Evdə müalicə alan 3500-dən çox xəstəyə pulsuz dərmanlar verilib

Evdə müalicə alan 3500-dən çox xəstəyə pulsuz dərmanlar verilib
  17 Avqust 2020    Oxunub:3659
Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində yaradılmış İşçi qrupunun üzvü İnara Makayeva deyib.

Onun sözlərinə görə, bu ilin iyun ayının sonunda yaradılan işçi qrupun əsas vəzifəsi Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinin işini əlaqələndirməkdən ibarətdir:

"İşçi qrupda simptomatik və yüngül simptomlu xəstələrin pulsuz dərmanlarla təmin edilməsi haqqında qərar qəbul olunub. Belə xəstələrə müalicə üçün lazım olan dərman vasitələri - C vitamini, D vitamini, Sink, Selenium, Maqnezium və Parasetamol - paylanılıb. Beynəlxalq tövsiyələrə əsasən, yuxarıda sadalanmış preparatlar insanın immunitet sistemini stimullaşdırır və bütün mənbələrini viruslarla mübarizə üçün səfərbər edir”.

İ. Makayeva işçi qrupun COVID-19 xəstələrinin ambulator şəraitdə müalicəsi üçün xüsusi təlimat hazırladığını da söyləyib: “İş prosesi belə təşkil olunub: hər gün poliklinikalarda test nəticələri müsbət çıxan xəstələrin siyahıları tutulur. Bu xəstələrlə daha sonra telefonla əlaqə saxlanılır və mövcud vəziyyətləri ilə bağlı sorğular həyata keçirilir. Qeyd etmək lazımdır ki, reseptlə təchiz olunmuş dərmanlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır. Pasiyentlər onları 15-20 gün ərzində qəbul edir. Sahə həkimləri gündə iki dəfə onlarla əlaqə saxlayıb, dərman qəbuluna nəzarət edirlər”.

Nazirlik rəsmisi qeyd edib ki, yuxarıda sadalanan, bu günə qədər görülmüş bütün tədbirlər xəstəliyi evdə asanlıqla keçirən və tibb müəssisələrinə baş çəkməyən pasiyentlərin tezliklə sağalması üçün zəruri şərait yaradıb:

“Bununla digərlərinin yoluxma təhlükəsi azalıb. COVID-19 diaqnozlu pasiyentlərinin xəstəxanalara yerləşdirilmə sayında ciddi azalma müşahidə edirik, ağır xəstələrin sayı azalmaqdadır. Həmçinin, koronaviruslu xəstələrin reanimasiya və süni ağciyər ventilyasiya cihazlarına qoşulma ehtiyacı azalıb. Ancaq bu, hələ təhlükənin tam bitdiyini bildirmir. Hazırda hamımız - həm həkimlər, həm də xəstələr mümkün qədər diqqətli və nizamlı olmalıyıq ki, gələcəkdə müsbət dinamika bizi sevindirməyə davam etsin”.

Azvision.az


Teqlər: Səhiyyə   COVİD-19   Evdə-müalicə  





Xəbər lenti