Mədəniyyət xadimlərinin nazirlikdən gözləntiləri nədir?
Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğlu mədəniyyət sahəsində yeniliklərin olacağına ümid etdiyini deyib.
"Yeni təyinatlardan sonra içimdə ümidlər baş qaldırıb. Başqa söz deyə bilmərəm. Çünki nazirliyin bundan sonra görəcəyi işlər göstərəcək ki, bizim ümidlərimiz nə dərəcədə perspektivlidir".
Xalq artisti, tanınmış aktrisa Afaq Bəşirqızı hesab edir ki, Mədəniyyət Nazirliyində yeni konsepsiya qurulmalıdır.
"Teatr sektoru çöküb, bu sektoru bilən adamların hamısı darmadağın edilib. Əvəzində ora təsadüfü adamlar yığılıb. Tarix müəllimi və ya başqa sahəyə qulluq edənlər təmsil olunur. Çox istərdim ki, yeni rəhbərlik mədəniyyət xadimləri ilə ünsiyyət yaratsın, onların fikirlərini nəzərə alsın. Əvvəllər mədəniyyət komissiyasında Maestro Niyazi, Qəmər Almaszadə , Müslüm Maqomayev kimi şəxslər təmsil olunurdular. Onlar hər bir məsələyə incəliklə yanaşırdılar. İstərdim ki, belə konsepsiya Mədəniyyət Nazirliyində də yaransın".
Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mehriban Ələkbərzadə rejissorlara diqqət göstərilməsinin vacib olduğu söyləyib:
"Bu dəfə böyük ümidlə baxırıq ki, teatra, tamaşalara, yeni layihələrə, beynəlxalq festivallara, bunlar üçün seçilmiş repertuar siyasətinə diqqət ayrılacaq. Teatrın baş rejissorları ilə çalışacaqlar. İndiyə kimi nazirlik direktorlarla çalışırdı və direktor teatrı idi. Ancaq bu yaradıcılıq demək deyil. Teatrın taleyində rejissor funksiyası əsasdır. Teatrların repertuarı, rejissor istiqaməti yaradıclığın üzərində qurulmalıdır".
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Teatr Kino MədəniyyətNazirliyi