DSX-dan əməliyyat: Sərhəd pozucuları saxlanıldı

  DSX-dan əməliyyat:  Sərhəd pozucuları saxlanıldı
  25 Sentyabr 2020    Oxunub:2609
Son müddət ərzində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 8 kiloqram 68 qram narkotik vasitənin və 8809 ədəd psixotrop həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sentyabrın 15-də Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin hərəkəti və sərhədboyu ərazidə naməlum avtonəqliyyat vasitəsinin olması sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq ərazinin sıx qamışlıq və meşəlik olmasından istifadə edərək geriyə qaçmışdır. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­miş, nəticədə 1 ədəd bağlama içərisində ümumi çəkisi 2 kq 950 qr narkotik vasitə (2 kq “tiryək” və 950 qr “metamfetamin”) aşkar olunaraq götürül­üb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan “Kia Rio” markalı 99-HX-897 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb.

Avtomobildə saxlanılan şəxslərin Salyan rayon sakinləri 1987-ci il təvəllüdlü Babayev Əliağa Rəsul oğlu və 1993-cü il təvəllüdlü Kazımzadə Nicat Zaur oğlu olması müəyyənləşdirilmişdir. Araşdırma zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Həmin gün Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsindədə İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası dərhal “silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış və sərhəd naryadı tərəfindən həmin şəxsə “dayan” əmri verilmişdir. Nəticədə xidməti ərazidə hərəkətdə olan şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb və ondan 1 ədəd bağlama götürülüb. Saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1969-cu il təvəllüdlü Pənahi Qulaməli Məhəmmədəli oğlu olması müəyyənləşdirilib. Əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 942 qram narkotik vasitələr (575 qr “heroin”, 300 qr “metamfetamin”, 1 qr “metadon” və 66 qr qurudulmuş “marixuana”) aşkar edilib.

18 sentyabr tarixində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının xid­­məti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 2 nəfər şəxsin Araz çayını keçərək hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq dövlət sərhədinin pozulduğu istiqamətə hərəkət ediblər. Sərhəd pozucuları hadisə yerin­dən uzaqlaşmağa çalışarkən sərhədçilər tərəfindən təqib edilərək saxlanılıblar.

Saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1986-cı il təvəllüdlü Kıanı Behnam Əli oğlu və 1978-ci il təvəllüdlü Behzad Pırıvatlou Reza Mahmud oğlu olması müəyyənləşdirilib, onlardan götürülmüş bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 176 qram narkotik vasitə və psixotrop həblər (3 kq 182 qr “heroin”, 994 qr “metamfetamin”, 8789 ədəd “Metadon-40” həbi və 20 ədəd “Buprenorphine-2” həbi) aşkar edilib.

Hər üç fakt üzrə cinayət işi başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində “həbs” qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Azvision.az



Teqlər: DSX   Narkotik  





Xəbər lenti