Şikayətlərin 44 faizi əsassız sayılıb

Şikayətlərin 44 faizi əsassız sayılıb
  23 Yanvar 2014    Oxunub:1276
Ötən il vergi orqanlarına daxil olmuş şikayətlərin 44 faizi əsassız sayılıb.
AzVision.az xəbər verir ki, Vergilər Nazirliyinin Analitik-informatika şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 97,9%-i ərizə, 1,9%-i şikayət, 0,2%-i təklif olub, 394 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Müraciətlərin 33%-i müxtəlif arayışların alınması, 27,3%-i kameral vergi yoxlamaları, 8,4%-i vergi borcları, 7,9%-i səyyar vergi yoxlamaları, 23,4%-i isə digər məsələlərlə bağlı olub.

Müraciətlərin ümumi sayından 78%-i müsbət həll olunub, 12,8%-i barədə müvafiq izahatlar verilib, 5%-i əsassız sayılıb, 1,6%-i qismən həll olunub, 1,1%-i aidiyyəti üzrə göndərilib, 1,5%-i icradadır.

İl ərzində vergi orqanlarına daxil olmuş şikayətlərin 403-ü eyni, 102-si təkrardır, yəni faktiki olaraq şikayətlər cəmi 757 məsələ ilə bağlıdır ki, bu da ümumi müraciətlərin cəmi 1,1%-ni təşkil edir. Ümumilikdə şikayətlərin 44,2%-i əsassız sayılıb, 27,3%-i üzrə müvafiq izahatlar verilib, 15%-i müsbət həll olunub, 4,6%-i aidiyyəti üzrə göndərilib, 2,8%-i qismən həll olunub, 6,1%-i icradadır.
Hesabat dövrü ərzində Apelyasiya Şurasında baxılaraq barəsində müvafiq qərarlar qəbul edilmiş 13 vətəndaş müraciətinin 4-ü təmin edilib, 4-ü təmin edilməyib, 1-i qismən təmin edilib, 1-i üzrə məhkəmə qərarı olduğundan işə mahiyyəti üzrə baxılmayıb, 1-i baxılması üçün aidiyyəti üzrə göndərilib, 2 müraciət isə icradadır.

2013-cü ildə vətəndaş müraciətlərinə baxılması nəticəsində vəzifə funksiyalarının icrası zamanı qanun pozuntusuna yol vermiş 35 əməkdaş barəsində intizam tənbehi tətbiq edilib, o cümlədən 25 əməkdaşa töhmət, 8 əməkdaşa sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 1 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 1 əməkdaşın vergi orqanlarında xidmətinə xitam verilib.

Vətəndaş müraciətlərinə baxılması ilə yanaşı, onların vergi orqanlarında şəxsən qəbul edilməsi, qaldırdıqları problemlərin araşdırılaraq müvafiq tədbirlərin görülməsi də daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Hesabat dövründə dövlət vergi orqanlarında 24 312, o cümlədən nazirliyin aparatında 717, tabeli qurumlarda 23 595 vətəndaş qəbul olunub.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ildə respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, 10 şəhər və rayonda vergilər naziri Fazil Məmmədov tərəfindən vətəndaşların səyyar qəbulları keçirilib. Respublikanın bütün şəhər və rayonlarını əhatə etmiş bu qəbullarda cəmi 535 nəfər iştirak edib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, müraciətlərin mahiyyəti diqqətlə öyrənilərək müvafiq tədbirlər görülüb.

Müraciətlərdən 235-i Vergilər Nazirliyinin səlahiyyətlərinə aid olan məsələlər, 109-u işə qəbul, 191-i isə maddi yardım almaq, kreditlərin verilməsinə köməklik göstərmək və digər məsələlər barədə olub. Qəbul edilmiş vətəndaşlardan 262-nin müraciəti müsbət həll olunub, 191-i barədə müvafiq izahat verilib, 78-i baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilib, 4-nün həlli istiqamətində işlər davam etdirilir.


Teqlər:  





Xəbər lenti