Səyavuş Aslanın həyat yoldaşı olub. Teatrda bir yerdə işləyirdilər. Onunla televiziyada hazırlanan tamaşalarda, yumoristik novellalarda, “Səhər görüşləri” verilişində tərəfmüqabili olmuşam. Həddindən artıq səmimi və mehriban xanım idi”.



Əməkdar artist Novruz Qartal onunla birgə çəkildiyi “Hicran” tamaşasını yada salıb:

“Gözəl aktrisa, gözəl insan, yaxşı tərəfmüqabili kimi həmişə xatirimdədir. Onunla birgə qastrol səfərlərində olmuşuq. Bacı-qardaş münasibətimiz olub. Xeyirxah, heç kimin qəlbinə dəyməyən qadın idi. Gəlib işini görüb, məşqini edərdi, sonra da sakitcə çıxıb gedərdi. Teatra yaxın qalırdı. Necə var idisə, elə də oynayırdı: təmiz, pak, müqəddəs bir xanım kimi. “Hicran” tamaşasını oynayanda dəliqanlı, cavan vaxtlarımız idi. Xalq tərəfindən hədsiz dərəcədə sevilirdik. “Hicran” bu gün də xalqın qəlbində yaşayan tamaşadır. O tamaşadan sonra bir dəfə ikimiz metroda eyni vaqona minmişdik, amma bir-birimizdən xəbərimiz yox idi. Gördüm, bir ailə mənə baxıb deyir ki, bunlar danışmır, deyəsən. Ofeliya xanım vaqonun o başında, mən də digər tərəfdə dayanmışdım. Ofeliya xanımı gördüm, gedib onunla salamlaşdım. Bir neçə nəfər bizə yaxınlaşdı. Dedilər ki, elə bildik, siz küsülüsünüz.

Ofelya xanım çox qayğıkeş və gözəl ailə başçısı idi. Səyavuşla bir mərtəbədə qalırdılar. Amma danışmırdılar. Lakin Ofeliya onun yeməyini, dərmanını verirdi, paltarlarını yuyub təmizləyirdi. Ofeliyadan sonra Səyavuş lap əldən düşdü”.



Əməkdar artist Çingiz Əhmədov Ofeliya Aslanın "vergili" qadın olduğunu deyib.

“Maraqlı aktisa idi. Qubadlı, Zəngilan, Şuşa, Laçın rayonlarında qastrollarda olmuşuq. Mənə analıq, həm də dostluq edib. Bir də görürdün, zəng edib ki, darıxıram sizə gəlim? Deyirdik gəl. Konsert proqramlarında, “Qızıl toy” tamaşasında bir yerdə oynamışıq. Vergili qadın idi. Hadisələri əvvəlcədən görürdü. Deyirdi, bura getmə, işin alınmayacaq. Nə deyirdisə, düz çıxırdı. Hər şeyin yerini bilən qadın idi”.



Xalq artisti Firəngiz Mütəllimova həmkarının bundan sonra da unudulmayacağını söyləyib:

“Televiziya verilişlərində səhnəciklərdə oynayardıq. Baxımlı, səliqəli, gənclərə qarşı gözəl münasibəti olan insan idi. Elə bilirdim ki, doğma anamdır. Çəkilişə vaxtından əvvəl gəlirdi. Az danışan, işini görən aktrisa kimi yadımda qalıb. Məni harada görürdüsə, bağrına basırdı. Qəşəng, gözəl qəlbli insan idi. Biz “Evləri köndələn yar” filmində ana-bala obrazını yaratmışdıq. Məni göstərib ona dedilər, qızın da özünə oxşayır. O da gülə-gülə üzümə baxdı. Səyavuş Aslan da işarə ilə dedi ki, üzdən oxşasın, amma dili ona oxşamasın. Hamı güldü. Başqa aktrisalar müdaxilə edirdi, Ofeliya xanım isə rejissor nə deyirdisə, ona əməl edirdi”.

Qeyd edək ki, Ofeliya Aslan 18 may 2010-cu ildə 71 yaşında ürək tutmasından dünyasını dəyişib. O, Xalq artisti Səyavuş Aslanın həyat yoldaşı, tanınmış aktyor Rza Əfqanlının isə qızı olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ofeliya-Aslan   Aktrisa  





Xəbər lenti