Ümumdünya İlk Tibbi Yardım Günüdür

Ümumdünya İlk Tibbi Yardım Günüdür
  12 Sentyabr 2020    Oxunub:3545
2000-ci ildən etibarən hər il sentyabrın ikinci şənbəsi Ümumdünya İlk Tibbi Yardım Günü kimi qeyd olunur.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə təsis edilən həmin günün yaranma tarixi 1881-ci il dekabrın 8-də Vyana şəhərində teatr binasında baş verən güclü yanğınla əlaqədardır. Yanğın zamanı həlak olanların sayı çox olduğuna görə tibbi yardım göstərilməsində problemlər yaranır. İlk dəfə Vyanada müstəqil təcili tibbi yardım xidmətinin yaradılması qərara alınır. Daha sonra Berlin və Londonda da təcili tibbi yardım briqadaları fəaliyyət göstərməyə başlayır.

İlkin tibbi yardımın məqsədi zərərçəkənin həyatını xilas etməklə yanaşı, sadə tibbi tədbirlər görməklə onun ağrılarını azaltmaq və mümkün ağırlaşmaların qarşısını almaqdır. Əlbəttə ki, bu sahədə tibb işçiləri yardım göstərirlər, lakin polis əməkdaşları və xilasedicilər də onlara kömək etməlidirlər.

Həyat göstərir ki, təcili tibbi yardıma əksər hallarda qəflətən ehtiyac yaranır. Bəzən vaxt qıtlığı səbəbindən bu yardımın tibbi təhsili olmayanlar tərəfindən yerinə yetirilməsi lazım gəlir. Ona görə də vaxtın hər anının dəyərli olduğu məqamlarda tez və qətiyyətli hərəkət etmək lazımdır.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, hər il dünyada baş verən yol qəzaları, yanıqlar, hündürlükdən düşmələr, boğulma kimi hadisələrin 10 faizi ölüm, 15 faizi isə əlilliklə nəticələnir. Həmin hadisələr zamanı ölənlərin əksəriyyətini 15-45 yaş arasında olan insanlar təşkil edir.

Ölkəmizdə ilk təcili tibbi yardım xidmətinin əsası 1922-ci ildə qoyulub. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkədə təcili tibbi yardım xidmətinin inkişafına böyük diqqət göstərilməyə başlanılıb. Xüsusilə də son illər təcili tibbi yardım avtomobilləri parkı yenilənir, müasir tibbi avadanlıqları olan nəqliyyat vasitələri əhaliyə xidmət üçün istismara buraxılır. Eyni zamanda, dərman təchizatı ildən-ilə yaxşılaşdırılır, çeşid genişləndirilir, tibbi heyət müasir uniforma ilə təchiz edilir, həkim və orta tibb işçilərinin peşəkarlığı daha da artırılır.

Statistikaya əsasən, ölkəmizdə 79 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir və ötən il ərzində həmin müəssisələrdə 1 milyon 725 mindən çox xəstəyə ilkin tibbi yardım göstərilib. Ötən il kənd yerlərində 1775 tibb məntəqəsinə 2 milyon 586 mindən çox müraciət daxil olub.

Təcili yardım xidməti həmişə hadisə yerinə vaxtında yetişə bilmir. Ona görə də xilasedicilər gələnə qədər zərərçəkənə ilkin tibbi yardım göstərilməsi həlledici rol oynayır. Anlamalıyıq lazımdır ki, heç kim bədbəxt hadisədən sığortalanmayıb və zərərçəkənin yerində hər kəs ola bilər.

Azvision.az


Teqlər: Tibb   Yardım  





Xəbər lenti