Cəlilabadda avtomobil yolları yenidən qurulur

Cəlilabadda avtomobil yolları yenidən qurulur
  19 Avqust 2020    Oxunub:2630
Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə icra olunan layihələr sırasında Cəlilabad rayonunda 4 istiqamət üzrə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yüksək sürətlə və keyfiyyətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, söhbət ümumi uzunluğu 30.4 km olan Ocaqlı-Qarazəncir-Sabirabadkənd-Alar-Günəşli-Uzuntəpə marşrutu üzrə uzanan avtomobil yolundan gedir.

Sözügedən avtomobil yolu 2.4 km-li Ocaqlı kəndinin yolu, 7 km-lik Qarazəncir-Sabirabad-Günəşli kəndlərinin birləşdirən yol, 10.1 km-lik Alar- Günəşli yolu və 10.9 km-lik Sabirabad - Günəşli - Uzuntəpə yolu olmaqla IV texniki dərəcə uyğun olaraq yenidən qurulur.



Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 6 yaşayış məntəqəsində yaşayan 32 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə və qonşu rayonlara, həmçinin M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

Sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Tikinti layihəsinə uyğun olaraq yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Bu işlərə paralel olaraq çiyin hissələrin xüsusi materialla bərkidilməsi, 28 min paqon-metr uzunluğunda küvet hissələrin avtoqreyderlə açılması da görülür.

Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə 280 min kv.m sahədə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının inşası, həmçinin xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlanma işləri də aparılır. Yolun 175 min kv.m sahəsinə standartlara cavab verən yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənir.



Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik 154 paqon-metr uzunluğunda dəmir-beton dairəvi suötürücü borular quraşdırılır və izolyasiya olunur. Bundan başqa yol boyu istismara yararsız körpü məhəccərləri də yeniləri ilə əvəz olunur.

Təbii ki, tikinti layihəsinin sonuncu mərhələsində 9 avtobus dayanacağının tikintisi, 116 yol nişanının, 820 siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək.

Tikinti işlərinin isə tam olaraq payız aylarda yekunlaşdırlması nəzərdə tutulub.

Azvision.az


Teqlər: Yol   Təmir   AAYDA  





Xəbər lenti