Müəllimlərin işə qəbulu müzakirə edilib
Təhsil nazirinin müşaviri Elnur Məmmədov və nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov qeyd ediblər ki, müəllimlərin işə qəbulu müsabiqəsinin mərkəzləşdirilmiş şəkildə keçirilməsi vakant yerlərin sağlam rəqabət əsasında və peşəkar kadrlar tərəfindən tutulmasını təmin edir, müsabiqə zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər isə ucqar bölgələrdə kadr çatışmazlığı probleminin həllinə ciddi töhfə verir. Son illər müəllimlərin işə qəbulu qaydalarında obyektivlik baxımından əhəmiyyətli dəyişiklər edilib. Belə ki, müddətli müqavilə ilə işə qəbulun mərkəzləşmiş qaydada həyata keçirilməsi, elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlərin ilk növbədə həmin rayon üzrə qeydiyyatda olan namizədlərə təklif olunması, tutduqları vakansiyadan imtina edən namizədlərin müsabiqənin növbəti turlarına buraxılmaması (namizədlərin vakant yerlərin seçimində daha məsuliyyətli olması baxımından), müsabiqənin test imtahanı mərhələsində məntiqə aid sualların çıxarılması dəyişiklərin əsas tərkib hissəsidir.
Vurğulanıb ki, ölkədə mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, cari ildə müsabiqə iştirakçılarının sağlamlığının qorunması məqsədilə müsabiqənin zəruri tədbirlər görülməklə (temperaturun yoxlanılması, vətəndaşlar arasında sosial məsafənin qorunması, seanslararası dezinfeksiya işlərinin aparılması və sair) daha geniş məkanda və ya yerlərdə keçirilməsi ilə bağlı müzakirələr aparılır.
Şuranın sədri professor Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, şura üzvlərindən Milli Məclisin deputatı Etibar Əliyev, Əməkdar müəllim Asif Cahangirov, fəlsəfə doktoru Ülviyyə Mikayılova, professor Mayis Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək mövzu ilə bağlı fikirlərini səsləndiriblər. Şura üzvləri bu il keçiriləcək MİQ imtahanları ilə bağlı İctimai Şuraya çoxsaylı sualların daxil olduğunu diqqətə çatdırıblar. Müzakirə zamanı Şura üzvlərinin bu il MİQ imtahanlarına (o cümlədən müsahibə mərhələsinə) nəzarətinin təmin olunması, imtahanların bir neçə məkanda keçirilməsi imkanının araşdırılması, imtahanla bağlı tədris metodikası və təlim strategiyalarına aid vahid vəsaitin hazırlanmasına başlanması, yerlərdə olan bütün vakansiyaların nazirliyə təqdim edilməsinə nəzarətin gücləndirilməsi, orta ixtisas təhsilli müəllimlərinə tam orta təhsil səviyyəsində dərs demək hüququnun verilməsi və bir sıra digər məsələlərə dair təkliflər səsləndirilib, müvafiq qərarların qəbul olunması istiqamətində tədbirlərin görülməsi tövsiyə olunub.
Azvision.az