Elmi sensasiya: “Mənfi zaman” qeydə alındı

      Elmi sensasiya:    “Mənfi zaman” qeydə alındı
  07 Oktyabr 2024    Oxunub:5947
Toronto Universitetinin alimləri kvant fizikası sahəsində maraqlı kəşf ediblər. Eksperimentlər zamanı müəyyən olunub ki, bəzi şərtlər daxilində atomlar və fotonlar özlərini sanki zamana əks istiqamətdə hərəkət edirmiş kimi aparırlar. Tədqiqatların nəticəsi arxiv.org saytında yerləşdirilib.
Eksperimentlərin gedişi zamanı alimlər işığı (fotonları) mütləq sıfır temperaturuna yaxın həddə qədər soyudulmuş atomlar buluduna yönəldiblər. İşıq mühitdən keçərkən ləngiyib. Çünki bu zaman fotonlar atomlarla qarşılıqlı əlaqəyə girir, onların bir qismi atomların elektronları tərəfindən udulur. Elektron daha yüksək energetik səviyyəyə qalxır, sonra isə udduğu fotonu buraxaraq enerji itirir və yenidən əvvəlki səviyyəyə enir. Beləliklə, işıq atomlar buludundan ləngiyərək keçir. Buna “fotonların qrup ləngiməsi” deyirlər.

Lakin fotonların tezliyi atomların rezonans tezliyinə yaxınaşanda gözlənilməz hadisə baş verib: fotonların qrup ləngiməsi mənfi işarə alıb. Bu o deməkdir ki, fotonlar mühitdən sanki ora girdikləri vaxtdan daha tez çıxıblar. Bu fenomen “Kerr effekti” sayəsində müşahidə olunub.
Emin Əmrullayev "Cisco" şirkətinin nümayəndələri ilə görüşüb

Tədqiqatlar göstərib ki, işığın mənfi ləngiməsi araşdırmaçıların səhvi deyil, real hadisədir. Bunu kvant superpozisiyası ilə izah etmək olar. Kvant superpozisiyası zamanı atomlar sanki fotonların keçəcəyini əvvəlcədən “hiss edir” və qabaqcadan uyğun vəziyyəti alırlar.

Araşdırmanı aparan alimlərdən biri - Toronto Universitetindən olan Cozaya Sinkler bildirib ki, zamanın mənfi işarəli ləngiməsi paradoks kimi görünsə də, əslində fiziki izahı var: “Əgər zamanı ölçmək üçün kvant saatımız olsaydı, müəyyən şərtlər daxilində biz əqrəblərin geriyə hərəkət etdiyini görərdik”.

Bu kəşf hələ ki bizim keçmişə səyahət edə biləcəyimiz anlamına gəlmir. Lakin zamanın mənfi istiqamətdə hərəkəti gələcəkdə digər maraqlı kəşflərə yola aça bilər.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Elm  





Xəbər lenti