Təhsil və məşğulluqla bağlı durum ürəkaçan deyil
Azərbaycanda pulsuz təhsil almaq imkanları geniş olsa da, təəssüf ki, hələ də bəzi bölgələrdə qızlarımız nəinki ali, orta təhsillə bağlı ciddi problemlərlə rastlaşırlar. Burada mental dəyərlər, ənənəvi və sosial məsələlər öz sözünü deyir. Düzdür, ölkəmizdə qadınların savadlılığı ilə bağlı yüksək göstəricilər də var. Hətta qızların ali təhsilə marağı birə-beş artıb. Bununla belə, təhsil resurslarına və karyera imkanlarına çıxış imkanlarının az olması aktual olaraq qalır. Məsələn, qadınlar sosial gözləntilər və stereotiplər səbəbindən peşə seçimində çətinliklərlə üzləşə bilirlər.
Problem təkcə təhsil və karyera arzuları ilə bağlı deyil. Əslində 90-cı illər, 2000-ci illərin əvvəllərindən fərqli olaraq indi qadınlar da kişilər kimi işçi qüvvəsində, ölkənin sosial-iqtisadi inkişafında aparıcı rol oynayırlar. Lakin onlar tez-tez karyera yüksəlişi və əmək haqqı ilə bağlı məhdudiyyətlərlə də üzləşirlər. Nadir hallarda görmək olar ki, hansısa zavod və ya fabrikdə rəhbər vəzifəyə elə burada çalışmış qadın təyin olunsun. Bundan başqa, peşə seqreqasiyası məsələləri, qadın və kişi peşələri ilə bağlı stereotiplərin mövcudluğu mühüm problem olaraq qalır. Təəssüf ki, qadınlar hələ də əksər hallarda qeyri-formal sektorda və az maaşlı işlərdə çalışırlar. Görünür bəzi tədbirlər görməyin, hətta qanunlara əl gəzdirməyin vaxtı çatıb.
Təsadüfi deyil ki, Dünya Bankı tərəfindən bir neçə il öncə keçirilmiş tədqiqat nəticəsində qanunvericiliyin dəyişdirilməsi və qadınların əmək qüvvəsində iştirakının genişlənməsi, əməkhaqqı üzrə qeyri-bərabərliliyin və əmək bazarında peşə zəminində seqreqasiyanın azalması arasında birbaşa korrelyasiyanın olduğu aşkarlanmışdı. Beynəlxalq Valyuta Fondunun (BVF) tədqiqatı isə göstərir ki, qadınlara əmək bazarında potensiallarını tam reallaşdırmağa imkan verildiyi ölkələrdə makroiqtisadi göstəricilər xeyli yaxşılaşır. “McKinsey” Qlobal İnstitutunun hesabatında qeyd edilib ki, qadınların əmək bazarında kişilərlə tamamilə eyni və bərabər rol oynadıqları “potensialın tam reallaşdırılması” ssenarisində artıq 2025-ci ilə qlobal illik ÜDM 28 trilyon dollar və ya 26 faiz böyüyə bilər.
Siyasi təmsilçilik, ailədaxili və gender əsaslı zorakılıqlar
Azərbaycanda qadınların siyasi təmsilçiliyi hələ də arzuolunan səviyyədə deyil. Düzdür qadınlarımız siyasətdə az təmsil olunmurlar. Amma buna baxmayaraq, onların parlamentdə və digər hökumət strukturlarında payı hələ də azdır. Qadınlar tez-tez yüksək vəzifələrə və kişilərin üstünlük təşkil etdiyi siyasi partiyalara yüksəlməkdə çətinliklərlə üzləşirlər.
