Dövlət Xidməti İsmayıllıda tapılan abidə barədə məlumat yaydı
Yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı XI-XIII əsrlərə aid həndəsi, nəbati və zoomorf təsvirli şirli və şirsiz saxsı məmulatlar, şüşə qolbaq, sferokonus aşkar olunub. Ərazidən Elxanilər dövrünə aid müxtəlif pul vahidləri də tapılıb. Eyni zamanda həmin ərazinin yaxınlığında Antik dövrə aid xeyli sayda saxsı qablar və bəzək əşyaları aşkar olunub. Aşkar olunan maddi-mədəniyyət nümunələrindən birinin üzərində ərəbcə yazılar var.
Nadir tapıntıların aşkar olunduğu ərazidə tikinti işləri dayandırılıb, ərazi nəzarətə götürülüb.
Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova qeyd edib ki, ərazidə ilkin arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulub. Arxeoloqların verəcəyi rəy əsasında daha geniş tədqiqat işlərinin aparılmasına qərar veriləcək.
Dövlət Xidmətinin əməkdaşları həmçinin İsmayıllı rayonunun Xan kəndində yerləşən Xan qalasına da baxış keçirib, abidənin vəziyyəti ilə maraqlanıblar.
Azvision.az
Teqlər: İsmayıllı