Müğənnilər koronavirusdan danışdılar: “Toy var ki, təxirə salaq?”

Müğənnilər koronavirusdan danışdılar:  “Toy var ki, təxirə salaq?”
  12 Mart 2020    Oxunub:24863
Koronavirus epidemiyası ilə əlaqədar ölkəmizdə məktəblər bağlanıb, bir çox kütləvi tədbirlər təxirə salınıb. Əhaliyə toy və digər el şənliklərinin də bir müddət ləğv olunması tövsiyyə edilib.
Azvision.az tanınmış müğənnilər arasında sorğu keçirərək toy məclislərinin təxirə salınması ilə bağlı təkliflərə münasibət öyrənib.



Xalq artisti Səməd Səmədov sağlamlığın toydan vacib olduğunu deyib: “Restoranlarımız 500, 700, uzağı 1000 nəfər adam tutur. Amma İtaliyada 50-100 minlik stadionları, konsert salonlarını bağlayıblar. Bizdə isə dövlətimiz nə məsləhət görürsə, o da olmalıdır. Əsas millət, xalq arasında virusla bağlı itki olmasın. Biz özümüzü qorumalıyıq. Toy həmişə olacaq. Deyirlər, aprel, may ayında virus yox olacaq. Ondan sonra hər yerdə şənliklər bərpa edilə bilər”.



Müğənni Vasif Məhərrəmli tövsiyyələrə əməl edilməsinin tərəfdarı olduğunu bildirib: “El ilə gələn toy bayramdır. Biz də məcbur razılaşmalıyıq, nə edə bilərik ki? Toy var ki, hələ təxirə də salına? İş çox zəifdir. Bir neçə şadlıq evində təxirə salınma ilə bağlı eşitmişəm. Amma dəqiq məlumatım yoxdur”.



Xanəndə Elnarə Abdullayevə isə toyların azlığından gileylənib: “Toyların azalması virusa görədir ki, bəyəm!? Ümumiyyətlə, toy yoxdur. Toy yoxdursa, nəyi təxirə salaq”.



Xalq artisti Bilal Əliyev həmkarlarından fərqli olaraq hər gün toya getdiyini söyləyib: “Bir də görürsən ki, ictimai yerlərdə insanlar əlini burnuna vurur, burnunun qartmağını təmizləyib yerə atır. Əlini ağzına salır və başqa insanlar da gələndə onlarla görüşüb təmasda olur. Mən elə insanlara yaxınlaşda ya qolumla salamlaşıram, ya da deyirəm ki, sən burnunu təmizlədin. Görüşsəm, gərək gedim əlimi bir də yuyum. Çünki təmizliyə qarşı çox həssasam. Özümə və geyimimə qarşı həddən ziyadə fikir verirəm. Çalışıram ki, həmişə təmiz qalım. Konserva yemirəm, enerji suları içmirəm ki, sağlamlığa ziyandır. İnsanlar isə onların tozunu belə silmədən başlarına çəkirlər. Hər gün toya gedirəm. Nə qədər insan mənə yaxınlaşır. Məcburam ki, özümü qoruyum. Yoxsa mən də virusa yoluxa bilərəm”.



Əməkdar artist Baloğlan Əşrəfov virusdan qorxmadığını dilə gətirib: “Allah millətimizi qorusun, məni də onların içində. Mən koronavirus tanımıram, heç hərləmirəm də. Bu virusun mənə gücü çatmaz. Məni Allah zaminə götürüb, bir dəfə ölümdən xilas edib. İkinci dəfə koronavirus nədir? İndi toylar zəifdir. Amma virusa görə təxirə salınmasını görməmişəm. Bu virus heç kimə heç nə etməyib, narahat olmayın”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Koronavirus   Müğənni   Toy  





Xəbər lenti