Minlərlə yararsız yumurtanı satmaq istədi - FOTOLAR
Qeyd olunub ki, agentliyin əməkdaşları Abşeron rayon Polis İdarəsinin əməkdaşları ilə birgə Xırdalan şəhəri, H.B.Zərdabi küçəsi, ev 40 ünvanına baxış keçiriblər. Həmin ünvanda qurd və qurd süfrələri ilə sirayətlənmiş, istehlaka yararsız, yararlılıq müddəti ötmüş “Yaşma Quşçuluq” və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin istehsalı olan 84 qutu (bir qutuda 360 ədəd olmaqla, ümumi 30240 ədəd) kəskin iyli, orqanoleptiki göstəriciləri normativ texniki sənədlərin tələblərinə cavab verməyən yumurta aşkarlanıb.
Reyd zamanı özünü “Giləzi Quşçuluq” MMC-nin əməkdaşı kimi təqdim edən Teymurov Kamil Telman oğlunun şirkətin Keşlə qəsəbəsindəki anbarından yumurtaların bu ünvana gətirilərək saxlanması və realizasiyası ilə məşğul olduğu müəyyən edilib.
Qanunvericiliyin tələbləri çərçivəsində yumurtalardan nümunələr götürülərək sınaq aparılması üçün Azərbaycan Qida Təhlükəsiliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Azvision.az