Xaricdə və bizdə

   Xaricdə və bizdə
  28 Avqust 2020    Oxunub:39795
Şəlalə Göytürk

Bir zamanlar kütlənin sevimlisinə, xeyli müddətdən sonra söyüş hədəfinə çevrilən Hüseyn Əzizoğlu adlı ortabab bir vayner var. Azərbaycanda ilk vayn çəkənlərdəndi. Hüseyn ona uğur gətirən və məşhurlaşmağına səbəb olan ilk vaynlarını “Bizdə-xaricdə” başlığı ilə təqdim edirdi. Qısa videoda eyni bir olayın vaynerin özü demiş, “bizdə” və “xaricdə” versiyası göstərilirdi. Mahiyyətindən asılı olmayaraq, “bizdə” olan vəziyyət biabırçılıq, “xaricdə” baş verənsə nümunəvi təqdim olunurdu.
Müəllifin haqlı və haqsız olduğu məqamları bir kənara qoyub, toplum olaraq, qafamızdakı “bizdə” və “xaricdə” müqayisəsindən, şəxsiyyətimizdəki natamamlıqdan, şüurumuzdakı əskiklik sindromundan danışmaq istəyirəm.

Bizdə heç nə alınmayacaq

“Bizdə heç nə alınmayacaq”, “Ermənilərin arxasında xristian dünyası durur”, “Belə gəlib, belə də gedəcək”, “Darıxma, düzəlməyəcək”, “Ölmüşük, yerdən götürənimiz yoxdu”, “Bu dünyanın qara daşı göyərməz” (sonuncu ifadəni Bill Qeyts, Stiv Cobs-zad desəydi, deyərdin əşşi, haqqı var da, bütün problemlərin öhdəsindən gəlməyi bacarır, axırda bekarçılıqdan daşı göyərtmək istəyib, alınmayanda bu sözü deyib)
kimi ifadələr boşuna, sözgəlişi yaranmayıb. Bu cür həvəsdən salan, tənbəlliyə, acizliyə, yarımçıqlığa aparan hər bir kəlamın beynimizdə oturuşmuş, bizi də əbədi oturmağa sövq edən fəlsəfəsi var.

Bir şərqli müsəlmanın estetik düşüncəsi göylərə yalvarmaq, göylərdən cavab gözləmək, onun taleyini göydəkinin həll edəcəyinə inam üzərində formalaşır. Bu inam sonucda onu azad düşüncədən, sərbəst hərəkətlərdən, taleyinin axarını dəyişməkdən uzaqlaşdırır. “Dünyanın belə gəlib, belə gedəcəyi” ehkamı onun şüuruna elə hopur ki, içində olduğu bataqlıqdan çıxmağa belə cəhd etmir. Və bu situasiya milyonlarla insanın kütləvi yaşam formasına çevrilir.

Bəzən, ümumi xora qoşulub, qaranlıqdan şikayət etməyən, ayağa qalxıb şam yandırmaq istəyən bir nəfər tapılır. Əsl faciə də bu zaman baş verir. Bütün qaranlıqsevər və eyni zamanda qaranlıqdan şikayətçi olanlar, birləşərək, o şam yandıranın şamını söndürür. Tarix boyu şam yandıranların taleyi faciəli olub. Amma onların öz ömürlərinə boyayıb yandırdığı şamlar mənsub olduqları xalqı, ölkəni aydınlığa çıxara bilib, çıxara bilməyənlərsə, müqəddəs amal uğrunda həlak olublar, bunun özü də böyük bir fədakarlıqdır.

“Biz hər zada inanarıq, onlar heç zada inanmazlar”

Niyə “xaricdəkilər” bacarır, biz yox? Bəlkə ona görə ki, xaricdəkinin “camaatın uşağı”, “camaatın əri”, “camaatın arvadı” kimi problemi yoxdu? Bəlkə ona görə ki, xaricdəkinin həyati qərarlarını valideynləri, qohumları, el-oba, camaat yox, fərd olaraq özü verir? Bəlkə ona görə ki, xaricdəkinin alpinist olmaq istəyini məzə obyektinə çevirən, “Ölsən də, həkim olacaqsan” iddiasını yeridən atası, anası, ağsaqqalı yoxdu? Xaricdəki xalası qızı ilə evlənmir, əmisi oğluna ərə getmir, ona görə ola bilərmi? Bəlkə bizdəki qədər şadlıq sarayları, mərasim evləri, cehiz və qızıl dərdləri olmadığından bu qədər rahat və özgüvənlidirlər?

Bəlkə xaricdəkilərin “Ayağını yorğanına görə uzat”, “başın girməyən yerə burnunu soxma”, “Az aşım, ağrımaz başım”, “palaza bürün, el ilə sürün” kimi atalar sözləri olmadığından, bəxtləri gətirib? Mənə belə gəlir ki, Eynşteyn uşaqlıqdan bu öyüdlərlə böyüsəydi, nəinki nisbilik nəzəriyyəsi kimi böyük bir kəşf edərdi, heç vurma cədvəlini də düz-əməlli öyrənə bilməzdi.

Azərbaycan ədəbiyyatında “bizdə-xaricdə”müqayisəsini fransız cəmiyyəti ilə Azərbaycan məişətinin təsviri ilə Mirzə Fətəli Axundov “Hekayəti Dərviş Məstəli Şah Cadikuni – məşhur” komediyasında Hatəmxan ağanın dilindən belə verir:
“Bizlər əlimizə həna qoyarıq, onlar qoymazlar. Biz xörəyi əlimizlə yeyərik, onlar qaşıqla. Bizlərdə aşkara peşkəş almaq var, onlarda xəlvətdə. Biz hər zada inanarıq, onlar heç zada inanmazlar. Bizlərdə çox arvad almaq dəbdi, onlarda çox kişi almaq.”
Ardınca böyük Sabir yazırdı:
“Əcnəbi göydə balonlarla gəzir,
biz hələ avtomobil minməyiriz”.


Əcəba, toplum olaraq eybimizi üzümüzə deyən və cəhalətdən çıxış yolunu göstərən Axundov, Sabir, Zərdabi kimi klassiklərimizi bizi aşağılamaqda, ictimai şüurumuza natamamlıq kompleksi aşılamaqda ittiham edə bilərikmi? Məncə, yox. Çünki nə Axundov, nə Sabir, nə Haqverdiyev, nə Hacıbəyli, nə Məmmədquluzadənin əsərlərindən çıxan nəticə “hihihihi, ölün elə, siz bax busunuz” deyil. Lütfən, bu mövzularda fikir bildirərkən, feysbukda “komment tutuzdurmaq” istəyənlərin ağzı ilə danışmaqdan çəkinin. Onların yazdıqları böyük bir ictimai güzgü idi və biz özümüzü aydın şəkildə o güzgüdə görürük. Əgər görüntü bizə xoş gəlmirsə, Nizaminin “İsgəndərnamə”sindəki Sultan Səncər kimi güzgünü qırmamalı, əksinə, özümüzü düzəltməliyik.



Teqlər:





Xəbər lenti