Rusiyada təxribatlar hazırlayan Almaniya vətəndaşı saxlanılıb

   Rusiyada təxribatlar hazırlayan Almaniya vətəndaşı saxlanılıb
  20 Noyabr 2024    Oxunub:258
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin enerji obyektlərində təxribat təşkil etmək məqsədi ilə Polşadan Rusiyaya daxil olmuş Almaniya vətəndaşı Nikolay Qayduku saxlayıb.
AzVision.az
bildirir ki, Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi belə açıqlama verib.

“Qayduk N.V. energetika obyektlərində təxribat fəaliyyətini təşkil etmək üçün Polşa Respublikasından Kalininqrad vilayəti ərazisinə növbəti giriş zamanı saxlanılıb. Onun istifadə etdiyi HHS5305 (Almaniya) dövlət qeydiyyat nişanlı “Ford Focus” markalı avtomobilə baxış nəticəsində 0,5 litr maye partlayıcı aşkar olunub”, - məlumatda deyilir.

FTX Ukrayna əsilli 1967-ci il təvəllüdlü Qaydukun 1992-ci ildən Hamburqda yaşadığını açıqlayıb. Onun partlayışı törətmək tapşırığını Almaniyada yaşayış icazəsi olan və eyni zamanda Hamburqda yaşayan ukraynalı Aleksandr Jorovdan aldığı iddia olunur. Jorovun, həmçinin Qayduka partlayış üçün lazım olan texniki avadanlığı hazırlamaq üçün komponentlər verdiyi də bildirilir.

Saxlanılan şəxsə qarşı FTX-nin istintaq bölməsi tərəfindən Rusiya Cinayət Məcəlləsi çərçivəsində “Terror aktı” və “Partlayıcı maddələrin qaçaqmalçılığı” maddələri üzrə iş açılıb.
Eyni zamanda, Rusiya FTX Qaydukun 2024-cü ilin martında Kalininqradda aşağı təzyiqli qazpaylayıcı stansiyada əldəqayırma partlayıcı qurğunun köməyi ilə boru partladılmasında iştirak etdiyini açıqlayıb.

- Hazırda N.V.Qayduka qanunsuz fəaliyyətində yardım göstərmiş şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir”, - FTX-nin məlumatında vurğulanır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rusiya   Qayduk   təxribat   həbs  





Xəbər lenti