Beyləqanda raket hissəsi tapılıb

Beyləqanda raket hissəsi tapılıb
  20 Sentyabr 2020    Oxunub:5227
Sentyabr 19-u saat 13:06-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində 1 ədəd “PQ-7” raketinin hissəsinin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Beyləqan rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Beyləqan rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd PQ-7 raketinin boş arxa motor hissəsi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin hissəsinin ətrafında 150 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 19 sentyabr 2020-ci il tarixlərində 279 siqnal (əməliyyat çağırışı) əsasında 251 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Oğuz, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 30 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 537 ədəd partlamamış hərbi sursat (PHS), 17 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 18 745 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 90 360 kv.m ərazi yerüstü və 14 586 kv.m ərazi yeraltı yoxlanılıb.

Azvision.az


Teqlər: ANAMA   Beyləqan  





Xəbər lenti