3 sərhəd keçid məntəqəsi arasında yol genişləndirilir
Bundan başqa, yol yeni Bakı-Rusiya magistral avtomobil yoluna birləşəcəkdir. Bununla da avtomobil yolu sərnişinlərin və ölkə ərazisindən ixrac olunan məhsulların 3 keçid məntəqəsi arasında paylaşdıraraq daha da sürətli transfer rolunu oynayacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azərelmitətdiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə 1C kateqoriyasına uyğun olaraq yol layihəsi hazırlanıb. Layihəyə əsasən avtomobil yolunun ümumi uzunluğu 23.4 kilometr, torpaq yatağının eni 21.6 metr, hərəkət hissəsinin eni 15 metr, 0.4 metr bərkidici zolaq olmaqla çiyinlərin eni 2x2 metr təşkil edir.
Hazırda marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yolun genişləndirilməsi üzrə kommunikasiya xətlərinin köçürülməsi, svayların vurulması və torpaq işləri həyata keçirilir.
Layihə üzrə marşrut boyu Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 ədəd yol ötürücüsünün, Xan Arxı və Samur-Abşeron su kanalı üzərində 2 ədəd körpünün, həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi də aparılır.
Layihə üzrə nəzərdə tutulan yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış obyektləri sahiblərinin kompensasiya alınması istiqamətində müvafiq sənədləşmə işləri həyata keçirilib və bu çərçivədə də işlərə başlanılıb. Bundan başqa layihənin təsiri altına düşən yaşıllığın köçürülməsi məqsədilə hazırlanmış “Ətraf mühitə təsirin qiymətləndirilməsi” hesabatı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəy alınması məqsədilə göndərilib. Artıq müvafiq rəy alınaraq tikinti altına düşən yaşıllıqların köçürülməsi işlərinə də start verilib.
“Xanoba” “Şirvanovka” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasının 2021-ci ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Azvision.az