Mediamızda gender həssaslığı - Necə yazaq ki, mizogen kimi görünməyək? |
BMT və müxtəlif qeyri-hökumət təşkilatlarının hesablamalarına görə, məişət zorakılığı azalmayıb, ümumi problemə çevrilib. Bu istiqamətdə ölkədə dəqiq statistik məlumatların olmaması isə təəssüf doğurur. Təşkilatlar da bu faktı təsdiqləyirlər ki, bir çox məişət zorakılığı halları qurbanlar arasında stiqma və qorxu səbəbindən rəsmi statistikaya daxil edilmir. Əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də xeyli sayda qadına qarşı zorakılıq halları, o cümlədən ictimaiyyətin diqqətini cəlb edən yüksək profilli hallar qeydə alınıb. Bütün bu hadisələr mediada da geniş işıqlandırılıb. Bununla belə, zorakılığın ümumi səviyyəsi, ehtimal ki, rəsmi məlumatlarda bildiriləndən xeyli yüksəkdir.
Qanunlar və müdafiə mexanizmləri necə işləyir?
2010-cu ildə Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib. Bu qanuna qurbanların müdafiəsi və təcavüzkarların cəzalandırılması tədbirləri daxildir. Lakin bu tədbirlərin həyata keçirilməsi bəzi hallarda resursların çatışmazlığı və zəif icra kimi çətinliklərlə üzləşir.
Təcrübə göstərir ki, qurbanların tez-tez ədalət mühakiməsinə və lazımi dəstəyə əllərinin çatmasında çətinliklərlə üzləşirlər. Polis və məhkəmələr, hətta sayı az olan sığınacaqlar belə həmişə lazım olan yardımı göstərə bilmir. Bunun nəticəsində qurbanlar repressiyalardan və ya prosesin sosial nəticələrindən qorxaraq kömək axtarmaqdan qorxurlar.
Sosial və mədəni amillər, gender əsaslı və cinsi zorakılıq
Daha bir təəssüf doğuran hal odur ki, məişət zorakılığı ilə bağlı açıq müzakirə üçün əhəmiyyətli mədəni və sosial maneələr var. Ailədə qadınların rolu və sosial stiqma haqqında ənənəvi fikirlər qurbanların yardım və dəstək almasını çətinləşdirir. Bir çox qurbanlar mühakimə olunacağından və ya ədalətə qovuşmayacağından qorxaraq sükutla əziyyət çəkməyə davam edirlər. Cinsi zorakılıq problemləri də həyəcan təbili çalır. Azərbaycanda cinsi zorakılıq, o cümlədən zorlama və təqib halları ciddi problemə çevrilib. Hətta zərərçəkənlər bəzi hallarda tibbi və hüquqi yardım almaqdan belə boyun qaçırırlar. Bu, əsasən bölgələrdə müşahidəolunur. Təbii ki, burada da müəyyən mental dəyərlər, sosial qınaq amili öz sözünü deyir. Çoxsaylı cinsi zorakılıq halları qorxu, utanc və sosial stiqma səbəbindən qeydə alınmır və ya ictimailəşmir. Məlum olduğu kimi cinsi zorakılıqla bağlı qanunvericiliyə Cinayət Məcəlləsinin zorlama və cinsi qısnama ilə bağlı maddələri daxildir. Lakin bu qanunların icrası heç də həmişə effektiv olmur və qurbanlar tez-tez ədalət mühakiməsinə nail olmaqda çətinlik çəkirlər. Hətta belə faktlar da olub ki, zorlanan qarşı tərəfdən nəinki şikayət etmir, hər şey barışıqla həll olunur…
Onu da qeyd etmək lazımdır ki, cinsi zorakılıq problemi ilə bağlı mövcud vəziyyəti yaxşılaşdırmaq və vətəndaşların maarifləndirilməsi üçün fəaliyyət göstərən təşkilatlar və təşəbbüslər var. Amma onlar heç də həmişə geniş miqyaslı tədbirlər görə, ciddi effekt əldə edə bilmirlər.
Mövcud vəziyyəti yaxşılaşdırmaq üçün göstərilən təşəbbüslər və layihələr
Azərbaycanda bir sıra qeyri-hökumət təşkilatları var ki, onlar zorakılıq qurbanlarına yardım etməkdə və qadın hüquqları uğrunda mübarizədə əsas rol oynayırlar. Bu təşkilatlar yalnız hüquqi yardım, psixoloji dəstək və maarifləndirmə kampaniyaları təklif edirlər.
