Narkotikə görə ailələr arasında münaqişə yarandı, saxlanılanlar var
İstintaqın gedişi zamanı məlum olub ki, R.İsayev həbsdə olarkən tanış olduğu rayonun Mahamalar kənd sakini Xalid Novruzov və onun tanışı “Baron Eyvaz” ləqəbi ilə tanınan Eyvaz Qocayevlə qabaqcadan əlbir olaraq, may ayında 400 ədəd çətənə bitkisinin şitillərini həmin şəxslərdən alıb, evinin həyətyanı sahəsində becərib.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının iyun ayında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğuna görə, X.Novruzov saxlanılıb. “İş ortağı”nın tutulmasından sonra qorxuya düşən R.İsayev becərdiyi 400 ədəd çətənə kolunun xeyli hissəsini kökündən çıxararaq yandırıb. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı məlum olub ki, X.Novruzovun həbs olunmasından sonra onun həyat yoldaşı Elnarə Keysərovskaya, Eyvaz Qocayev, arvadı Sara Sultanova və həmkəndliləri Vüsal Gözəlov Rizvan İsayevin yaşadığı ünvana gələrək, may ayında ona verdikləri çətənə bitkilərini geri qaytarmasını tələb ediblər. R.İsayev isə həmin narkotik vasitəni yandırdığını bildirdikdə tərəflər arasında münaqişə yaranıb və ona ölümlə hədə-qorxu gəliblər. R.İsayevin ailəsi məsələyə qarışdıqdan sonra həmin şəxslər qorxuya düşərək ərazidən uzaqlaşıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Eyvaz Qocayev və Vüsal Gözəlov da şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Azvision.az