Beynəlxalq təşkilatlara gəldikdə isə, bu məsələdə BMT və Ümumdünya Səhiyyə Təşkilatı seçilir. Onlar da Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə layihələrini dəstəkləyir və qurbanların müdafiəsi proqramlarının hazırlanmasına və həyata keçirilməsinə köməklik göstərirlər. Məsələn, BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin avqust ayında media təmsilçiləri üçün ”Mediada gender həssaslığının artırılması” mövzusunda təlim təşkil etməsi təqdir olunmalıdır. Çünki media cəmiyyətimizin maarifləndirilməsində təhsil qədər vacib rol oynayır. Jurnalistlər üçün bu cür təlimləri zorakılıqla mübarizə layihələrindən biri sayıram. Mətbuatda bu istiqamətdə yazılan yazılar, başlıqlar, həmkarlarımın göstərəcəyi gender həssaslığı zorakılıqlara az da olsa təsir edə bilər. Biz mediada gender stereotipləri, gender əsaslı zorakılıq və digər gender mövzularının işıqlandırılmasına həssas yanaşmasaq, cəmiyyətdən bu mövzuda ədalətli yanaşma tələb etməyə haqqımız çatmaz! Onu da qeyd edək ki, UNFPA-nın Azərbaycan nümayəndəliyi medianın gender həssaslığının artırılması istiqamətində dayanıqlı nəticəyə nail olmaq məqsədilə 2016-cı ildən etibarən mütəmadi olaraq media nümayəndələri üçün analoji təlimlər təşkil edir.
Yeri gəlmişkən, bu işdə təkcə medianın üzərinə yük düşmür. Təhsil proqramları və ictimai kampaniyalar da effektli olmalıdır. Artıq müsbət məqamlar da var. İctimaiyyətin zorakılıq və qadınların cəmiyyətdəki rolu haqqında təsəvvürlərinin dəyişdirilməsinə yönəlmiş maarifləndirici proqramların tətbiqi istiqamətində işlər aparılır. Maarifləndirici kampaniyalar isə qadınların hüquqları və zorakılıqdan qorunma üsulları haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.
Ümumiyyətlə son illər Azərbaycanda gender bərabərliyinin yaxşılaşdırılması istiqamətində səylər müşahidə olunur. Qadınlara qarşı zorakılıqla mübarizə və onların hüquqlarını dəstəkləmək üçün bir sıra qanunlar və proqramların qəbul edilməsi təqdir edilməlidir. Bununla belə, real dəyişikliyə nail olmaq üçün bu tədbirlərin daha çox həyata keçirilməsi və gender bərabərliyinin vacibliyi barədə ictimaiyyətin daha geniş spektrdə məlumatlandırılması lazımdır.
Mədəni və sosial normalara da “əl gəzdirməyin” zamanı çatıb. Çünki mədəni və sosial normalar gender bərabərsizliyinin qorunmasında mühüm rol oynayır. Qadının ailədə və cəmiyyətdə rolu ilə bağlı ənənəvi fikirlər onların imkan və hüquqlarına təzyiq göstərir. Məncə gender bərabərliyinin istisna deyil, norma kimi göründüyü daha inklüziv cəmiyyət yaratmaq üçün mədəni dəyişiklik lazımdır.
Azərbaycanda gender bərabərliyi problemləri mürəkkəb və çoxşaxəlidir. Onların həlli üçün qanunvericilik dəyişiklikləri, ictimai təşkilatların fəal işi və mədəni normaların dəyişdirilməsi daxil olmaqla kompleks yanaşma tələb olunur. Yalnız dövlətin, cəmiyyətin və beynəlxalq tərəfdaşların birgə səyləri ilə gender bərabərliyi sahəsində əhəmiyyətli irəliləyişlərə nail olmaq olar.
Tural Tağıyev
AzVision.az